12px13px15px17px
Tarix:25/12/12

İpoteka qeydiyyatının elektron formada aparılması nəzərdə tutulub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) may ayının 1-dən elektron xidmətlərin tətbiqinə başlayıb. Bu xidmətlər sayəsində hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsi ilə onlayn müraciət edə bilər.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə ƏMDK-nin mətbuat xidmətindən bildirilib. Qurumdan vurğulayıblar ki, hazırda məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur. Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulub. Elektron xidmətlərin tətbiqi əmlak bazarının şəffaflığının daha da yüksəlməsinə, əmlak bazarı iştirakçılarının etibarlılığının artmasına, vətəndaşların əmlaklarını daha rahat və operativ şəkildə, əlavə vaxt itkisinə yol vermədən dövlət qeydiyyatında keçirmələrinə imkan yaradır.

ƏMDK bildirir ki, 2012-ci ilin may-oktyabr ayları ərzində 700-ə yaxın elektron müraciət daxil olub və icra olunub: «Vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatının daha rahat və operativ qaydada aparılması məqsədi ilə artıq bütün yerli qeydiyyat idarələrində sənəd qəbulu həftənin bütün iş günlərində və iş gününün sonunadək həyata keçirilir.

Bundan başqa, DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin bütün rayon şöbələrində, Abşeron, Sumqayıt, Gəncə və Xaçmaz ərazi idarələrində “elektron növbəlilik” sisteminin tətbiqinə başlanılıb». ƏMDK –dən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində, vətəndaşlar, əmlak sahibləri, biznes qurumları daşınmaz əmlaklarını daha qısa müddətdə dövlət reyestrində qeydiyyata aldıra bilərlər. Belə ki, artıq ərazi qeydiyyat idarələrində əmlaklara dair arayışlar 1 gün ərzində, təkrar bazardan keçmiş əmlaklara dair reyestrdən çıxarışlar isə 7 gündən gec olmayaraq təqdim edilir. Bu müraciətlər elektron qaydada da qəbul edilir.

Qeydiyyat sahəsində digər yeniliklər təşkilati tədbirlərə aiddir. Bu tədbirlərə əsasən xidmətin əhatə dairəsinin genişləndirilməsi və geniş əhali kütlələri üçün əlçatanlığının artırılması nəzərdə tutulur. Bu addım vətəndaşları daşınmaz əmlakın qeydiyyatı, məhdudiyyət arayışlarının alınması və onunla bağlı digər əməliyyatların aparılması üçün uzun məsafə sərf edib vaxt itirməsinin qarşısını alacaq. Bu məqsədlə ilk olaraq, xidmətin ərazi idarələrinin strukturu təkmilləşdirilir, Bakı Şəhər Ərazi İdarəsinin yeni filialları yaradılır.

Belə ki, Yasamal, Suraxanı, Nəsimi, Nizami və Səbail rayon qeydiyyat şöbələri yaradılıb. Bu filiallar bina, avadanlıq və texniki vasitələrlə, kommunikasiya şəbəkələri ilə təmin edilib. Bundan başqa, ərazi idarəsi və ya rayon şöbəsinin yerləşmədiyi böyük yaşayış məntəqələrində ərazi qeydiyyat idarələrinin sənəd qəbulu məntəqələrinin yaradılması, onların bina, avadanlıq və texniki vasitələrlə, kommunikasiya şəbəkələri ilə təmin edilməsi nəzərdə tutulur.

Daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi sahəsində tədbirlərdən biri də bunun üçün dövlət rüsumları və xidmət haqlarının istənilən ödəmə məntəqəsində aparmaq imkanının yaradılması olacaq. Bu ödənişlər avtomatik olaraq Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində aidiyyəti üzrə vətəndaşdan qəbul olunmuş ərizənin qarşısında görünəcək. Bu məqsədlə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi ilə ödənişlərin aparıldığı bank arasında əlaqənin yaradılması nəzərdə tutulur.

ƏMDK bildirir ki, bu tədbirlərin həyata keçirilməsinin başlıca məqsədləri daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını maksimum sadələşdirilməsi, əhalinin və biznesin bu xidmətlərə çıxışını asanlaşdırmalı, prosesin daha şəffaf və effektiv olmasına şərait yaratmasıdır.

SEYMUR



Baxış sayı: 1006

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024