12px13px15px17px
Tarix:18/10/12

QKDK elektron xidmətlərin sayını artırır

«Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən biridir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən də beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərilməsi nəzərdə tutulub».

Bu fikirləri “ICTnews” elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində QKDK-nın mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynov söyləyib. O bildirib ki, elektron xidmətlər sisteminin rahat istifadəsi üçün QKDK-nın rəsmi saytında xüsusi Elektron xidmətlər bölməsi yaradılıb, həm də komitə tərəfindən təqdim olunan xidmətlər mərkəzləşdirilmiş “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə inteqrasiya edilib. Xidmətlərin interaktiv şəkildə aparıldığını vurğulayan Ç.Hüseynov deyib ki, QKDK-ya göndərilən bütün elektron sənədlər hüquqi qüvvəsini saxlamaq üçün elektron imza ilə təsdiq olunur.

Onun sözlərinə görə, göndərilən sənədlərə QKDK-nın müvafiq şöbəsi tərəfindən baxılır. Müraciətin statusu ilə tanış olmaq üçün ərizəçiyə müraciət kodu verilir: «Onu da bildirim ki, sistem vasitəsilə dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulmuş 9 müxtəlif istiqamət üzrə (qiymətli kağızların qeydiyyatı, lisenziyalarının verilməsi, qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən müxtəlif hesabatların qəbul olunması, lotereyaların keçirilməsinin qeydiyyatı və s.) 52 xidmət növü fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda onlayn ödəniş sistemlərinin xidmətlərini təhlil etdikdən sonra diqqətimizi “AzeriCard”, “Golden Pay” və Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) cəlb edib. KÖMİS-ə qoşulma texniki cəhətdən payız üçün hazır olacaq.

Bu səbəbdən də qısa zamanda ödəniş imkanını təqdim etmək üçün “MilliCardprosessing” mərkəzi vasitəsilə işləyən “Golden Pay” şirkəti ilə müqavilə bağlanılıb. Hazırda göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların ödənilməsi real vaxt rejimində “Visa”, “VisaElectron”, “MasterCard” və “Maestro bank” kartları vasitəsilə keçirilə bilər».

Ç.Hüseynov bildirib ki, xidmətlərə uyğun olaraq ödəniş iki cür aparılır: «Birincisi, qiymətli kağızların qeydiyyatına aid xidmətlərdə ödəniş sənəd toplusu yükləyərək aparılır və hər xidmətə uyğun dövlət rüsumu avtomatik hesablanır. İkincisi isə xüsusi razılığın (lisenziyanın) alınması ilə bağlı ödəniş sənədləri QKDK tərəfindən yoxlanıldıqdan sonra aparılır.

Bu barədə QKDK-nın rəsmi saytında müvafiq bölmədə müraciət kodunu daxil edərək məlumat almaq mümkündür. Bu imkanlar qiymətli kağızlar bazarının iştirakçılarına daha mükəmməl xidmətlər göstərməyə şərait yaradır. Onlayn ödəniş əməliyyatları zamanı fərdi məlumatların, məsələn, kredit kartı nömrələrinin ötürülməsi tələb olunur. Bu cür məlumatların üçüncü tərəflərin əlinə keçməsinin və fırıldaqçılıq yolu ilə əməliyyat aparmaq məqsədilə istifadə edilməsinin qarşısını almaq üçün bütün məlumatlar şifrələnir».

Ç.Hüseynov onu da əlavə edib ki, QKDK tərəfindən göstərilən elektron xidmətlər üzrə 42 inzibati reqlament hazırlanaraq Ədliyyə Nazirliyi tərəfindən Hüquqi aktların Dövlət Reyestrinə daxil edilib: «Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 iyun tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi qaydaları”na uyğun olaraq QKDK tərəfindən hazırlanan normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi üçün məsul şəxs təyin olunub və bu barədə məlumat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib».

QKDK-nın saytında İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş hüquqi və fiziki şəxslərə inzibati tənbeh növü kimi tətbiq olunan cərimələrin elektron xidmət sistemi vasitəsi ilə ödənişinə imkan verən elektron xidmət növünün yaradıldığını vurğulayan Ç.Hüseynova deyib ki, “Elektron hökumət” portalında yerləşən QKDK-nın elektron xidmətlərin adları və onların təsviri ingilis və rus dillərinə tərcümə olunub yerləşdirilib: «Son kollegiya iclasında da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı tapşırıb ki, elektron xidmətlərin təşkili və inkişafı “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olmalıdır».


SEYMUR



Baxış sayı: 1229

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024