12px13px15px17px
Tarix:10/01/13

İnternet vasitəsilə bir əməliyyatla maksimum 4 bilet sifariş etmək mümkündür

"Azərbaycan Dəmir Yolları" QSC fiziki şəxslərə plastik kartlardan istifadə etməklə internet vasitəsilə onlayn rejimində ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarına gediş sənədlərinin (biletlərinin) alınması üçün xidmətlər təklif edir.

İnternet vasitəsilə sifarişlərin qəbulu prosedurlarını yerinə yetirərkən anlaşılmazlıqların yaranmaması üçün sifarişlərin sənədləşdirilməsi və biletlərin alınması qaydaları ilə mütləq qaydada tanış olmaq vacibdir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən QSC-dən bildirilib ki, veb-saytın köməyi ilə vətəndaşlar istər ölkə daxilində, istərsə də ölkədən kənara hərəkət edən sərnişin qatarlarının hərəkəti istiqamətində istənilən təyinat məntəqəsinə marşrut üzrə (Bakı-Astara-Horadiz və Bakı-Astara qatarlarının əks istiqamətləri müvəqqəti istisna olmaqla) sifariş verə bilərlər:

"İnternet vasitəsilə aparılan sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsilə həyata keçirilir. Onlayn bilet satışı sistemində şəhərətrafı istiqamətdə hərəkət edən elektrik qatarlarına və güzəştli tariflərlə biletlərin sənədləşməsi üçün sifarişlər kimi əməliyyatlar aparılmır. Güzəştli tariflərlə biletlərin sənədləşməsi kateqoriyasına aid olan istifadəçilər QSC-nin bilet kassalarına müraciət etməlidirlər. İnternet vasitəsilə bilet sifarişləri hər gün səhər saat 07:00-dan 23:00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək onlayn rejimində sifariş qəbul edilmir".

Qurumdan qeyd edilib ki, internet vasitəsilə bir əməliyyatla maksimum 4 bilet sifariş oluna bilər: "Biletlərin alınması üçün internet vasitəsilə sifariş vermiş və gediş haqqını plastik kartla ödəmiş istifadəçi biletini 10 gün müddətində qatarın yola düşməsinə 1 saat qalanadək "Azərbaycan Dəmir Yolları" QSC-nin bilet kassasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və yaxud sifariş blankını təqdim etməklə ala bilər. İnternet vasitəsilə biletlər üçün sifarişlər sərnişin qatarlarının başlanğıc stansiyadan yola düşməsinə 2 saat qalmışadək aparılır.

Gediş sənədlərinin alınması üçün əməliyyatlar plastik kartları vasitəsilə aparılır. Bank tərəfindən müəyyən olunmuş prosedurları keçdikdən sonra əməliyyat aparılır. Əməliyyat başa çatdıqdan sonra vətəndaşa aldığı biletlər, qatarın adı, vaqonun və yerin nömrəsi, yola düşmə və çatma tarixləri, sərnişinlər və s. məlumatlar təqdim olunacaq.

Bu məlumatlar həmçinin onun elektron ünvanına da göndərilə bilər". Vətəndaş həmin məlumatları yadda saxlaya (kassadan bileti almaq üçün) və yaxud çap da edə bilər. İnternet vasitəsilə sifariş olunmuş yerlərin başqasının adına dəyişdirilməsi hallarına isə yol verilmir. İstifadə olunmayan biletlərin qaytarılmasına gəlincə, sərnişin tərəfindən istifadə olunmayan bilet şəxsiyyətini təsdiq edən sənədlə birlikdə dəmir yolu kassasına vaxtında (geri qaytarma qaydalarının müddətlərinə uyğun olaraq) təqdim olunduqda geri qaytarılma əməliyyatı aparılır. Geri qaytarılma qaydalarının müddətindən asılı olaraq qaytarılacaq məbləğ biletə görə ödənilmiş bank kartına beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 30 təqvim gününədək qaytarılır.

HƏQİQƏT



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024