12px13px15px17px
Tarix:22/12/12

BDU-nun Tədris Elektron Mərkəzinin müdiri: “Gələcəkdə tələbənin təhsil aldığı müddətdə qazandığı bütün nəticələri valideynlər internet vasitəsilə izləyəcəklər”

Bu gün dünyanın qabaqcıl ölkələrində təhsilin müxtəlif pillələri üzrə tətbiq edilən texnologiyaların istifadəsi bu addımım ümumilikdə təhsil sisteminin şəffaflığına yönəldiyini təsdiqləyir. Dünya təhsil sisteminə inteqrasiya yolunu tutan ölkəmiz də "Boloniya Bəyannaməsi"ni imzaladıqdan sonra təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmaq üçün sistemli iş aparır.

Bu sahədə aparılan işlərdən biri kimi, 2006-cı ildə "Boloniya prosesi"nə qoşulan Bakı Dövlət Universitetində (BDU) bakalavriat (əyani, qiyabi) və magistratura pillələrində "Boloniya prosesi"nin prinsiplərinin həyata keçirilməsinə, kredit sisteminin və gələcəkdə distant təhsilin tətbiqinə, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsinə daha ciddi nəzarət məqsədilə 2010-cu ilin dekabr ayında BDU-nun Böyük Elmi Şurasının qərarı və rektorun müvafiq əmrinə əsasən Tədris Elektron Mərkəzi (TEM) yaradılıb.

17 nəfərdən ibarət işçi qrupunun çalışdığı TEM-in fəaliyyəti ilə bağlı "Rabitə dünyası"nın suallarını mərkəzin müdiri, kimya elmləri doktoru, professor Məlahət Qurbanova cavablandırıb.

Şəbəkənin genişləndirilməsi üçün layihə hazırlanıb -Tədris Elektron Mərkəzinin fəaliyyətinin əsas istiqaməti nədir?

- TEM-in yaradılmasında başlıca məqsəd tədrisin keyfiyyətinin yüksəldilərək beynəlxalq tələblərə cavab verən müstəviyə çıxarılmasıdır. Tədris Elektron Mərkəzinin fəaliyyətinin bir sahəsini kameralar vasitəsi ilə tədris prosesinə nəzarət təşkil edir. Bu məqsədlə "BEST Telecom" MMC şirkəti ilə müqavilə bağlanıb, hər bir fakültə daxil olmaqla 96 auditoriyada idarəetmə kameraları quraşdırılıb, istifadəyə verilib.

Alınan vizual informasiyalar həm Tədris Elektron Mərkəzində, həm də fakültə dekanlığında paralel olaraq baxılır və yaddaş qurğularına yazılır. Hazırda şəbəkənin genişləndirilərək 256-ya çatdırılması üçün akademik Abel Məhərrəmovun təşəbbüsü ilə layihə hazırlanıb və yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.   

Kameralar gecikmə, boş keçən, əvəz olunan, vaxtından əvvəl qurtaran dərsləri qeydə alır

-Tədris Elektron Mərkəzində hansı nəzarət qrupları fəaliyyətdədir?

- Mərkəzdə tədris prosesinə, dərs yükünün bölgüsü və yerinə yetirilməsinə nəzarət, imtahan sessiyasının keçirilməsinin təşkili və ona nəzarət, testlərin sistemləşdirilməsi və ekspertizası, tyutorların işinin əlaqələndirilməsi və ona nəzarət, proqram təminatı və texnoloji xidmət, statistik məlumatlar adlı qruplar fəaliyyət göstərir. Tədris Elektron Mərkəzinin strukturuna daxil olan qruplardan biri tədris prosesinə nəzarət qrupudur.

Bu qrup tərəfindən dərslərə 2 növbədə nəzarət olunur, gecikmələr, boş keçən, əvəz olunan, vaxtından əvvəl qurtaran dərslər qeydə alınır. Nəticədə fakültəyə göndərilən bildirişlər əsasında komissiya tərəfindən yekun aylıq iclas keçirilir və Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən rektorun əmrilə müvafiq intizam tənbehləri verilir. Qrup bundan başqa, dərslərin keyfiyyətinə də nəzarət edir. Keyfiyyətsiz dərslərin videomaterialları müzakirə üçün fakültə metodiki şurasına təqdim edilir.

Müzakirənin nəticəsinə əsasən müvafiq tədbirlər görülür və Tədris Elektron Mərkəzinə məlumat verilir. Dərs yükünün bölgüsü və yerinə yetirilməsinə nəzarət qrupunun fəaliyyətinə gəlincə, dərs yükünün bölgüsü Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 saylı qərarına, "Boloniya prosesi"nə keçidlə əlaqədar Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müvafiq əmr, təlimat və normativlərə, BDU Elmi Şurasının qərarlarına, magistratura və doktorantura üzrə müəyyən edilmiş minimum normalara əsasən aparılır. TEM yaradıldıqdan sonra imtahanlarda köçürmə halları aradan qaldırılıb İmtahan sessiyasının keçirilməsinin təşkili və ona nəzarət qrupunun vəzifələrinə isə Yekun Dövlət İmtahanının (YDİ), əyani və qiyabi şöbə üzrə semestr imtahanlarının təşkili, keçirilməsi, yazı işlərinin obyektiv yoxlanılmasının təmin edilməsi daxildir.

Əyani şöbədə semestr imtahanları yazılı monitorinq formasında, qiyabi şöbədə isə test üsulu ilə aparılır. İmtahanlar kompüter otaqlarında 2 növbədə həyata keçirilir. Eyni vaxtda 400 tələbənin sistemdə test üsulu ilə imtahan verməsi üçün şərait yaradılıb. İmtahanın nəticələri bir saat müddətində açıqlanır. Qeyd etmək lazımdır ki, TEM yaradıldıqdan sonra imtahanlarda köçürmə halları aradan qaldırılıb.

Tədris Elektron Mərkəzində fəaliyyət göstərən daha bir qrup testlərin sistemləşdirilməsi və ekspertizası qrupudur. Qeyd etdiyimiz kimi, qiyabi şöbədə təhsil alan tələbələrin imtahanları test üsulu ilə aparılır və fənlər üzrə testlər fənni tədris edən müəllimlər tərəfindən tərtib olunur, kafedra müdiri və fakültə metodik şurası tərəfindən təsdiqlənmiş formada TEM-ə təhvil verilir.

Testlərə müsbət rəy alındıqdan sonra isə fakültə tyutorları tərəfindən sistemləşdirilərək CLİX sisteminə vurulur. Hazırda CLİX sistemində 1500 fənn üzrə 495000-dən çox test var. Gələcəkdə qarşıya qoyulan məqsəd testlərin sayını artırmaqla hər bir fənn üzrə test bankı yaratmaqdır. Tyutorların işinin əlaqələndirilməsi və ona nəzarət qrupu isə tələbələrin fərdi tədris planlarının fakültə tyutorları tərəfindən düzgün həyata keçirilməsinə, fakültələrarası və universitetlərarası kreditlərin götürülməsinə, kredit borcu qalan tələbələrin aşağıdan kredit götürmələrinə, yay semestrinin təşkilinə, fənlər üzrə mühazirələrin elektron variantının CLİX-sə yüklənməsinə, tyutorların fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsi və kateqoriyalara bölünməsinə nəzarət edir.

Qeyd edək ki, Bakı Dövlət Universitetində 2008-ci ildən başlayaraq Avropa Birliyinin "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində "Boloniya prosesi"nin prinsiplərinin və "Virtual Universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları başlanıb və nəticədə BDU və digər ali təhsil ocaqları üçün 146 tyutor (akademik məsləhətçi) hazırlanıb. Hazırda BDU-da 100-ə yaxın tyutor çalışır.  

BDU-da virtual "Class room"lar yaradılacaq

- "Boloniya sistemi" ilə təhsil alan tələbələrin vahid elektron bazasını yaratmaq məqsədi ilə BDU-da hazırlanan proqram təminatı nəyi əks etdirir?

- Bu proqram vasitəsi ilə təhsil alan bütün tələbələrin siyahısı və onlar haqqında zəruri məlumatlar - qəbul əmrinin nömrəsi və tarixi, təhsil ili, qrup, şöbə, qəbul balı və s., eyni zamanda təvəllüdü, doğulduğu yer, ünvanı, telefonu, elektron ünvanı, şəxsiyyət vəsiqəsi, attestat balı, şəkli və s. tyutorlar tərəfindən bazaya daxil edilib.

Tələbələrin universitetdə təhsil aldıqları müddətdə onlara aid olan bütün hərəkət sistemi və əmrlərinin mütəmadi olaraq bazaya işlənməsi mexanizmi yaradılıb ki, bunun da nəticəsində tələbə kontingenti haqqında bütün məlumatların operativliyi təmin ediləcək. Hər bir fakültədə ixtisaslar üzrə tədris planları tədris ilinə, semestrə uyğun olaraq bazaya daxil edilir. Bunun nəticəsində tədris ili üzrə bütün tədris planlarını istənilən vaxt çap etmək və kredit borcu olan tələbələri alt qruplarda (akademik borcu olan tələbələr nəzərdə tutulur) yerləşdirmək üçün istifadə etmək mümkün olur. Mövcud tədris planlarının əsasında imtahan vərəqləri hazırlanır, sessiyanın nəticəsi olan imtahan vərəqləri bazaya daxil edilir və ümumiləşdirilir, eyni zamanda kredit borclarını ödəmək üçün təkrar imtahan vərəqlərinin tərtib edilməsi, onların bazaya daxil edilməsi də həyata keçirilir.

Sistem özü nəticələri qiymətləndirir və ümumiləşdirir. Hazırda əyani şöbədə təhsil alan bütün tələbələrin imtahan nəticələri bazaya daxil edilib.

- BDU-da elektron jurnallardan istifadə edilirmi?

- Jurnalların elektron variantının hazırlanması, davamiyyət və qiymətlərin mütəmadi izlənməsi üçün veb səhifəsinin hazırlanması proqramın yeni funksiyalarındandır. Elektron jurnalın yaradılması nəticəsində proqram vasitəsi ilə jurnaldan qiymətlər, qayıblar ümumiləşdirilir, bal vərəqləri formalaşdırılır və tələbənin imtahanaqədərki balı avtomatik hesablanaraq siyahı şəklində çap olunur.

Bundan başqa, tələbə bu hesablanmış bal vərəqini öz imzası ilə təsdiq edir və imtahan vərəqləri həmin bal göstərilməklə çap edilir. Yeri gəlmişkən, TEM-də fəaliyyət göstərən daha bir qrup statistik məlumatlar qrupudur. Qrupun fəaliyyəti baza əsasında bütün statistik məlumatların əldə edilməsindən ibarətdir. Qrup fakültənin kontingenti haqqında, tələbənin fərdi tədris planları, topladığı kreditlər və kredit borcları, sessiyanın nəticələri əsasında qrupun müvəffəqiyyət və keyfiyyət göstəriciləri, sessiyanın nəticələri əsasında fakültə üzrə müvəffəqiyyət və keyfiyyət faizini əks etdirən cədvəllər və diaqramlar, kredit borcu olan tələbələrin siyahıları, təqaüdlərin hesablanması, passiv tələbələrin fakültələr üzrə sayının müəyyənləşdirilməsi, universitet fənləri üzrə tələbələrin müvəffəqiyyət, keyfiyyət göstəriciləri və s. haqqında statistik məlumat toplayır.

Mərkəz gələcəkdə valideynlərin tələbənin təhsil aldığı müddətdə qazandığı bütün nəticələrini - davamiyyət, topladığı kreditlər, semestr balları, imtahan balları, töhmətlər, təltiflər və s. internet vasitəsilə izləyə bilməsi, distant təhsilin tətbiqi üzrə hazırlıq işlərinin aparılması, daha çox multimedia kurslarının hazırlanması, virtual "Class room"ların yaradılması, "Boloniya prosesi"nin tələblərinin tam şəkildə tətbiqinə nail olunmasını planlaşdırır.

Ümumiyyətlə, TEM yeni yaranmasına baxmayaraq, obyektiv və intizamlı fəaliyyətinə görə istər müəllimlərin, istərsə də tələbələrin rəğbətini qazanıb və mərkəz ali təhsil ocağının sürətlə inkişafında müstəsna rol oynayır.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 2001

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024