12px13px15px17px
Tarix:06/11/12

Bakıda VII İnternet İdarəçiliyi Forumu işə başladı

Bu gün Bakıda BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə VII İnternet İdarəçiliyi Forumu (İİF) işə başladı.

"Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması" mövzusunda keçirilən builki forum noyabrın 9-dək davam edəcək. Forumun gündəliyində duran əsas məsələ "İnkişaf naminə internet idarəçiliyi (IG4D)" məsələsidir.

Forumda hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri mövcud internet təhlükəsizliyi, şəffaflıq, məxfilik, ifadə azadlığı, internetə çıxış və inkişaf məsələlərini müzakirə edəcək, inkişafa birbaşa aidiyyəti olan qlobal internet idarəçiliyi üzrə nümunələri nəzərdən keçirəcək, internet idarəçiliyi məsələsinin milli və beynəlxalq səviyyədə inkişaf yanaşmaları ilə uzlaşdırma yollarını araşdıracaqlar.

Foruma 1500-dən çox nümayəndə heyəti qatılıb. Eyni zamanda, tədbirdə BMT-nin İqtisadi və sosial işlər üzrə baş katibinin müavini Vu Honqbo, Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture, 100-dək ölkəni informasiya və kommunikasiya texnologiyaları üzrə təmsil edən hökumət rəsmiləri, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları, beynəlxalq təşkilatlar və KİV nümayəndələri və rəhbərlikləri iştirak edir.

Forumda virtual iştirak da mümkündür. Belə ki, Bakıya gəlmək imkanı olmayan, amma tədbirdə canlı iştirak etmək istəyən şəxslər və institutlar dördgünlük iclasa uzaq məsafədən qoşula bilərlər.

Əsas plenar iclaslarla eyni vaxtda müzakirələrdə və fikir mübadiləsində aktiv iştirak etmək üçün ictimaiyyətə açıq elan edilən 100-dən çox təlim, açıq forum və digər görüşlərin də keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, İİF bu il Azərbaycanda keçirilən ənənəvi "Bakutel-2012" sərgi və konfransı ilə eyni vaxta düşür.
 




Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024