12px13px15px17px
Tarix:28/01/13

“İKT innovativ tədris və öyrənmə imkanlarının təmin edilməsi üçün müəllimlərə böyük imkanlar yaradır”

Texnologiyaların təhsil sahəsinə tətbiqi bununla bağlı elmi-tədqiqatların aparılmasını da zərurətə çevirir. Bu səbəbdən, 2012-ci ildə Təhsil Problemləri İnstitutu tərəfindən “Təlim prosesində yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onların təsiri” mövzusunda tədqiqat işi aparılıb. Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş tədqiqat işinə dair hazırlanan hesabat barədə “Rabitə dünyası”na Təhsil Problemləri İnstitutunun Tədqiqatların İKT təminatı şöbəsinin müdiri Ruhiyyə Mehdiyeva məlumat verib.

Müəllim və şagirdlərin İKT bacarıqlarını müəyyənləşdirməyə açıq suallar kömək edib

Şöbə müdirinin sözlərinə görə, mövzu üzrə tədqiqatın aparılması metodikası işlənilib. Belə ki, İşçi Qrupu yaradılıb, mövzu alt mövzulara ayrılıb, tədqiqat obyekti olaraq, məktəb, məktəb rəhbərləri, müəllimlər və şagirdlər seçilib, qiymətləndirmə vasitələri hazırlanıb:

“Qiymətləndirmə vasitələri kimi məktəb direktorları, müəllimlər üçün hazırlanmış sorğu anketlərindən, müəllim və şagirdlərin İKT bacarıqlarını müəyyənləşdirmək məqsədilə açıq suallardan istifadə edilib. Eyni zamanda tədqiqata cəlb olunan məktəb rəhbərləri, müəllim və şagirdlərin texniki avadanlıqlardan istifadə bacarıqlarının səviyyəsi praktik olaraq yoxlanılıb”.

Yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadənin elmi əsasları işlənilib

R.Mehdiyeva deyir ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadənin elmi əsasları işlənilib və onların təlimin keyfiyyətinə təsirini praktik olaraq araşdırmaq məqsədilə respublikanın şimal, aran və cənub bölgələrini (Sumqayıt və Mingəçevir şəhər, Quba, Qusar, Xaçmaz, Ucar və Cəlilabad rayon məktəbləri) əhatə etməklə 42 tam orta - 11 şəhər, 16 rayon mərkəzində yerləşən və 15 kənd məktəbində tədqiqat aparılıb: “Tədqiqata cəlb edilmiş 63 məktəb direktoru, 562 müəllim anket sorğularında iştirak edib. Müəllimlərdən 150 nəfəri şəhər, 256 nəfəri rayon mərkəzində və 156 nəfəri kənd məktəblərində işləyənlərdir.

Tədqiqat aparılan 42 məktəbdə 50 kompüter kabineti 655 kompüter dəsti ilə təchiz edilib. Məktəblərdə müxtəlif fənlər üzrə 82 dərs dinlənilib, 66 açıq dərsin icmalı və 24 videoicmal təhlil edilib”.

18 məktəbdə 50 faizdən aşağı, 24 məktəbdə 50 faizdən yuxarı olan keyfiyyət göstəricisi

Araşdırmalar zamanı aydın olub ki, birinci yarımildə 18 məktəbin keyfiyyət göstəricisi 50 faizdən aşağı, 24 məktəbin keyfiyyət göstəricisi 50 faizdən yuxarı olub. Aparılan sorğuda “Təlimin keyfiyyəti” bölməsinin və açıq suallara verilən cavabların təhlili nəticəsində müəllimlərin təlim prosesində yeni pedaqoji və İKT texnologiyalarından istifadə səviyyəsini müəyyənləşdirmək mümkün olub:

“Tədqiqat aparılan şəhər, rayon mərkəzi və kənd məktəbi müəllimlərinin tədris prosesində 42 adda metod və fəaliyyət növlərindən hansı səviyyədə istifadə etdikləri təhlil edilib, nəticələr alınıb və təkliflər hazırlanıb. Alınmış nəticələr cədvəl və diaqramlarda öz əksini tapıb”.

Şimal bölgə məktəblərində İKT-dən istifadənin səviyyəsi cənub və arana nisbətən yüksək olub

Nəticə göstərib ki, tədqiqat aparılmış 42 məktəbin hamısında, müxtəlif səviyyələrdə yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edilir. Bunun nəticəsi kimi, birinci yarımilin yekununa görə, bu məktəblərin 54 faizində keyfiyyət 50 faizdən yuxarı, 90 faizində isə müvəffəqiyyət 90-100 faiz arasında olub. Şimal bölgə məktəblərində yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadənin səviyyəsi cənub və aran bölgə məktəblərinə nisbətən yüksək olub:

“Yeni pedaqoji texnologiyalardan istifadənin əsas istiqamətləri innovasiyalarla əlaqədar biliyin, müvafiq anlayışların düzgün mənimsənilməsi, müasir təlim prinsipləri və təlim metodlarından öz yerində maksimum səmərəli istifadə olunması ilə bağlıdır. Tədris prosesində yeni metod və fəaliyyət növlərindən istifadəyə görə şəhər məktəb müəllimlərinin göstəriciləri rayon və kənd məktəb müəllimlərinin göstəricilərindən əsasən yüksəkdir. Rayon mərkəzində yerləşən məktəblərdə bəzi göstəricilər şəhər məktəblərindən yüksəkdir”.

Müasir texnologiyalar təhsildə - həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici

R.Mehdiyevanın sözlərinə görə, pedaqoji texnologiya yalnız təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir: “Pedaqoji prosesə sistemli, elmi və ardıcıl tətbiq edildikdə o, təhsilin ayrılmaz bir hissəsinə çevrilir. İKT - innovativ tədris və öyrənmə imkanlarının təmin edilməsi üçün müəllimlərə böyük imkanlar yaradır, onlar səmərəli məktəb idarəçiliyinin təşkil edilməsində əhəmiyyətli rol oynayır.

Yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə müəllim-şagird münasibətlərinə müsbət təsir edir, münasibətlərin genişlənməsinə və şagirdlərin sərbəst çalışmalarına şərait yaradır. Müasir təlim texnologiyalarının köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə göstərir. Məktəblərdə İKT avadanlıqları xüsusi kompüter laboratoriyalarında yerləşdirilib ki, onlardan müəllimlərin nəzarəti altında və müəyyən edilmiş saatlarda istifadə edilir”.

İKT istedadlıları üzə çıxarır

Şöbə müdiri deyir ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən tətbiqi dərsi zənginləşdirir, istedadlı şagirdləri üzə çıxarır, onların inkişafına şərait yaradır, mövzunun izahına əyanilik gətirməyə, şagirdlərdə dünyagörüşünün formalaşmasına, təlimin keyfiyyətinin yüksəldilməsinə şərait və imkan yaradır, şagirdlərin bilik və intellektual səviyyəsini inkişaf etdirir: “Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır.

Təlimin subyekt-subyekt xarakter daşıması, tədqiqat üsulu vasitəsilə keçilməsi, dərsin dialoq şəklində aparılması, müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, qrup, cütlərlə iş, fərdi və kollektiv formada işdən geniş istifadə, şagirdlərin birgə fəaliyyəti, təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi və s. fəal təlimin üstün xüsusiyyətlərindəndir ki, ümumi təhsil məktəblərində tətbiqinə səy göstərilir”.

İnnovativ metodlardan ən çox istifadə edən qadın müəllimlərdir

Tədqiqatın başqa maraqlı məqamı da var. Belə ki, innovativ metodlardan ən çox istifadə edən qadın müəllimlərdir, xüsusilə, ibtidai siniflərdə çalışanlar. Həmçinin, yaşı 25-55 və pedaqoji iş stajı 5-25 il olan müəllimlər yeni metod və fəaliyyət növlərindən tez-tez istifadə edirlər: “Müəllimlərin ixtisasartırma təhsilinin yeni modeli əsasında nəzərdə tutulmuş peşə fəaliyyətinin ümumi əsasları, ixtisas sahələri və innovasiyalar üzrə təlimlərdə iştirakına diqqət artırılıb. Dövlət proqramı çərçivəsində son 8 ildə ümumi təhsil məktəblərində 99962 müəllim və inzibati heyət İKT üzrə xüsusi hazırlıq kursları keçilib ki, bu da pedaqoji kadrların 63 faizini təşkil edir”.

Rəqəmli texnologiyaların istifadəsinə maneçilik törədən amilləri aradan qaldırmağın yolu

R.Mehdiyeva ümumi təhsil məktəblərində kompüter sayının artırılmasına, laboratoriyaların zənginləşdirilməsinə və sayının çoxaldılmasına, müəllim və laborantların təlim kurslarına cəlb olunmasına və təlim kurslarının keyfiyyətinin yüksəldilməsinə ehtiyac olduğunu deyir.

Tədqiqatın nəticələrinə əsasən hazırlanmış təkliflərə görə, İKT-nin tətbiqi innovativ bacarıqların inkişaf etdirilməsi üçün metod kimi təklif edilməlidir. Tədris-təlim prosesində rəqəmli texnologiyaların geniş istifadəsinə maneçilik törədən amillərin aradan qaldırılması üçün rəqəmli şəbəkə infrastrukturunun inkişaf etdirilməsinə, təhsil müəssisələrinin ölkədaxili internet şəbəkəsi ilə əhatə olunmasına və sürətli internet əlaqəsi ilə təmin edilməsinə şərait yaradılmalıdır. Multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesinə tətbiq olunması sürətləndirilməlidir”.

Uzunmüddətli kredit əsasında müəllimlərin kompüterlə təminatı işi davam etdirilməlidir

Müəllimlər üçün hazırlanan tövsiyələrə gəlincə, onlar dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalı, İKT-dən istifadə etmək bacarıqlarının yüksək səviyyədə olmaları üçün texniki təminatı lazımi materiallarla zənginləşdirməli, dərsə yaradıcı yanaşmalı, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməlidirlər. R.Mehdiyeva şagirdlərin biliyi tədqiqat yolu ilə əldə etmələri üçün interaktiv təlim prosesinin qurulmasını da tövsiyə edir:

“Respublikanın rayonlarında mərkəzləşmiş qaydada, uzunmüddətli kredit əsasında müəllimlərin kompüterlə təminatı işi davam etdirilməli və faizsiz kreditlə təmin edilməsi imkanları, eyni zamanda rayon müəllimlərinin imkan daxilində sərfəli internet paketlərlə təminatı da araşdırılmalıdır”.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 3707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024