12px13px15px17px
Tarix:04/02/13

Qırğızıstanda “SİNAM” şirkətinin iştirakı ilə "elektron hökumət" sahəsində yeni texnologiyalar təqdim olunub

Bişkekdə "SİNAM” şirkətinin vergi inzibatçılığının təkmilləşdirilməsi layihəsi timsalında “elektron hökumət”in yaradılması təcrübəsi və “Oracle” şirkətinin informasiya texnologiyaları sahəsində texnoloji yenilikləri" adlı konfrans keçirilib.

Qırğızıstan Respublikasının Hökumət aparatının informasiya siyasəti şöbəsindən verilən məlumata əsasən, konfransa Prezident Aparatının, parlamentin, hökumətin, donor birliyinin, banklar və digər qurum və şirkətlərin nümayəndələri dəvət olunub. Sözügedən tədbirin məqsədi regional və dünya səviyyəsində “elektron hökumət”in yaradılması sahəsində mövcud olan cari təcrübənin, davamlı inkişaf perspektivlərinin, bu istiqamətdə ikitərəfli əməkdaşlığın araşdırılması yollarının öyrənilməsindən ibarət idi.

Qeyd etmək lazımdır ki, hazırda Qırğızıstanın bütün dövlət qurumları ölkədə “elektron hökumət” prinsiplərinin və iş üsullarının tətbiqi sahəsində fəal iş aparırlar. “Elektron hökumət”in yaradılması 2013-2017-ci illərdə Qırğızıstan Respublikasının Davamlı İnkişafı üzrə Milli Strategiyanın prioritetlərindən biridir.


Konfrans zamanı Azərbaycanın “SİNAM” şirkəti inteqrasiya olunmuş vergi inzibatçılığı sistemi (İTAS) timsalında “elektron hökumət” üçün informasiya sistemlərinin işlənib hazırlanması sahəsində əldə etdiyi təcrübəsini bölüşdü.

Sözügedən layihə Qırğızıstan hökuməti ilə birgə Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətinin əsas biznes-proseslərini əhatə edən müasir vergi inzibatçılığı sisteminin tətbiqindən ibarətdir.

Layihənin icrası zamanı ən müasir İT texnologiyalarından istifadə edilmişdi. Belə ki, Qırğızıstan Respublikasında ilk dəfə olaraq analitik hesabatlılıq sisteminin yaradılması üçün “Oracle Business Intelligence” sistemi istifadə olunmuşdu.

Qeyd edək ki, analitik sistemlərin və hesabatlılığın yaradılması üçün nəzərdə tutulan bu məhsul biznes-təhlil üçün müasir platformanı təmin edir ki, bu da bütün təşkilat miqyasında daha yaxşı qərarların qəbul edilməsi məqsədilə tam və mühüm məlumatları vaxtında almağa imkan verir. Birgə təqdimat zamanı “SİNAM” və “Oracle” şirkətləri “İTAS” layihəsi timsalında sözügedən proqram məhsulu və onun tətbiqi imkanları haqqında ətraflı məlumat verdilər. "Oracle” fəaliyyətində DB texnologiyalarına və perspektivlərinə baxış" adlı təqdimatda şirkət yarandığı andan təqdim etdiyi özünün ən məşhur məhsulu – “Oracle Database” haqqında məlumat verdi. Hazırda verilənlər bazasının idarəedilməsi üçün nəzərdə tutulan bu sistem istənilən mühüm informasiya sisteminin mütləq hissəsinə çevrilib.

Şirkət nümayəndələri həmçinin verilənlər bazasının hər növ proqramları üçün nəzərdə tutulan inteqrasiya olunmuş "Oracle Exadata DB machine" platforması haqqında danışdılar. "Oracle Exadata DB machine" verilənlər bazasının idarəetmə serverlərindən, məlumat saxlama sistemlərindən, periferiya və şəbəkə avadanlığından, həmçinin proqram təminatından ibarətdir.

RƏVAN



Baxış sayı: 897

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024