12px13px15px17px
Tarix:24/10/12

Elnur Aslanov: «Vətəndaşların maraqlarının keşiyində duran dövlət məmuru sosial şəbəkələrdən qorxmamalıdır».

“Elektron hökumət” mövcud proseslərin avtomatlaşdırılması, dövlət orqanları fəaliyyətinin elektron şəkildə təkrarlanması yox, yeni proseslərin, nəticə etibarilə ümumilikdə Azərbaycanda fəaliyyət səmərəliliyinin artırılmasına yönəldilmiş hakimiyyət və vətəndaşlar arasında yeni qarşılıqlı münasibətlərin yaradılmasıdır. Məsələn, hazırda Azərbaycanın dövlət idarələrinin mövcud 395 elektron xidmətindən 152-si “Elektron hökumət” portalına ötürülüb.

Proses davam edir və əlbəttə ki, yeni formatlarla zənginləşdiriləcək». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov söyləyib.

O bildirir ki, hazırda Azərbaycanda əhalinin 65%-i internetdən istifadə edir, təxminən 900 min nəfər “Facebook” sosial şəbəkəsinin istifadəçisidir - bu isə əhalinin təxminən 10%-i deməkdir, - 40 min nəfər isə “Twitter”dən istifadə edir. Onun sözlərinə görə, hər iki rəqəm ümumilikdə, ölkə əhalimizin yaşı 14-dən 29-dək olan üçdə bir hissəsini əhatə edir: «Bu rəqəmlər onu göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycan da vətəndaşların yeni nəslinin formalaşmasının şahidi olmaqdadır - bu vətəndaşların həyatı kompüterlə, mobil rabitə qurğuları və internetlə bağlıdır.

Beləliklə, internetə azad şəkildə giriş imkanının mövcud olduğu şəraitdə əhali ölkənin həyatına ona öz nöqteyi-nəzərini informasiya-rabitə texnologiyaları vasitəsilə, habelə, rəsmi saytlardan savayı, “Facebook”, “Twitter” və “YouTube” kimi başlıca sosial platformalar vasitəsilə ifadə edərək nüfuz etmək imkanı əldə edir».

E.Aslanov əlavə edib ki, Azərbaycan dövləti hazırkı istiqaməti nəzərə alaraq vətəndaşları dövlət məmurları ilə əlavə ünsiyyət kanallarının yaradılması üzrə işləri həmçinin internet, xüsusilə də sosial şəbəkələr vasitəsilə gücləndirməyi planlaşdırır. Hazırkı addımın ölkəmizin rəqabət qabiliyyətliliyinin yenilənmiş artım paradiqmasının yalnız bir hissəsi olduğunu deyən şöbə müdiri vurğulayıb ki, ümumi konsepsiya dövlət qulluqçularının peşəkarlığının, onların özünütəkmilləşdirməsinin, kreativliyinin, düşüncə operativliyinin, qərarların qəbulu zamanı obyektivlik və sərbəstliyin, həmçinin ətrafdakı insanlarla münasibətdə dürüstlük və alicənablığın artırılması üzərində qurulub: «Vətəndaşların maraqlarının keşiyində duran dövlət məmuru sosial şəbəkələrdən qorxmamalıdır. O, ünsiyyətə açıq olmalıdır, başa düşməlidir ki, dünya dəyişik və gələcək yeni ideya və texnologiyalarladır.

Əgər dünən ictimaiyyəti məlumatlandırmaq üçün mətbuat konfransları keçirilirdisə, bu gün sosial şəbəkələrdə və mikrobloqlarda yerləşdirilən informasiya kifayətdir ki, görülən iş və ya yeni təşəbbüsün tətbiqi barədə məlumat verəsən. Yeni informasiya məkanı reallıqlarının formalaşması prosesi baş verdi - bu gün vətəndaşlar ənənəvi çap və ya elektron KİV olmadan da ilkin mənbəyə çıxış vasitələrinə malikdirlər».

E.Aslanovun qənaətincə, bu inqilabın nəticəsi olaraq cəmiyyətin düşüncəsində Azərbaycanın dövlət informasiya sistemlərinin vətəndaşlarla ünsiyyətində sosial şəbəkələrdən istifadə zərurəti yetişib. «Biz informasiya texnologiyaları əsasında dövlət idarəçiliyinin dəyişdirilməsində internet və sosial şəbəkələrdən əsas istifadə üstünlüklərini gələcəkdə də üzə çıxartmaqda davam edəcəyik - təbii ki, dünyanın digər ölkələrində onların istifadə təcrübələrini öyrənmək yolu ilə, baxmayaraq ki, bu məsələdə yeniliklərin mümkünlüyünü də istisna etmirəm.

Eləcə də yeni nəslin nümayəndələri üçün nəzərdə tutulmuş yeni kommunikativ format ölkəmizin sosial-informasiya məkanının yeni inkişaf və təkmilləşdirilməsi üçün yeni şərait yaradır» - deyə şöbə müdiri nitqinə əlavə edib.

SEYMUR



Baxış sayı: 1263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024