12px13px15px17px
Tarix:17/12/12

Rabitə və informasiya texnologiyaları sahəsi ilə bağlı yeni QHT yaradılıb

Ölkədə yeni qeyri-hökumət təşkilatı (QHT) - Rabitə və İnformasiya Texnologiya Mütəxəssisləri İctimai Birliyi yaradılıb. Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilən ictimai birliyin sədri Sirus Abbasbəyli bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında, respublikamızda gedən genişmiqyaslı inkişaf proseslərində, cəmiyyətimizi düşündürən ən vacib məsələlərin həllində qeyri-hökumət təşkilatlarının mühüm rolu var.

QHT-lərin əhalinin maarifləndirilməsində, qabaqcıl ideyaların, təcrübələrin yayılmasında əhəmiyyətli iş gördüyünü vurğulayan S.Abbasbəyli söyləyib ki, vətəndaş cəmiyyətinin nümayəndələri dövlət miqyaslı layihələrin gerçəkləşdirilməsini dəstəkləyir və beləliklə də cəmiyyətin tərəqqisinə töhfə verirlər: «Təbii ki, belə qurumların yaradılması demokratik dövlət quruculuğunun, demokratik cəmiyyətin özündən, dövrün, zamanın tələbindən irəli gəlir.

Ölkənin rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən QHT-lərin sayı olduqca azdır. Ona görə də belə bir qurumun yaradılması haqqındakı fikrimizi bu ilin may ayında hörmətli nazir cənab Əli Abbasova bildirdik və o da bu ideyamızı bəyənib dəstəklədi, öz xeyir-duasını, məsləhətlərini, tövsiyələrini verdi». RİTM İB-nin ölkənin rabitə və informasiya texnologiyalarının inkişafı üçün həyata keçirilən layihələrə dəstək verəcəyini, maarifləndirmə işləri aparacağını, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və təbliğini həyata keçirəcəyini söyləyən S.Abbasbəyli bu istiqamətlər üzrə mütəmadi olaraq tədbirlər hazırlanıb gerçəkləşdiriləcəyini deyib.

Sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bildirib ki, Azərbaycanda gedən inkişaf proseslərində dövlət orqanları ilə yanaşı, biznes sektoru, qeyri-hökumət təşkilatları geniş iştirak edirlər: «Biz də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olaraq hər zaman bu üçtərəfli əməkdaşlığa açığıq və dəstək veririk.

Çünki həm biznes sektorunun, həm vətəndaş cəmiyyətinin dövlət orqanları ilə birlikdə apardığı işlər rabitə və informasiya texnologiyalarının və ümumiyyətlə, cəmiyyətin inkişafına müsbət təsir edən əsas amillərdən biridir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən çoxlu sayda layihələr həyata keçirilir, bu sahə üzrə ölkədə geniş quruculuq işləri görülür, “Elektron hökumət” sistemi geniş tətbiq olunur. Bu istiqamətlərdə də biz hər zaman qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq edirik və bundan sonra da bu əməkdaşlığı davam etdirəcəyik.

RİTN hətta xaricdə keçirilən beynəlxalq tədbirlərə həm biznes sektorunun, həm də vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakını təmin edir, onlarla birgə fəaliyyət göstərir. Biz inanırıq ki, bu gün yeni yaranan ictimai birlik də ölkədə həyata keçirilən layihələrə dəstək və eləcə də bu sahəyə öz töhfəsini verəcəkdir».

SEYMUR



Baxış sayı: 1326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024