12px13px15px17px
Tarix:19/02/13

“AZLİBNET” Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimatı keçiriləcək

Cari il fevral ayının 20-də, saat 12:00-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında respublikada ilk Toplu kataloqun və "AZLİBNET" Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) təqdimat mərasimi keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, təqdimat mərasimində Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, respublikanın tanınmış ziyalılarının, elm və mədəniyyət xadimlərinin, şəhər (rayon) kitabxanalarının rəhbərləri və geniş ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiqi bu sahənin inkişafına səbəb olub. Dövlət Proqramının reallaşdırılması üzrə Tədbirlər Planına uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha effektiv həyata keçirilməsində Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET) xüsusi xidmətləri vardır.

"AZLİBNET" - Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Cənclər Kitabxanasının nəzdində yaradılıb. Onun prioritet istiqamətlərindən biri kitabxanalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir. "AZLİBNET"-nin məqsədi Azərbaycan kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaqdan ibarətdir.

"AZLİBNET"-in əsas vəzifəsi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan respublika əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-nin elektron resurslarının vahid mərkəzdən idarə olunmasına, onların təhlükəsizliyinin təmin edilməsinə, elektron resursların istifadəçilərə fasiləsiz və operativ olaraq təqdim edilməsinə, kataloqlaşdırma zamanı əlavə vaxt, zaman, vəsait itkisinin, habelə biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasına nail olmaqdır.

"AZLİBNET" Mərkəzinin hazırda həyata keçirdiyi ən vacib iş Azərbaycan kitabxanalarında birgə kataloqlaşdırma, kitabxanaların Milli Toplu Elektron Kataloq sistemini yaratmaqdır. Azərbaycanın Toplu Elektron Kataloqu böyük ümummilli əhəmiyyətə malikdir.

O, kitabxanaların inkişafının strateji istiqamətidir. Onun yaradılması Azərbaycan kitabxana fondlarının məzmunu haqqında informasiya almağa, ölkənin bütün ərazisində istifadəçilərə sənədlərin rasional çatdırılmasını təmin etməyə, komplektləşdirmə prosesini koordinasiya etməyə, mərkəzləşdirilmiş kataloqlaşdırma prosesini təşkil etməyə imkan verəcək.

"AZLİBNET" Mərkəzi vasitəsi ilə respublikada mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən idarə edilməsi sistemi yaradılıb. Mərkəz respublikanın bütün kitabxanaları ilə (sahəvi, elmi, kütləvi) əlaqələr qurur. Toplu kataloqdan "AZLİBNET" Mərkəzinin www.azlibnet.az
və ya C.Cabbarlı adına Gənclər Kitabxanasının "www.ryl.az" ünvanlı veb-saytları vasitəsilə istifadə etmək olar.

CAHANGİR



Baxış sayı: 1818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024