12px13px15px17px
Tarix:24/10/12

“Təmiz Şəhər” ASC-nin sədri: “Dördüncü nəsil – “4G” texnologiyalarının tətbiqi ilə qurulan bu zavod Şərqi Avropada ən böyük zavodlardan biridir”

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu artıq sınaq rejimində çalışır. Yandırma aparmadan sınaqların aparılmasını nəzərdə tutan “Soyuq sınaq” müddəti bitib, hazırda “İsti sınaq” prosesidir və yandrma test rejimində aparılır. Testlər bitdikdən sonra zavod tam fəaliyyətə başlayacaq. “İCTnews” elektron xəbər xidmətinə bu barədə  “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verib.

Onun sözlərinə görə, bu ilin dekabr ayına artıq zavodun açılışı planlaşdırılır: “Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda innovativ və müasir texnologiyalar, eləcə də ətraf mühitin mühafizəsi üçün çoxpilləli filtr sistemi istifadə olunacaq. Bu, nəinki MDB məkanında, Şərqi Avropada ən böyük zavodlardan biridir.

Dördüncü nəsil – “4G” texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərə tam cavab verəcək. Tullantıların zərərsizləşdirilməsi prosesi ətraf mühitə heç bir mənfi təsir göstərmədən aparılacaq. Bu zavodun çalışma standartları həm yerli qanunvericiliyə, həm də Avropa standartlarına cavab verəcək.

Burada məqsəd təkrar emala yararlı tullantıları maksimal olaraq kütlədən ayırmaq və onları təkrar emala yönəltməkdir. Burada iqtisadi üstünlük də var ki, proses nisbətən materialların ixracdan asılılığını azaldır, eyni zamanda yeni iş yerlərinin da yaranmasına imkan verir”. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavod hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir.

Tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaq. Yeni nəsil texnologiyalarla qurulan zavodda yanma məhsulu olan tüstü külü  xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirməyəcək: “Daha ağır və zərərsiz olan dib külü yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə oluna bilər.

Bundan əlavə, tullantının yandırılması zamanı soyutmaq üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldiləcək. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçiriləcək və nəzarətdə saxlanılacaq. Zavodun inşasına başlamazdan əvvəl, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hazırlanıb və müxtəlif ictimai müzakirələrə təqdim edilib”.    
   
Z.İbrahimov qeyd edib ki, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu bu gün Bakı və ətraf qəsəbələrdə əmələ gələn tullantıların qəbulu üçün yaradılır: “Dünya Bankı ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən birgə aparılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində “Tullantıların milli strategiyası” layihəsi həyata keçirilir və həmin strategiyaya uyğun olaraq, respublika üzrə tullantıların zərərsizləşdirilməsi, utilizasiyası üçün infrastruktur layihələrin reallaşdırılması müəyyən olunacaq”.
 
HƏQİQƏT




Baxış sayı: 1478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024