12px13px15px17px
Tarix:18/01/13

Ağdamda əhalinin internetə çıxış imkanları genişlənib

Ağdamda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, əhalinin internetə çıxış imkanları genişlənib. Bu barədə Ağdam Telekommunikasiya Qovşağının rəisi Hümbət Mustafayev məlumat verib. Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər planının yüksək səviyyədə icrasının nəticəsi olaraq Ağdamda müasir rabitə və informasiya texnologiyalarının əsası qoyulub.

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İB-nin dəstəyi ilə rayonun işğaldan azad olan əraziləri də daxil olmaqla bütün kəndlərdə informasiya və kommunikasiya texnologiyalarına ən yüksək tələblər səviyyəsində çıxış yaradılır.

Hazırda rayon mərkəzi sayılan Quzanlı qəsəbəsi daxil olmaqla düşmənlə üz-üzə qalan kəndlərdə bütün evlərin telefonlaşdırılması və müasir poçt xidmətlərindən bəhrələnməsi üçün şərait var. Ağdam TKQ-nin rəisi Hümbət Mustafayev həmçinin bildirib ki, ağdamlı rabitəçilərin əhaliyə daha keyfiyyətli xidmət göstərməsi üçün Quzanlıda “Rabitə evi”nin tikintisi başa çatmaq üzrədir.

“Aztelekom” İB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bənövşələr kəndində 144(24), Çəmənli kəndində 128, Rzalı kəndində 112, Mahrızlı kəndində 304 , Yeni yaşayış qəsəbəsində 204, Üç oğlan kəndində 128 və Əfətli kəndində 208 nömrə tutumlu yeni elektron ATS-lər tikilərək əhalinin telefona olan tələbatı ödənilib.

Kəndlərdə sakinlərin yüksəkkeyfiyyətli telefon rabitəsi ilə təmin olunması ilə yanaşı, onların internet və digər multimedia xidmətlərindən yetərincə istifadə etməsi üçün Qaradağlı-Rzalar-Mahrızlı-Çəmənli, Bənövşələr-Xındırıstan, Üç oğlan-Xındırıstan istiqamətində optik kabel xətləri çəkilib. Sonuncu layihə kimi Xındırıstan-Quzanlı istiqamətində optik kabel xətlərinin tikintisi başa çatdırılıb.

Həyata keçirilən layihə nəticəsində ötən ildən indiyə kimi 500-dən yuxarı ailənin mənzili telefonlaşdırılıb. Ümumilikdə rayonda telefon abunəçilərinin sayı 2000 nəfərdir. Əhali CDMA tipli simsiz rabitə xidmətindən də geniş istifadə edir. Bu sistem üzrə 200-ə yaxın abunəçi var. Bu abunəçilərin böyük əksəriyyəti simli telefonun çəkilməsi hələlik çətin olan cəbhəyanı kəndlərin payına düşür”.

TKQ rəisi Əfətli kəndində mənzillərin telefonlaşdırılması ilə kənddəki EATS-dən İsalar, Hacı Turalı, Qəhrəmanbəyli, Hacıməmmədli kəndlərinə də telefon çəkiləcəyini bildirib. Bu istiqamətdə artıq Hacı Turalı kəndində xətt təsərrüfatının tikintisi davam etdirilir. Bundan başqa Çəmənli kənd EATS-dən Sarıcalar və Şükürlü, Mahrızlı kənd EATS-dən Zəngişalı, Üç oğlan kənd EATS-dən Kiçikli, Alıbəyli və Səfərli kəndlərinin telefonlaşdırılması ilə əhalinin telefona olan tələbatı ödənilir. Layihənin davamı kimi Əhmədağalı, Baharlı 1, Qasımbəyli, Dördyol 2, Təzəkənd qəsəbələrinin hər birində müvafiq tutumda elektron ATS-lərin tikilməsi planlaşdırılır. Rayon üzrə əvvəllər Qaradağlı, Xındırıstan, Dördyol 1 kəndlərində və Quzanlı qəsəbəsində sakinlərin mənzillərində telefon rabitəsi olub. Həyata keçirilən tədbirlər nəticəsində Qaradağlı kəndində olan 256 nömrə tutumlu EATS-in tutumu 304 nömrəyə çatdırılıb. Sakinlərin telefon rabitəsi ilə internet və digər multimedia xidmətlərinə çıxışı diqqət mərkəzindədir. Sakinlərin genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-lərdə ADSL portlarının sayı 344-ə çatdırılıb. Qaradağlı, Yeni Qəsəbə, Dördyol qəsəbələrində də genişzolaqlı internet abunəçiləri var". 

RƏVAN



Baxış sayı: 1656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024