12px13px15px17px
Tarix:20/12/12

“Xalq kompüteri” layihəsinin növbəti mərhələsinə start verildi

Bakıda "Xalq kompüteri" layihəsinə həsr edilən mətbuat konfransı keçirildi. Layihə Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, "HP", "Microsoft" şirkətləri ilə birgə həyata keçirilir. Layihənin operatoru "BestCompGroup" şirkətidir. Mətbuat konfransında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, Təhsil Nazirliyinin Təhsilin İdarə Edilməsi Məlumat Sistemi (TİMS) şöbəsinin müdiri İsmayıl Sadıqov, "Microsoft Azərbaycan" şirkətinin rəhbəri Rüfət Hacıəlibəyov, "HP Azərbaycan" şirkətinin fərdi və çap sistemlər qrupunun ölkə üzrə rəhbəri Rasim Baxış və "Bestcomp Group" şirkətinin baş meneceri Rauf Həsənov iştirak etdi.

RTİN-in İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin müdiri İ.Əliyev çıxış edərək layihənin əsas məqsədinin əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq, regionlarda İKT-nin geniş tətbiqi və hökumətin informasiya cəmiyyətinin inkişafı və "E-Hökumət" layihəsinin inkişafına yönələn fəaliyyətin dəstəklənməsindən ibarət olduğunu bildirdi.

Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıxov bu layihənin həyata keçirilməsi ilə orta məktəb müəllimlərinin, şagirdlərinin, ali məktəb tələbələrinin və təhsil sektoru işçilərinin güzəştli şərtlərlə kompüter almaq imkanı əldə etməsini layihənin həyata keçirilməsinin ən böyük uğuru kimi qeyd etdi.

Şöbə müdiri layihədə təqdim edilən kompüter və noutbukların lisenziyalı proqram təminatına malik olması və üstəlik, bazar qiymətlərindən 25-40 faizə qədər aşağı olması ilə yanaşı, 12 ay müddətində faizsiz kreditlə təqdim edilməsini təhsil işçiləri tərəfindən müəllimlərə verilən növbəti bir qiymət kimi dəyərləndirildiyini qeyd etdi.

"Bestcomp Group" şirkətinin baş meneceri Rauf Həsənov "Xalq kompüteri" layihəsi barədə geniş təqdimatla çıxış etdi. O, layihənin həyata keçirildiyi müddətdə 20 mindən artıq kompüterin satıldığını qeyd etdi. R.Həsənov daha sonra bildirdi ki, ümumilikdə indiyədək layihəyə 13 milyon manat vəsait qoyulub ki, bunun da 3 milyon manatı 2012-ci ilin payına düşür. Kompüterlərin 16 faizi Bakıda, 13,3 faizi Naxçıvanda, qalanları isə ölkənin digər bölgələrində alınıb. Alınan kömpüterlərin 90 faizdən çoxu portativ texnikanın payına düşür.

"Microsoft Azərbaycan" şirkətinin rəhbəri Rüfət Hacıəlibəyov vətəndaşlara təqdim edilən proqram təminatlarının lisenziyalı olduğu üçün daha böyük maraqla qarşılandığını qeyd etdi. R.Hacıəlibəyov beynəlxalq şirkətin nümayəndəliyi kimi onların bu layihədə heç bir kommersiya məqsədi olmadığını xüsusi qeyd edərək bu və ya bu kimi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklərini bildirdi. İstifadəçilər öz istəyi ilə əlavə olaraq "DrWEB" antivirus proqram təminatı, ADSL modemləri və "Azercell" mobil rabitə operatorunun DATA kartını əldə edə bilərlər. Həmçinin toplantıda layihə çərçivəsində 19999, 20000 və 20001-ci fərdi kompüter alıcılarından 20 mininciyə aldığı kompüter hədiyyə olunmaqla digər iki alıcıya müxtəlif hədiyyələr təqdim edildi. Bununla da "Xalq kompüteri" növbəti mərhələyə qədəm qoydu.

Qeyd edək ki, "Xalq kompüteri" layihəsi ilə alınan kompüterlərin regionlarda ünvanlarına çatdırılması və vəsaitlərin toplanıb "BestcompGroup" şirkətinə köçürülməsi "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.

RƏVAN



Baxış sayı: 996

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024