12px13px15px17px
Tarix:25/12/12

Rüfət Hacıəlibəyov : ““Microsoft” milli təşəbbüslərə dəstək verməyə davam edəcək ”

"Microsoft Azerbaijan" şirkəti 2012-ci ilin yekunları ilə bağlı tədbir keçirib.

Qeyri-rəsmi şəkildə təşkil edilən tədbirdə şirkətin Baş meneceri Rüfət Hacıəlibəyov "Microsoft Azerbaijan"-ın 2012-ci ili uğurla başa vurduğunu qeyd edib:

"İl ərzində Azərbaycanda informasiya texnologiyalarının inkişafına yönələn bir sıra respublika və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib. 2012-ci ilin fevralın ayında Davos şəhərində Azərbaycan prezidenti İlham Əliyev və "Microsoft İnternational"-ın prezidenti Jan-Filip Kurtua arasında görüş baş tutub. Görüşdə Azərbaycanda tətbiq ediləcək texniki həllərin tətbiqi üzrə layihələr ətrafında müzakirələr aparılıb".

Baş menecerin sözlərinə görə, "Azərbaycan-2020: Gələcəyə Baxış" strategiyasında İKT-nin böyük əhəmiyyətini nəzərə alaraq, "Microsoft" milli təşəbbüslərə dəstək verməyə davam edir: "Yaxın illərin prioritet istiqamətlər sırasında əhaliyə bulud üzərindən elektron xidmətlərin göstərilməsi və şəxsi məlumatların texniki təhlükəsizliyini təmin edilməsi layihələri müəyyənləşdirilib. Cari ildə "Microsoft" həm dünya bazarında, həm də Azərbaycanda "Windows 8", "System Centre 2012", "Windows Server 2012", "Office 365", "New Office", "Windows Phone 8" təqdim edərək, əsas məhsullar sırasını yeniləyib. "Microsoft" Korporasiyası bütün kütləvi məhsullarını dövlət dilində təqdim edən yeganə proqram təminatçısı olaraq qalır". Belə ki, "Windows XP", "Windows Vista" və "Windows 7 əməliyyat sistemləri", müştərək iş üçün platform olan "SharePoint 2010", habelə "Microsoft Office 2003" və "Microsoft Office 2007" ofis paketləri Azərbaycan dilinə tərcümə olunub. 2011-ci ildə korporasiya "Microsoft Office 2010" və "Internet Explorer 9" brauzerinin lokallaşması üçün dil paketlərini təqdim edib. Artıq "Office Web Apps" və "Outlook.com" pulsuz poçt xidmətini Azərbaycan dilində istifadə etmək mümkündür. "Windows Phone 8"-də artıq Azərbaycan dilli klaviaturadan istifadə etmək mümkündür. "Windows 8" və "Windows Phone 8" tərçüməsi üzərində işlər isə davam edir.

"Microsoft Azerbaijan"-ın əsas fəaliyyət istiqamətlərinə də toxunan R.Hacıəlibəyov qeyd edib ki, əqli mülkiyyətin qorunması, iri müəssisələrin və dövlət təşkilatlarının leqallaşması, Azərbaycanın şirkət və təşkilatlarında biznes və əhali üçün yüksək səviyyəli texnoloji həllərin tətbiqi (BI, ERP, Security, Cloud), təhsildə investisiya layihələri, gənclərə və idmana dəstək şirkətin fəaliyyətində əsas xətti təşkil edir:

"2012-ci ildə gənc proqramçıların dəstəklənməsi üçün "Microsoft" "Hackaton Azərbaycan"la birgə proqramçılar müsabiqəsini keçirdi. Birinci müsabiqənin nəticəsində Azərbaycan dilində səkkiz proqram yaradılıb. 2012-ci ilin oktyabr ayında "Microsoft" Marketplace platforması Azərbaycan tərtibatçıları üçün əlçatan oldu".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1367

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024