12px13px15px17px
Tarix:18/10/12

«Sosial şəbəkənin milli maraqlar baxımından cəmiyyətə ötürdüyü informasiyaları qanuni formada nizamlamaq lazımdır»

"Bütün dünyada, eləcə də Azərbaycanda baş verən yeniliklər, dəyişikliklər və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı insanların fasiləsiz - hətta cib telefonları vasitəsilə, maneəsiz, rahat və operativ informasiya təminatı baxımından çox mütərəqqi və faydalıdır.

Ancaq informasiya almağın və onun yaradılmasına qoşulmanın müəyyən fəsadları da müşahidə olunmaqdadır ki, bu da nəzərdən qaçırıla bilməz". "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov söyləyib.

O bildirib ki, hazırkı dövrdə informasiya əldə etməkdə heç bir maneə və çətinlik yoxdur. Millət vəkilinin sözlərinə görə, internet meydana gəldikdən sonra bir vaxtlar daha operativ sayılan radio və televiziya vasitəsilə çatdırılan informasiyaların sürəti "azalmış" hesab olunur.

Bir müddət öncə öz işini başa vuran İkinci Bakı Beynəlxalq Humanitar Forumunda səslənən fikirlər və mülahizələr əsasında bəzi məqamlara toxunan B.Sadıqov deyib ki, elektron medianın informasiya yayımındakı iştirakında haçalanma, ikiləşmə yaranıb: "Birincisi, ənənəvi, qanuni əsaslarla informasiya toplanmasında və yayılmasında iştirak edən qurumlardır. Bunlara elektron qəzetləri, informasiya agentliklərini, dövlət qurumlarının mətbuat xidmətlərinin saytlarını və s. göstərmək olar. İkincisi, özfəaliyyət qaydasında, qeyri-rəsmi şəkildə informasiya yayıcılarıdır.

Məsələn, "Facebook", Twitter, YouTube". Yeri gəlmişkən onu da bildirim ki, bu gün KİV-lə medianın yeni forması sayılan sosial jurnalistika arasında qəribə münasibətlər mövcuddur. Belə ki, internetin meydana gəlməsi ilə bağlı müxtəlif meyillər sezilir. Çap mediasının tirajı aşağı düşür, operativlikdə qəzetlər elektron KİV-ə uduzur. KİV hələ ki, elektron medianın və sosial jurnalistikanın dəstəkçisi rolunda çıxış edir. Sosial şəbəkə və elektron qəzetlər peşəkarlıq baxımından ənənəvi mediadan xeyli geri qalır.

Bu yerdə onu da deyim ki, sosial medianın məsuliyyətsiz, bəzən isə məkrli və qərəzli "informasiya fəaliyyəti" ilə bağlı kifayət qədər fakt var. Bu isə müəyyən suallar doğurur ki, məsələn, sosial şəbəkənin özbaşına fəaliyyəti davam etməlidirmi? Dövlət və milli maraqlar baxımından onun cəmiyyətə ötürdüyü informasiyaları qanuni formada nizamlamaq vaxtı deyilmi? Başqa sözlə desəm, uşağın əlinə iti bıçaq verərək onu nəzarətsiz buraxmaq düzgündürmü?"

SEYMUR




Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024