12px13px15px17px
Tarix:11/01/13

Mobil telefonlar paytaxt sakinlərini tıxaca düşməkdən xilas edəcək

Nəqliyyat Nazirliyinin İntellektual İdarəetmə Mərkəzində Bakının tıxacla bağlı problemlərini həll etmək üçün xüsusi layihələr hazırlanır. Mərkəz bildirir ki, yaxın günlərdə sözügedən layihələrlə bağlı paytaxt sakinləri məlumatlandırılacaq. Belə tədbirlərdən biri və ən mühümü mobil telefonlar vasitəsilə xüsusi xidmətin yaradılmasıdır.

Bu barədə mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zülfiyyə Əlizadə məlumat verərək bildirib ki, artıq bu xidmətin tətbiqinə başlanılıb. Bu xidmətdən həm sürücülər, həm də piyadalar yararlana biləcəklər (anspress). Z.Əlizadə deyib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin və sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq üçün mobil telefonlara proqram təminatı istifadəyə verib.

Onun sözlərinə görə, mobil telefona yüklənmiş proqram vasitəsilə istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında elanlar və digər məlumatlar əldə edə biləcək: «Yəni, bir az əvvəl yollarda quraşdırılan məlumat tablolarındakı informasiyalar artıq hər bir şəxsin mobil telefonuna da ötürülə bilər".

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mobil proqramla təminatı tamamilə pulsuz olaraq həyata keçirəcək. Sadəcə, istifadəçi mobil telefon vasitəsilə internetə daxil olmaqla həmin xidmətdən istifadə edə bilər. Hazırda tətbiq "iPhone 3GS", "iPhone 4", "iPhone 4S", "iPhone 5", "iPod touch" (3-cü nəsil), "iPod touch" (4-cü nəsil), "iPod touch" (5-ci nəsil) və "iPad iOS 4.3" qurğuları tərəfindən dəstəklənir. Tətbiq həmçinin "iPhone5" üçün də uyğunlaşdırılıb.

Lakin digər interneti dəstəkləyən telefonlara da proqramı yükləmək mümkündür. Proqramı https://itunes.apple.com/az/app/baku-its/id587351186?mt=8 linkindən yükləmək mümkündür.

Sözügedən mərkəz bildirir ki, mobil telefonlar vasitəsilə nəinki yollardakı tıxac və maşın sıxlığı göstəriləcək, həmçinin bu xidmət vasitəsilə istifadəçi harada olduğu, həmin ərazidən istədiyi yerə necə getmək lazım olduğunu, həmin marşrut üzrə neçə nömrəli avtobusun işlədiyini biləcək.

Eyni zamanda, bu xidmətdən istifadə etməklə mobil telefonla yaxınlıqdakı dayanacağı tapmaq mümkün olacaq. Oradan keçəcək avtobusun neçə dəqiqədən sonra dayanacağa yaxınlaşacağını da öyrənmək mümkünləşəcək. Bundan əlavə, həmin proqram vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların nömrələri göstərilir və həmin avtobusların işlədiyi ərazilər, keçdikləri dayanacaqlar verilir.

SEYMUR



Baxış sayı: 847

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024