12px13px15px17px
Tarix:18/12/12

Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları hazırlanıb

Respublika prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanına əsasən, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində görülən işlərin davamı olaraq, əhaliyə elektron xidmətlərin göstərilməsi məqsədilə elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları və bunların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən (VN) məlumat verilib. Nazirlikdən bildirilib ki, elektron qaimə-fakturanın tətbiqinin əsas üstünlüyü onun VN-in rəsmi internet saytının İnternet Vergi İdarəsində yaradılmış elektron qaimə-faktura sistemində hazırlanmasından ibarətdir. Belə ki, layihəyə əsasən elektron qaimə-fakturalara seriya və nömrələrin Azərbaycan Respublikası Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə avtomatik verilməsi eyni seriya və nömrənin təkrarlanmasının qarşısını alır və ümumiyyətlə, elektron qaimə-fakturaların uçotunun aparılmasını asanlaşdırır.

Elektron qaimə-fakturanın tətbiqinin digər bir üstünlüyü isə qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar olaraq mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasından ibarətdir. Beləliklə, qeyd olunan layihənin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən, əlavə vaxt itkisinə yol vermədən, birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək olar.

Vergilər Nazirliyi tərəfindən nazirliyin rəsmi internet səhifəsində (http://www.taxes.gov.az) və "Facebook" sosial şəbəkədəki səhifəsində (https://www.facebook.com/vergiler) "Elektron qaimə-fakturanın tətbiqinə başlanmasına razısınızmı?" adlı müvafiq sorğu yerləşdirilib. Qeyd edilən sorğuda iştirak edərək, "razıyam", "razıyam, amma məktubumda qeyd etdiyim təklif nəzərə alınmaqla", "razı deyiləm" suallarını cavablandırmaq mümkündür.

HƏQİQƏT



Baxış sayı: 3646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024