12px13px15px17px
Tarix:23/11/12

Pensiyaların məbləği internet vasitəsilə öyrəniləcək

Azərbaycan vətəndaşları alacaqları pensiyaların miqdarını internetlə öyrənə biləcəklər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ölkə vətəndaşları DSMF-nin rəsmi internet səhifəsinə daxil olmaqla təqaüdə çıxdıqdan sonra alacaqları pensiyanın məbləğini öyrənəcəklər. Hazırda fondun fərdi uçot sistemində işləyənlərin 2006-cı ildən sonrakı dövrə aid məlumatların əks olunduğunu söyləyən S.Müslümov deyib ki, buna baxmayaraq pensiyanın təyin olunmasına işçinin 2006-cı ildən əvvəlki dövrdəki stajı da nəzərə alınır: «Bu gün pensiya təyin olunanda 2006-cı ildən sonrakı dövr üçün hər bir şəxsin öz fərdi hesabında topladığı məbləğ bizdə var.

Pensiyanın baza hissəsinin məbləği də dövlət başçısının sərəncamı ilə bu gün 85 manat təyin edilib. Sadəcə, bura 2006-cı ilə qədər olan dövrdəki stajı əlavə etmək lazımdır. Çünki həmin dövrün hər bir il stajına görə pensiya kapitalına 170 manat əlavə olunur. Bu məlumatlar toplanandan sonra həmin şəxsdən heç bir sənəd tələb etmədən onun pensiyası avtomatlaşdırılmış şəkildə müəyyən edilə biləcək».
 
DSMF bu boşluğu aradan qaldırmaq üçün işləyənlərin 2006-cı ildən əvvəlki stajına aid məlumatları toplayıb sistemə daxil edir. İndiyədək bu məlumatların 80%-i toplanıb: “Amma Azərbaycanda çoxsaylı şəxslər var ki, bu gün bizdə qeydiyyatda olmasalar da, onların 2006-cı ilədək olan dövr üçün stajı 12 ildən (əmək pensiyalarının hesablanması üçün minimal staj müddəti) artıqdır. Onların da 2006-cı ilədək olan dövr üçün məlumatlarını toplamalıyıq”.
 
S.Müslümovun sözlərinə görə, bu məlumatlar işəgötürən şirkətlərdən və fiziki şəxslərdən yığılır. Gələn ilin əvvəllərində isə fond əhaliyə müraciət edərək 2006-cı ilədək olan stajı barədə məlumat verməsini xahiş edəcək. Proses başa çatandan sonra istənilən ölkə vətəndaşı fondun internet səhifəsinə daxil olub, özünə aid məlumatları daxil etməklə gələcəkdə ona təyin olunacaq pensiyanın məbləğini öyrənə biləcək.

SEYMUR




Baxış sayı: 6544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024