12px13px15px17px
Tarix:07/12/12

Ölkəmizin kadastr sistemi ən müasir texnologiyalar əsasında qurulur

Əmlak Məsələləri Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında kadastr layihəsinin başa çatdırılmasına və Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi üzrə təlim (ATİT), Özəl İctimai Tərəfdaşlıq (PPP) layihələrinin ictimai təqdimatı keçirilib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da iqtisadi fəallığın yüksəlməsi və investisiya qoyuluşlarının artmasına təkan verib.

Əmlak münasibətlərinin inkişafına uyğun olaraq, daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmləri yaradılmaqdadır. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin daha da müasirləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirir. Belə ki, müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır.

Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mühəndisləri institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.

Bildirilib ki, bu məsələlərin uğurlu həlli ölkədə əmlak münasibətlərinin daha da sivil inkişafına, daşınmaz əmlakın qeydiyyatı sisteminin müasirləşdirilməsinə və ən nəhayət, vətəndaşlar üçün yüksəkkeyfiyyətli və şəffaf xidmətlərin təşkilinə zəmin yaradacaqdır.

Qeyd edilib ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı xüsusi əhəmiyyət kəsb edir.

Fərmanın icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq işlər həyata keçirilir. Respublikanın inzibati əraziləri üzrə daşınmaz əmlakların rəqəmsal kadastr xəritələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.

Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında kadastr layihəsinin başa çatdırılmasına və "Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi üzrə təlim (ATİT), Özəl İctimai Tərəfdaşlıq (PPP) layihələrinin İctimai Təqdimatı görülən işlərin bariz nümunəsidir. Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi müvəffəqiyyətlə başa çatıb.

Başa çatmış bu layihənin nəticələrindən Sumqayıt şəhər icra hakimiyyəti, bələdiyyələr, vətəndaşlar müxtəlif məqsədlər üçün istifadə edəcəklər. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli mənbədir.

Sumqayıt şəhərinin elektron kadastr məlumat bazasında mülkiyyət növündən, bütün növ daşınmaz əmlak obyektlərini kadastr uçotuna almaqla şəhərin və bələdiyyələrin büdcələrinin formalaşdırılmasında xüsusi yükləri olan torpaq və əmlaka dair vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək, əmlak bazarını intensivləşdirəcəkdir. Sistem şəhərin əmlak idarəçiliyində də əvəzsiz rol oynayacaqdır.

Belə ki, əmlak planlaşdırılması və əmlak idarəçiliyi üçün zəruri olan informasiyanın əsasını daşınmaz əmlakın kadastr məlumatları təşkil edir. İnfrastruktur layihələrinin həyata keçirilməsi və ya digər səbəblər üzündən daşınmaz əmlak obyektlərinin yenidən qurulması, təşkili, formalaşdırılması zamanı idarələrarası (sahələrarası) qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi kadastr məlumat bazası əsasında təmin ediləcəkdir. Daşınmaz əmlak obyektləri üzərində dövlət, bələdiyyə nəzarətlərinin həyata keçirilməsi, daşınmaz əmlakın vəziyyəti və istifadəsi ilə bağlı monitorinqlərin aparılması, şəhərin, bələdiyyələrin ərazilərinin planlaşdırılmasına, funksional zonalaşdırılmasına, yaşayış məntəqələrinin inkişaf planlarına dair tədbirlər də daşınmaz əmlakın kadastrının dayanıqlı və davamlı məlumat bazasına istinadən həyata keçiriləcəkdir. Bu elektron kadastr bazasından əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sistemi bəhrələnəcəkdir.

Texniki məlumatların elektron şəkildə mövcudluğu mülkiyyət üzərində hüquqların qeydiyyatı sisteminin sadələşdirilməsinə şərait yaradacaq, daha çox sayda hüquqların dövlət tərəfindən tanınmasına və qorunmasına zəmanət verəcəkdir. Azərbaycan Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasındakı "Maliyyə Əməkdaşlığı haqqında" Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniya Federativ Respublikasının "KFW" Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq Gəncə şəhərində və Şəki rayonunda "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb.

Həmçinin "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin icrasına da artıq başlanılıb. Ümumiyyətlə, yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə mükəmməl kadastrın, respublikamızın digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə sadə kadastrın yaradılmasına nail olmaq niyyətindəyik. Sonrakı illərdə mükəmməl kadastrın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcəkdir.

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin müasir standartlara uyğun qurulması məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Görülən işlərin nəticəsidir ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business-2013" hesabatına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində ən yaxşı vəziyyətin olduğu on ölkə arasındadır. "Doing Business-2013" hesabatına görə, bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 183 ölkə arasında 9-cu yerdədir.

Azərbaycan Respublikası Prezidenti "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanın icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət istiqamətlərində elektron xidmətlərin tətbiqinə başlayıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin may ayından etibarən vətəndaşlarımız, əmlak sahibləri daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət edirlər. Bu xidmətlər komitənin internet resursunda yaradılmış elektron xidmətlər bölməsi vasitəsi ilə həyata keçirilir. Hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Gələcəkdə daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir neçə istiqamətdə elektron xidmətlərin tətbiqi nəzərdə tutulur. Yerli qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer almışdır.

Belə ki, artıq Şəki Ərazi Qeydiyyat İdarəsinin yeni müasir inzibati binası istifadəyə verilmişdir. Yaxın günlərdə Gəncə Ərazi Qeydiyyat İdarəsinin yeni binası istifadəyə veriləcəkdir. Beyləqan və Bərdə ərazi qeydiyyat idarələrinin yeni binalarının tikintisi davam edir. Bütün bunlarla yanaşı, qeyd edilmişdir ki, ünvan reyestrinin tərtibi və aparılması da əmlak idarəetməsində çox böyük praktiki əhəmiyyət kəsb edən bir məsələdir.

Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi ünvan reyestrinin tərtibi və aparılması sahəsində qabaqcıl dünya ölkələrinin təcrübələrinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də işlər görür. Ünvan reyestrinin yaradılması işinin vacibliyini nəzərə alaraq, Norveç Krallığının müvafiq təşkilatı ilə "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" qrant layihəsinin icrası Azərbaycan hökuməti tərəfindən məqsədəuyğun hesab edilib. Layihənin ümumi məqsədi ünvan məlumatlarının daxil edilməsi, saxlanılması və istifadəçilərə yayılması üçün istifadə ediləcək Ünvan Reyestri İnformasiya Sisteminin yaradılmasıdır.

Ünvan reyestrinin tərtibi və aparılması, eləcə də ünvan lövhələrinin yerləşdirilməsi nəticəsində ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaranacaq. Həmçinin, daşınmaz əmlaka yeni ünvan verilən zaman daşınmaz əmlakın ünvanının dəqiq təyin olunmasına şərait yaranacaq, poçt xidmətlərində, eləcə də əhali tərəfindən lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq, müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda təcili tibbi yardım, fövqəladə hallar və s. xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcəkdir.

İnkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübələri əsasında həyata keçirilən bu kimi layihələrin nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, məlumatların dəqiqliyinin təmin edilməsi, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaqdır.

Elektron kadastr məlumat bazası icra və qanunvericilik orqanlarının strukturlarını, məhkəmələri, bankları, fiziki və hüquqi şəxsləri, bələdiyyələri qanunvericilikdə müəyyən edilmiş qaydalarda dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz edəcəkdir. Bu baza ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaqdır.

Tədbirin sonunda Əmlak Məsələləri Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt bələdiyyəsi arasında daşınmaz əmlaklar haqqında kadastr məlumatlarının qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

SEYMUR



Baxış sayı: 1105

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024