12px13px15px17px
Tarix:22/10/12

“BakuTel” sərgi-konfransında bu il 30 ölkədən 200 şirkət iştirak edəcək

Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük forum olan “BakuTel-2012” sərgisi cari ilin noyabr ayının 6-dan 9-dək Bakıda keçiriləcəkdir.

Bu il sərgidə Azərbaycan, Belarus, Böyük Britaniya, İsrail, İran, Çin, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Estoniya və ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edəcəkdir. Avstriya, Kanada, Xorvatiya və Fransadan gələcək şirkətlər isə sərgidə xüsusi milli pavilyonları ilə çıxış edəcəklər.
Layihənin rəhbəri Rəna Abutalıbova bildirib ki, “BakuTel-2012” sərgisində informasiya-kommunikasiya texnologiyaları üzrə bütün aktual format və istiqamətlər nümayiş etdiriləcək, ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyaları təqdim olunacaqdır.

“BakuTel-2012” sərgisində bu il təklif olunan yeniliklər arasında proqram təminatları, peyk rabitəsi və teleradio yayımları üçün texnologiyalar, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları vardır.

Sərgidə ənənəvi olaraq bütün yeni mobil operatorlar, eləcə də mobil telefon distribüterləri ən son yeniliklər və xüsusi təkliflərlə iştirak edəcəklər.

Sərginin əsas mövzularından biri də “Elektron hökumət” layihəsidir. Tədbirdə identifikasiya (eyniləşdirmə) sənədləri və informasiya sistemləri təqdim edən “Edaps” konsorsiumu “BakuTel-2012” sərgisinin platin sponsorudur.

RƏVAN




Baxış sayı: 1370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024