12px13px15px17px
Tarix:24/12/12

Azərbaycanda vahid informasiya kitabxana sistemi yaradılacaq

“Bölgə kitabxanaları oxucuların sayını artırmağı düşünürsə, kitabxana kollektorlarında virtual sifariş sistemi qurulmalıdır. Oxucu kitabxanalara daxil olan yeni kitablar haqqında mütəmadi məlumat almalıdır. Sorğular göstərir ki, kitabxanalarda dərs vəsaitlərinə, elmi-kütləvi nəşrlərə ehtiyac var. Bu sahədə çalışanlar təbliğat işini düzgün qurmalıdır”.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan kitabxanaçılarının Ümumrespublika müşavirəsi”ndə bildirib.

Milli Kitabxanaya gələn oxucuların 80-85 faizinin gənclər olduğunu vurğulayan K.Tahirovun sözlərinə görə, kitabxanaların kitabla təchizatı sistemi təkmilləşdirilməlidir. Kitabxanaçıların II Ümumrespublika müşavirəsi çərçivəsində Milli Kitabxanada Belçikanın “ACMİS Group” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Ultra” şirkəti tərəfindən tətbiq edilən “Vahid avtomatlaşdırılmış kitabxana informasiya sistemi”nin təqdimatına həsr edilmiş tədbir də keçirilib.

İlk olaraq sistemlə abunə üsulu əyani olaraq nümayiş etdirilib, sistemin ilk abunəçilərindən biri isə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev olub.

Kitabxananın direktoru Kərim Tahirov tədbir iştirakçılarına sistemin tətbiqi ilə əlaqədar geniş və izahlı informasiya verib və qeyd edib ki, son illərdə informasiya texnologiyalarının tətbiqi oxuculara xidmət baxımından bir çox prosedurların sadələşdirilməsinə imkan verib: “Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” artıq beş ildir ki, icra olunur.

Proqrama əsasən, Milli Kitabxana da Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə sistemli iş aparır, o cümlədən son iki ildə həyata keçirdiyimiz “Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi” layihəsi oxuculara kitab verilişi prosesində mühüm yenilikdir. Kitabxanamızda elektron kataloq, elektron kitabxana xidmətləri çoxdan formalaşıb.

İndi oxucuya xidmətin avtomatlaşdırılması prosesi tətbiq edilir. Oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edir və ona elektron bilet verilir. Oxucu artıq kitabxanada tələbnamə yazmır. Elektron biletlə avtomatik qeydiyyatdan keçir, elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır və oxucu kitabın olduğu zala dəvət edilir”.

K.Tahirov qeyd edib ki, layihənin tətbiqi nəticəsində bütün ölkənin vahid informasiya kitabxana sistemi yaradılacaq və bölgələrdə fəaliyyət göstərən bütün kitabxanalar bu sistemə qoşularaq oxuculara daha səmərəli xidmət göstərəcəklər. Vahid mərkəzləşdirilmiş kitabxana portalında hər bir kitabxananın öz saytı yaradılacaq. Layihə yanvar ayından tətbiq olunacaq və gələcəkdə daha da genişləndiriləcək.

Qeyd edək ki, müşavirədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də iştirak edib.

HƏQİQƏT



Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024