12px13px15px17px
Tarix:22/01/13

Yavər Camalov: «DVB-T tipli dekoderlərin çap lövhələrinin istehsalı mənimsənilib»

Müdafiə Sənayesi Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, nazir Yavər Camalov 2012-ci ilin ümumi respublika üzrə uğurlu il olduğunu bildirərək qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, dövlət büdcəsinin həcmi durmadan artıb, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib.

Nazir ötən ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yaddaqalan il olduğunu bildirib. O vurğulayıb ki, 2012-ci ildə nazirliyin müəssisələrində yeni istehsal sahələri - atıcı silahların yaradılması və təkmilləşdirilməsi üçün Təcrübə sınaq zavodu, fərdi əleyhqazların və xüsusi mühafizə vasitələrinin istehsalı və müxtəlif çaplı döyüş sursatlarının utilizasiyası sahələri yaradılıb və istismara verilib.

Qeyd olunub ki, 2012-ci ildə yaradılma işləri davam etdirilib, 18 mövzu və 55 mərhələ başa çatdırılıb. Bir sıra məmulatlar silahlanmaya tövsiyə edilib. İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlardan yaylım atəşli reaktiv sistemini, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kollimator nişangahını, top kollimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini göstərmək olar. İlk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi ötən ilin noyabr ayında qatıldığı "IndoDefence-2012" sərgisində 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını və s. göstərmək olar. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan pilotsuz uçuş aparatları, gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə, AKM və AK-74 tipli avtomatlar üçün şəffaf patron daraqları, fərdi əleyhqazlar ilk dəfə idi ki, beynəlxalq sərgidə nümayiş etdirilib. 2012-ci ildə mülki məmulatların istehsal həcmində də artım müşahidə olunub.

Ümumi çeşidlərin sayı 400-ü ötüb. Y.Camalov söyləyib ki, nazirliyin müəssisələrində mülki məhsullardan rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin çap lövhələrinin, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemlərinin istehsalı mənimsənilib.

Müdafiə sənayesi sahəsinin yüksəkixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Texniki Universitetində yaradılmış "Xüsusi texnika və texnologiya" fakültəsi bakalavr və magistr pillələri üzrə Müdafiə Sənayesi Nazirliyinin verdiyi sifarişlər əsasında 2012-2013 tədris ilindən kadr hazırlığına başlanılıb.

Ötən il Texniki Universitetin adıçəkilən fakültəsinə 5 müdafiə təyinatlı ixtisas üzrə 75 abituriyent qəbul olunub.

SEYMUR



Baxış sayı: 983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024