12px13px15px17px
Tarix:22/01/13

Azərbaycandakı uşaqların hər biri haqqında elektron məlumat bazası olacaq

Azərbaycandakı uşaqların hər biri haqqında elektron məlumat bazası olacaq. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Nazirlər Kabineti “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması qaydası”nı təsdiq edib.

Elektron məlumat bankının istifadəçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili işlər, Ədliyyə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır. Nazirlər Kabinetinin yaydığı məlumata görə, sözügedən qayda qüvvəyə mindiyi tarixədək istifadəçi tərəfindən dövlət orqanlarında hər bir uşağa dair mövcud olan məlumatlar 6 ay müddətində elektron məlumat bankına daxil edilməlidir.

Elektron məlumat bankında qeydiyyata alınmış uşağın elektron anketi 18 yaşına çatdıqdan 25 il sonra məhv edilir. Hər bir uşaq barədə fərdi məlumatlar elektron məlumat bankına daxil edilir. Burada fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi Azərbaycan qanunvericiliyinə müvafiq qaydada həyata keçirilir. Elektron məlumat bankının idarə olunmasına, məlumat bankına məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti məlumat bankının administratoru olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir.

Administrator elektron məlumat bank sisteminin təhlükəsizliyinə cavabdehlik daşıyır, bankın fasiləsiz fəaliyyətini və daxil edilən məlumatların mühafizəsini təmin edir, elektron məlumat bankında qeydiyyata alınmış uşaq barəsində məlumatları mərkəzi serverə daxil edir, müvafiq statistik məlumatlar hazırlayır və təhlillər aparır. NK vurğulayır ki, dövlət orqanları, hüquqi və fiziki şəxslər məlumat bankından məlumat almaq üçün bilavasitə məlumat bankının administratoruna sorğu vasitəsilə müraciət edirlər. Sorğunun daxil olduğu gündən 7 iş günü müddətində onun icrası təmin edilir.

Məlumat bankından statistik məlumatlar adsızlaşdırılmış şəkildə, «Fərdi məlumatlar haqqında» qanunla müəyyən edilmiş hallarda və qaydada verilir. Bankda toplanmış məlumatların konfidensiallığı administrator tərəfindən təmin edilir.

SEYMUR



Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024