12px13px15px17px
Tarix:23/11/12

“Elektron ədliyyə” sisteminin tətbiqi nəticəsində vətəndaş müraciətlərinin sayı 20 faizə qədər azalıb

Elektron ədliyyənin, habelə “Qaynar xətt”in telefon və elektron bölməsinin səmərəli tətbiqi, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi nəticəsində nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin sayı 20 faizədək azalıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov bildirib. Nazir qeyd edib ki, respublikamızda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur.

Nazirlik də bu işdə fəal iştirak edir. Belə ki, bu ilin 10 ayı ərzində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində bilavasitə nazirlik tərəfindən 629 normativ hüquqi aktın layihəsi hazırlanıb ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur: “İctimai həyatın müxtəlif sahələrini tənzimləyən 1700-dən çox akt hüquqi ekspertizadan keçirilmiş, Hüquqi Aktların Dövlət Reyestrinə 1500-dən çox normativ akt daxil edilmişdir. Həmçinin, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin “e-qanun.az” və müvafiq reyestrin “huquqiaktlar.gov.az” internet saytları daha da zənginləşdirilib, bu il reyestrin Naxçıvan Muxtar Respublikası üzrə elektron variantı – “huquqiaktlar.nakhchivan.az” saytı yaradılaraq fəaliyyətə başlayıb. Ölkənin qanunvericilik bazasının inkişafı nəzərə alınaraq ədliyyə işçiləri hüquqi maarifləndirmə məqsədi ilə mətbuat, televiziya və radioda 485 çıxış ediblər”.

Şəffaflıq gələcək inkişafın əsas amillərindən olduğu üçün ədliyyə fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirilərək nazirliyin 7 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, 4 hüquq jurnalı, “Ədliyyə” qəzeti, KİV-lə əlaqələrimizi əks etdirən illik toplular dərc olunur: “Əhaliyə, xüsusilə aztəminatlı təbəqələrə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə nazirliyin 7 regional hüquq xidməti mərkəzi fəaliyyət göstərir.

Eyni zamanda, vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərlə bağlı mütəmadi müraciət etdikləri notariat orqanlarında elektron köşklərin tətbiqi müsbət nəticələrini verib, inzibati işçilərlə təmas minimuma endirilib. Məhz elektron köşklərdən səmərəli istifadə vətəndaşlara əlverişli imkan yaradıb ki, həmin qurğular vasitəsilə ədliyyə fəaliyyəti barədə zəruri məlumatları əldə edə, rüsumları kartla və ya nağd ödəyə bilsinlər”.

Nazirin sözlərinə görə, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin formalaşdırılması və inkişafı” layihəsi çərçivəsində ölkə əhalisi barədə vahid və unikal informasiya resursunun yaradılması məqsədilə “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi yaradılıb və 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydi bir neçə il çəkən nəhəng iş sayəsində skayner vasitəsilə oxunaraq nəfis şəkildə yenidən cildlənmiş və elektron formata keçirilib: “Cari ildə bu iş tamamlanmış və “Əhalinin Dövlət Reyestri” tam formalaşdırılıb. Sahibkarlığın inkişafına kömək məqsədi ilə ölkə prezidentinin tapşırıqlarına əsasən ötən ilin mayından fəaliyyətə başlamış sahibkarıq subyektlərində keçirilən yoxlamaların vahid məlumat reyestrinə 28 yoxlayıcı orqandan 133 mindən artıq müraciət daxil olmuş, onların əsasında 106 min (80%-i) yoxlama reyestrinə salınıb, qalanlardan isə məlumatların natamamlığı səbəbindən imtina edilib. Həmçinin, yoxlamalar haqqında məlumatları daha çevik əldə etmək üçün xüsusi elektron telefon xidməti yaradılıb”.
 
 
 
HƏQİQƏT





Baxış sayı: 1421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024