12px13px15px17px
Tarix:26/01/13

Azərbaycandilli “Vikipediya”nın zənginləşdirilməsi ilə bağlı ictimaiyyətə müraciət hazırlanır

Azərbaycandilli “Vikipediya”nın zənginləşdirilməsi ilə bağlı ictimaiyyətə müraciət hazırlanır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan dilində olan “Vikipediya”nın idarəçiləri və bir neçə istifadəçisi tərəfindən hazırlanan müraciətdə deyilir ki, müasir dövrdə yeni informasiya texnologiyaları, internet sürətlə dəyişən, inkişaf edən dünyanın ayrılmaz bir hissəsinə, bu inkişafın təkanverici qüvvəsinə çevrilib.

Çox sevindirici haldır ki, 5-6 il bundan əvvəllə müqayisədə Azərbaycanda da bu sahədə xeyli irəliləyişlər müşahidə olunur: “Bunun məntiqi nəticəsi kimi Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib.

Bu gün internet məkanında Azərbaycan dilində çoxlu sayda informasiya və xəbər saytları, forumlar, bloqlar fəaliyyət göstərir. Sosial şəbəkələrdə azərbaycanlılar, xüsusilə gənclər kifayət qədər fəal görünür. Bununla belə internet təkcə xəbər saytlarından, forum və bloqlardan ibarət deyil. İnternetin həm də bir maarifləndirmək funksiyası var.

Çox təəssüflə qeyd etməliyik ki, bu gün azərbaycandilli internet məkanında bu funksiyanı yerinə yetirən saytların sayı barmaqla sayıla biləcək qədər azdır”. Hazırda 285 dildə fəaliyyət göstərən “Vikipediya” saytlarının da məqsədi məhz bu funksiyanı yerinə yetirməkdən ibarətdir.

“Vikipediya” şəbəkəsinin bir qolu olan azərbaycandilli “Vikipediya” 2004-cü ildən “az.wikipedia.org” ünvanında fəaliyyətə başlayıb. “Vikipediya” bir onlayn ensiklopediyadır: “Yəni buradakı məqalələr sırf ensiklopedik xarakter daşıyır və heç bir halda onlarda reklama, təbliğata yol verilmir.

“Vikipediya”da məşhur şəxslərin həyat və yaradıcılığı haqqında bioqrafik məlumatlar yerləşdirilir, tarixi hadisələr, tarixi-mədəni abidələr, incəsənət əsərləri, müxtəlif elmlər və onların obyektləri, predmetləri və s. barəsində zəngin məlumatlar toplanılır. Yəni dəyərli hər bir şey, tanınmış hər bir kəs “Vikipediya” məqaləsinin mövzusu ola bilər”.

“Vikipediya”nın üstünlüklərindən biri də onun istənilən internet istifadəçisi tərəfindən redaktə edilə bilmə imkanının olmasındadır: “Məsələn, əgər kitab şəklində tərtib olunan ensiklopediyadakı hansısa məlumat kitab nəşr olunandan hətta 1 gün sonra belə artıq köhnəlmiş məlumat ola bilərsə, “Vikipediya”da bu baş vermir. Redaktə olunma imkanı “Vikipediya”dakı məlumatların daim yenilənməsinə şərait yaradır.

Edilən redaktələr, əlavə və düzəlişlər “Vikipediya”nın təcrübəli istifadəçiləri, idarəçiləri tərəfindən yoxlanılır. “Vikipediya”nın bir başqa üstünlüyü burada etibarlı mənbələrə üstünlük verilməsidir. Bəzən məqaləyə yerləşdirilən hər hansısa bir cümlənin, hətta bir sözün belə həqiqəti əks etdirdiyinin sübutu kimi onlarla mənbəyə istinad olunur”.

Bu gün faktiki olaraq Azərbaycan dilində olan “Vikipediya” azərbaycandilli internetdə ən böyük onlayn ensiklopediyadır və o, hər keçən gün daha da zənginləşir və inkişaf edir. Bununla belə bizim fikrimizcə, bu inkişafı daha da sürətləndirmək, alınan nəticələri daha qənaətbəxş etmək mümkündür. Bir sadə misal çəkək – “Vikipediya”nın ingilisdilli bölməsində bu gün 4 milyon 145 min məqalə, almandilli bölməsində 1 milyon 537 min məqalə, rusdilli bölməsində 954 min məqalə toplansa da, azərbaycandilli bölmədəki məqalələrin sayı cəmi 93 minə yaxındır.

Təbii ki, bizim ingilisdilli, almandilli “Vikipediya”larla məqalə sayına, zənginliyinə görə yarışmaq fikrimiz yoxdur. Çünki dünyada bu dillərdə danışan, bu dillərdə yazıb-oxumağı bacaran insanların sayı Azərbaycan dilində yazıb-oxuya bilən insanlardan qat-qat çoxdur. Amma hər halda bütün dünyada 50 milyon insanın öz ana dili hesab etdiyi Azərbaycan dilinin “Vikipediya”sına da cəmi 95 min məqalə heç yaraşmır.

Bu məqalələrin sayı indilik ən azı bundan bir neçə dəfə çox olmalı idi. Bizim ictimaiyyətə müraciət etməyimizin ən başlıca səbəbi də elə diqqəti bu istiqamətə yönəltməkdən ibarətdir: “Bu gün azərbaycandilli “Vikipediya” məqalə sayına görə 285 dildə olan “Vikipediya” bölmələri arasında 45-ci yerdədir.

Türkdilli “Vikipediya”lardan Türkiyə türkcəsində olan “Vikipediya” 210 min məqalə ilə 25-ci, qazaxdilli “Vikipediya” isə 205 min məqalə ilə 26-cı yerdədir. Azərbaycan dilində danışan insanların sayını nəzərə alsaq, bizim “Vikipediya” da hazırda ən azından ilk 25-likdə yer almalı idi. Amma çox təəssüflər olsun, bizim “Vikipediya”da qeydiyyatdan keçən istifadəçilərin sayı bu gün 53 minə yaxınlaşsa da, ay ərzində redaktələr edən, məqalələri zənginləşdirən istifadəçilərin sayı 500-ü keçmir və bu 500 istifadəçidən də cəmi 20-30-u fəal surətdə “Vikipediya”da fəaliyyət göstərir”.

Əslində “Vikipediya”nın inkişaf etdirilməsinin yolu çox sadədir: “Məsələn, bir sıra ölkələrdə öz dillərində olan “Vikipediya”ların inkişafı üçün kitab şəklində dərc olunan ensiklopediyalara müəllif hüquqları məhdudiyyəti qoyulmur və onlardakı məlumatları çox asanlıqla “Vikipediya”ya yerləşdirmək olur.

Üstəlik, bir neçə ildən sonra həmin kitablardakı məlumatların bir qismi artıq köhnəlsə də, “Vikipediya”dakı məqalələr yeni əlavə və düzəlişlər hesabına özündə daha dolğun və daha yeni informasiya daşıyır. Amma Azərbaycanda işıq üzü görən ensiklopedik məlumat toplularının əksəriyyəti müəllif hüquqları ilə qorunur.

“Vikipediya”da isə müəllif hüquqları ilə qorunan heç bir məlumat, şəkil yerləşdirmək olmaz. Bu “Vikipediya” prinsiplərinə ziddir. Bizim geniş ictimaiyyətə müraciət etməyimizdə əsas məqsədimiz Azərbaycanın elm ocaqlarından, təhsil müəssisələrindən, eləcə də sadə internet istifadəçilərindən “Vikipediya”nın zənginləşdirilməsi istiqamətində bizə yardımçı olmalarını istəməyimizdir.

Müəlliflik hüquqları ilə qorunmayan hansısa ensiklopedik məlumat, hətta bu məlumat 3-5 cümlədən ibarət olsa belə “Vikipediya”nın inkişafına töhfə sayıla bilər”. Belə bir zəngin onlayn ensiklopedik məlumat bazasının mövcudluğu internetdə Azərbaycan dilində maarifçilik işinin aparılması istiqamətində irəliyə doğru atılmış iri addımdır.

Zaman keçdikcə “Vikipediya”nın Azərbaycan dilində əvəzsiz bir ensiklopedik baza olacağına şübhə yoxdur. Gəlin bu ensiklopediyanı birlikdə yazaq!

CAHANGİR



Baxış sayı: 855

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024