12px13px15px17px
Tarix:08/02/13

Elmi məqalələrin “Thomson” reyestrində öz əksini tapması üçün silsilə tədbirlər keçirilir

Dünyanın elmi informasiya bazalarının imkanlarından istifadə innovativ ideya və tendensiyaları əks etdirən yüksək keyfiyyətli məqalələrin hazırlanması, alimlərin tədqiqatlarının, innovativ nəticələrinin təbliği kimi mükəmməl imkanların əldə edilməsi baxımından mühüm amildir.

Son illər Azərbaycan alimlərinin beynəlxalq elm aləmində yüksək səviyyədə təmsil olunması üçün "Springer", "Elsevier", "Scopus", o cümlədən "Tomson Reuters" kimi nüfuzlu beynəlxalq elmi bazalarla əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində mühüm işlər görülür.

Ümumiyyətlə, elmi məqalələrimizin dünyanın elmi-informasiya məkanında əksini tapması, elmi jurnalların beynəlxalq bazalarda indeksləşən jurnallar sırasına daxil edilməsi Azərbaycan elmi üçün mühüm göstəricidir. Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, dünya elmi-informasiya məkanında layiqli təmsil olunmaq üçün tədqiqatçı elmi nəticələrini nəzəri və təcrübi yolla əsaslandırmalıdır:

"Elmlər Akademiyasının başlıca vəzifəsi fundamental biliklər əldə etmək və bu haqda məlumatları geniş təbliğ etməkdir. Müasir dövrdə isə bu, yalnız o halda mümkündür ki, hər hansı bir ixtira haqqında informasiya mütəxəssislərin oxuduğu və istinad etdiyi nüfuzlu elmi jurnallarda dərc edilsin. İnformasiya bolluğu əsrində bütün mənbələri nəzərdən keçirmək təbii ki, mümkün deyil. Buna görə də alim və mütəxəssislər jurnallar arasında düzgün seçim etməlidirlər. Geniş bilik, kreativlik və innovativ təfəkkürə malik alimlərin elmi əsərlərinin nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərci daha məqsədəuyğundur. İstinad indeksli jurnallarda çap olunan məqalələr isə təkcə alimin deyil, həm də onun təmsil etdiyi elmi müəssisənin və ölkənin nüfuzunu təyin edir".

Son illər ölkəmizdə digər beynəlxalq elmi bazalarla yanaşı, dünyada intellektual informasiya üzrə ən iri aparıcı provayder olan "Thomson Reuters" Agentliyinin xidmətlərindən geniş istifadə edilməsi üçün məqsədyönlü işlər aparılır. Elmi məqalələrin "Thomson" reyestrində öz əksini tapması, elmi jurnalların agentliyin "impact factor"unu alması, veb-biliklərdən səmərəli istifadə, mövcud problemlərin dünyada vəziyyətinin dərindən araşdırılması qaydalarının aşılanması üçün silsilə tədbirlər keçirilir:

"Dövlətin elmi-texniki siyasətinin, milli İKT proqramlarının həyata keçirilməsində yaxından iştirak edən AMEA İnformasiya Texnologiyaları İnstitutu da bu qəbildən olan tədbirlərin təşkili istiqamətində vacib işlər aparır. Alimlərin elmi məqalələrinin "Tomson Reuters"in bazasında indeksləşən nüfuzlu jurnallarda intensiv olaraq nəşr olunması istiqamətində zəruri tədbirlər görülür. Gənc alim və tədqiqatçılara bu sahədə daha geniş məlumatların verilməsi, dünya təcrübəsinin öyrənilməsi üçün təcrübəli mütəxəssislərlə görüşlər, treninq və seminarlar təşkil edilir". Dünyanın nəhəng elmi informasiya mənbəyi olan "Tomson Reuters" böyük layihələrdə iştirak etmək, patent və qrantlar almaq kimi geniş imkanlara da malikdir. Azərbaycanlı alimlərin "Reuters"də təmsil olunması ölkəmizin elmi nailiyyətlərinin, aparılan tədqiqatların dünyaya çatdırılması baxımından vacib və mühüm amildir:

"Alimlərimizin məqalələrinin istinad indeksli jurnallarda sayı ildən-ilə artmaqdadır. Təkcə ötən ildə AMEA İnformasiya Texnologiyaları İnstitutu alimlərinin "Thomson Reuters"də 12 elmi məqaləsi, ümumilikdə isə nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda 35 məqaləsi çap olunub. Dünyanın məşhur reyestrləri olan "Scopus", "Thomson Reuters", DBLP, "Scirus"un statistikasına görə, son 5 ildə institut əməkdaşlarının nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda 170-dən çox məqaləsi çap edilib".

HƏQİQƏT



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024