12px13px15px17px
Tarix:17/01/13

Yanez Yanşa: «Sloveniya ilə Azərbaycan arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün böyük imkanlar var»

Sloveniya Respublikasının Baş naziri Yanez Yanşanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə hər iki ölkənin rəsmi şəxslərilə yanaşı, turizm, enerji, İKT, tikinti, qida sənayesi, əczaçılıq, təhsil, mədəniyyət və idman, konsaltinq sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.

Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayan iqtisadi inkişaf naziri Şahin Mustafayev hazırda Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində ölkəmizlə Avropa Komissiyası arasında assosiasiya sazişinin müzakirə olunduğunu, müxtəlif yardım layihələrinin həyata keçirildiyini, Avronest - Parlamentlərarası forumun fəaliyyət göstərdiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb.

Bildirilib ki, ölkəmiz Avropa İttifaqına üzv ölkələr, o cümlədən Sloveniya ilə ikitərəfli əməkdaşlığa da böyük önəm verir. Hazırda Azərbaycan-Sloveniya siyasi münasibətləri yüksək səviyyədədir, bu münasibətlər hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslanır. Sonra Sloveniyanın Baş naziri Yanez Yanşa ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Azərbaycan-Sloveniya iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulayıb, xüsusilə informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji, logistika, turizm, əczaçılıq, emal və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.

Tədbirdə "AZPROMO"-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin ("SPİRİT Slovenia") rəhbəri Boştyan Skalar ölkəsinin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış edib.

Biznes-forum çərçivəsində "AZPROMO" və "SPİRİT Slovenia", Bakı Dövlət Universiteti ilə Lyublyana Universiteti, Azərbaycan Texniki Universiteti ilə Sloveniyanın "İskratel" şirkəti, Oğuz rayonu və Sloveniyanın Nova Qoritsa şəhərinin icra hakimiyyətləri, Azərbaycanın "Azərinşaatservis" və Sloveniyanın "Duol" şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

SEYMUR



Baxış sayı: 1103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024