12px13px15px17px
Tarix:06/12/12

Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri peşə bayramlarını qeyd etdi

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə artıq altı ildir ki, hər il 6 dekabr tarixi "Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü" kimi qeyd olunur.

6 dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb. Beləliklə, Azərbaycan rabitəsi 131 illik tarixi inkişaf yolu keçmişdir.

Bu münasibətlə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür. Rabitəçilər Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

Daha sonra rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı, Azərbaycanda telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə nazirliyin birlik və müəssisələrində tədbirlər keçirilmişdir.

Eyni zamanda, RİTN tərəfindən "Rabitə ustası" və "Fəxri fərman"a layiq görülən rabitəçilər də təltif edilmişdir. Qeyd edək ki, əlamətdar günlər münasibətilə ən peşəkar "kross işçisi", "montyor" "kabel calayıcısı", "optik kabel calayıcısı", "poçtalyon" və "poçt əməliyyatçısı" nominasiyaları üzrə keçirilən müsabiqə iştirakçılarının nəzəri və praktiki bilikləri münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilmişdir.

Nazirlik tərəfindən elan edilən "İKT üzrə ən yaxşı elmi məqalə", "İKT üzrə ən yaxşı kitab", "Ən yaxşı elektron dövlət xidməti" müsabiqəsinin, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Birlik və müəssisələri arasında ən yaxşı internet resursu" nominasiyası üzrə qaliblər müəyyən olunaraq mükafatlandırılmışdır.

Bayram ərəfəsində bir sıra yeni rabitə obyektləri tikilib istifadəyə verilmişdir. Əlamətdar hadisələrdən biri də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "www.mincom.gov.az" ünvanında yerləşən rəsmi internet-resursunun tam yenilənmiş versiyasının hazırlanaraq istifadəyə verilməsidir.

Saytın işlənməsində məqsəd ilk növbədə istifadə rahatlığı, naviqasiya sadəliyi, eləcə də müasir dizayn tendensiyaları, fərqli və nəzəri cəlb edəcək məhsul hazırlamaq arzusu olub. Hazırlıq prosesində dövlət strukturlarının saytlarına olan qanunvericilik tələbləri nəzərə alınıb və daha çox auditoriyanı cəlb etmək məqsədilə resurs üç dil - Azərbaycan, ingilis və rus versiyalarını təqdim edir.

Saytın dizayn konsepsiyası üçün əsas kimi müasir cəmiyyətdə geniş təşəkkül tapmış mobil qurğular interfeysi götürülmüşdür. Bundan başqa, smartfon və planşet kompüterlərdə geniş tətbiq olunan böyük düymələr, horizontal vərəqləmə və animasiya istifadə rahatlığını artırır.



Baxış sayı: 1225

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024