12px13px15px17px
Tarix:26/12/12

Elektron plastik kartlar reytinqi açıqlanıb

Bu gün bütün dünya alış-verişi nağd pula etməkdən boyun qaçırır. Bunun da bir sıra səbəbləri var. Öncə bildirək ki, elektron plastik kartlar məhz internetdə alış-veriş etmək üçün nəzərdə tutulub. İnternet şəbəkəsində mal və ya xidmət haqqı ödəyərkən yalnız heç də mürəkkəb olmayan adi elektron anketini doldurmaqla, o cümlədən, oraya kartınız barədə məlumatları da daxil etməklə istənilən malı sifariş vermək, almaq mümkündür.

Eyni zamanda virtual kartlardan internet şəbəkəsində istifadə edərək istifadəçilər 24 saat ərzində internet vasitəsilə bir çox əməliyyatları rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Bura internet mağazalarından mal və xidmətlər almaq, kommunal ödənişlər etmək, mobil və stasionar rabitə haqlarını ödəmək, sığorta ödənişlərini həyata keçirmək, kabel televiziyasından istifadə haqqını ödəmək, internet provayderlərin xidmət haqlarını ödəmək, elektron bilet almaq, otellərdə otaq rezervasiya (sifariş) etmək və sairə daxildir.

"ICTnews" elektron xəbər xidməti «banker.az»a istinadən bildirir ki, hər dəfə internetdə alış-veriş edərkən, istifadəçilər məhz bu ödəniş üçün lazım olan məbləği karta daxil edə bilərlər. Bu da istehlakçıları kartdan pul vəsaitlərinin oğurlanması, hesabdan artıq məbləğin silinməsi və s. kimi dələduzluq risklərindən qoruyur. Eyni zamanda internet kartı "Mobil Bank" və "SMS məlumatlandırma" xidmətlərinə qoşub kart hesabına operativ nəzarət edə və müxtəlif əməliyyatlar həyata keçirə bilərsiniz.

Virtual kartların fərqləndirici xüsusiyyətləri hansılardır?

Əksər virtual kartlar yalnız debet rejimində istifadə edilə bilər, yəni bu kartlar ilə yalnız hesaba mədaxil edilən məbləği xərcləmək olar. Karta kredit xətti açıla bilməz və kart hesabına mədaxil edilmiş məbləğdən çox vəsait istifadə etmək olmaz. Virtual kartın maqnit zolağı yoxdur ki, bu da ondan internet şəbəkəsindən kənarda istifadəni mümkünsüz edir.

Bütün bunlar virtual kartı digər kartlardan fərqləndirir və onun internetdə istifadə üçün daha təhlükəsiz olmasını təmin edir. «Banker.az»ın yaydığı məlumata görə, hər bir şəxs virtual karta vəsaiti istifadəçinin kartının aid olduğu bankın filiallarında nağd və "Card-to-Card" əməliyyatı ilə nağdsız keçirə bilər. Hər hansı başqa plastik kartda olduğu kimi, internet kartlarda da universal və təkrarsız 16 işarəli nömrə, kart sahibinin adı, kartın qüvvədə olma müddətinin bitəcəyi tarix, habelə kartın üz tərəfində göstərilən xüsusi üç işarəli "CVV2/CVC2" kodu var.

İnternet kartı necə əldə etmək olar?

İnternet kartı əldə etmək üçün, sadəcə olaraq, şəxsiyyət vəsiqəsi ilə birlikdə kartı almaq istədiyiniz istənilən filiala yaxınlaşıb "internet kartın alınması üçün sifariş ərizəsi"ni doldurmaq və kartın illik xidmət haqqını ödəmək kifayətdir.

Eyni zamanda elektron kartları onlayn formada da sifariş etmək mümkündür. Bu zaman kart hazırlandıqdan sonra sifarişçinin göstərdiyi ünvana çatdırılacaqdır. Bu gün Azərbaycanın əksər banklarında onlayn sifariş xidməti vardır və pulsuz olaraq həyata keçirilir. Bundan sonra müəyyən olunmuş sayda iş günü ərzində kartınız hazırlanıb sizə təqdim olunacaq.

Təhlükəsizliyimizi necə qoruyaq?

«Banker.az»ın mütəxəssisləri təhlükəsizliyi təmin etmək üçün bir sıra qaydalara əməl olunmasını tövsiyə edirlər. Bu qaydalardan biri internet kartını istifadə üçün digər şəxslərə verməkdir. Ekspertlər hesab edir ki, hətta internet kartı göstərmək belə olmaz. Çünki rəqəmləri yadda saxladıqdan sonra artıq kart olmadan belə, həmin adam ondan istifadə edə bilər.

Kart hesabındakı pul vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün yalnız üzərində «MasterCard SecureCode» və «Verified by Visa» işarəsi olan və bu təhlükəsizlik tələblərinə cavab verən etibarlı və tanınmış veb-saytlarda istifadə edilməlidir. Kartdan istifadə edərkən "Visa internet kartlarından istifadə qaydaları"nda göstərilən təhlükəsizlik tələblərinə riayət etmək lazımdır.

Digər tövsiyə isə kartın itirilməsi ilə bağlıdır. Belə ki, kart itirildiyi və ya oğurlandığı halda kartı bloklamaq üçün 24 saat ərzində fəaliyyət göstərən bankınızın Müştəri Xidmətlərinə müraciət edilməlidir. Saxta və ya sizdən xəbərsiz aparılan əməliyyatlar üzrə kart hesabından silinən vəsaitləri geri qaytarmaq üçün əməliyyat keçirilən gündən 33 gün ərzində banka müraciət etməlisiniz.

Bu müddət bitdikdən sonra əməliyyatı geri qaytarmaq mümkün deyil. Daxil olan müraciət bankda araşdırılır və yalnız əsaslı iddialar üzrə vəsaitlər müştəriyə geri qaytarılır. Məlumat üçün bildirək ki, "Yapıkredi bank"ın məhsulu olan "World Virtual Kart"ı almaq üçün ilk növbədə "World Kart"ın alınması tələb olunur. Ayrıca virtual kartınız plastik kart olaraq mövcud deyil, buna görə itmə və oğurlanma kimi riski yoxdur. "World Kart"ın alınma məbləği 25 AZN-dir, "World Virtual Kart"ınız isə sizə pulsuz olaraq verilir.

SEYMUR



Baxış sayı: 1019

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024