12px13px15px17px
Tarix:16/01/13

Əfqanıstan Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübədən yararlanacaq

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Yardım Agentliyi Əfqanıstanın inkişafı üçün BMT-nin İnkişaf Proqramı çərçivəsində 150.000 ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, Əfqanıstanın gələcəyi həm regional, həm də qlobal təhlükəsizlik və sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan aparıcı beynəlxalq tərəf müqavilələri ilə bərabər, Əfqanıstanın qarşısında duran problemlərin həll edilməsində qardaş əfqan xalqını fəal dəstəkləyir.

Azərbaycanın Əfqanıstanın problemlərinə həsr olunmuş bir neçə mötəbər toplantıda etdiyi bəyanatlara və xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ilin mayında Çikaqoda keçirilmiş və dünyanın aparıcı ölkələrinin liderlərinin iştirak etdiyi Əfqanıstan üzrə NATO zirvə toplantısında etdiyi bəyanatına uyğun ölkəmiz öz təcrübəsini bölüşmək üçün hazır olduğunu bildirib və bunu bir çox sahələrdə artıq əməli işlərlə sübut etməkdədir.

Belə ki, son il ərzində əfqan rəsmiləri Azərbaycan Diplomatik Akademiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Neft Fondunun, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının, Dövlət Neft və Qaz Şirkətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun işində tətbiq edilən qabaqcıl inkişaf təcrübəsi ilə yaxından tanış olmuş, bu istiqamətdə məhsuldar müzakirələr aparmışlar.

Onu da qeyd etmək lazımdır ki, həmin müzakirələr nəticəsində əldə edilən ilkin razılaşmaların həyata kecirilməsi üçün bir çox istiqamətlərdə hal-hazırda həm Bakıda, həm də Kabulda fəal işlər həyata keçirilməkdədir. Beləliklə, yuxarıda göstərilən maliyyə yardımı öncə aparılan işlərin məntiqi davamı olmaqla Azərbaycanın beynəlxalq səviyyədə fəal mövqe tutaraq qlobal əhəmiyyət kəsb edən proseslərdə sadəcə olaraq təcrübə mübadiləsi ilə kifayətlənməyərək mötəbər donor ölkələri sırasına daxil olmaqdadır.

Azərbaycan Beynəlxalq İnkişaf Yardım Agentliyinin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi bu təşəbbüs həm qardaş əfqan xalqı, həm də Əfqanıstanın inkişafına dəstək verən digər ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməkdədir. Azərbaycan hökuməti tərəfindən ayrılan bu məbləğin əfqan hökumətinin elektron idarəçilik üsullarının pilot olaraq tətbiq edilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bu isə Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə əlaqədardır ki, bu sahədə bir neçə layihə BMT-nin İnkişaf Proqramının fəal iştirakı ilə həyata keçirilib.

Əfqan rəsmiləri Azərbaycanın bu sektorda təcrübəsinə xüsusi maraqlarını Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Amirzai Sanginin keçən ildə Bakıya səfəri və Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarov və Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov ilə görüşləri zamanı vurğulayıb.

HƏQİQƏT



Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024