12px13px15px17px
Tarix:25/02/13

MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının portalı hazırlanıb

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının portalı ("MDB portalı") hazırlanıb. Kompleks proqram vasitələrinin 2.0 versiyasının (portalın) yaradılmasında məqsəd MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının informasiya təmsilçiliyinin təşkili, MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin vəzifəli şəxsləri tərəfindən həyata keçirilən birgə fəaliyyətin əlaqələndirilməsi, informasiya-məlumat dəstəyi vasitəsilə qarşılıqlı fəaliyyətin əlverişliliyinin və səmərəliliyinin artırılmasıdır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitədən bildirilib ki, portalın istifadəsi ilə bağlı Moskva şəhərində təlim də keçirilib. Həmin təlimə DGK-nın Xarici Əlaqələr İdarəsinin əməkdaşı, gömrük xidməti polkovnik-leytenantı Vüqar Həmidli qatılıb. "MDB portalı"na gəlincə, bu məqsədin həyata keçirilməsi üçün bir sıra məsələlərin həlli vacibdir. Belə ki, MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin vahid informasiya internet resursunun formalaşdırılması, gömrük xidmətlərinin fəaliyyəti haqqında məlumatın dərc edilməsinin təminatı, gömrük xidmətlərinə sənədlərlə və sorğu məlumatları ilə mübadilə imkanının təmin edilməsi, gömrük xidmətlərinə sənədlər və layihələr üzərində birgə iş üçün dəstəyin təmini, həmçinin gömrük xidmətlərinə gömrük işi sahəsində fəaliyyətlə bağlı strukturlaşdırılmış məlumat mübadiləsi imkanının yaradılması təmin edilməlidir.

Bununla bağlı keçirilən təlimdə də vurğulanıb ki, MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının təşkilati strukturuna müvafiq olaraq "MDB portalı" bir sıra məsələlərin həllini təmin edir: "Bunlara misal olaraq, Gömrük Xidməti Rəhbərləri Şurası Katibliyi səviyyəsində inzibati funksiyanın yerinə yetirilməsi və proqram-aparat təminatının idarə edilməsi, həmçinin məlumatların emalı və təşkilati məsələlərin həllini, Gömrük Xidməti Rəhbərləri Şurasının iştirakçıları səviyyəsində əsas məqsəd daşıyan funksiyaların yerinə yetirilməsini, müşahidəçi səviyyəsində isə "MDB portalı"nın məlumat bazasına "yalnız oxumaq" rejimində daxil olmağa imkan yaradılmasını göstərmək olar".

Qeyd edək ki, "MDB portalı" ilə işləmək üçün istifadəçi veb-brauzer (məsələn, Microsoft İnternet Explorer) və "ofis" proqramı "Windows" (MS Word, MS Excel və s.) ilə işləmək təcrübəsinə, həmçinin intranet sisteminin tətbiqinə dair ümumi məlumata malik olmalıdır. "MDB portalı"nda portalla işləmək və istifadəçinin qeydiyyatdan keçmə qaydaları, MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin vəzifəli şəxslərinin əlaqə məlumatlarını, MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin fəaliyyəti barədə yeni və aktual mövzuları, MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının qərarlarını, gömrük işi sahəsində milli qanunvericiliyə dair MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin məlumatlarını, gömrük xidmətləri tərəfindən qəbul edilən sənədlər və sənəd layihələrini, MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin internet səhifələrinə keçid üçün linkləri yerləşdirmək olar.

Portalda MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclaslarında baxılacaq məsələlərin müzakirə edilməsi üçün xüsusi yer də ayrılıb. Burada müzakirə olunacaq məsələyə dair üzv ölkələrin gömrük xidmətlərinin ekspertləri təkliflərini təqdim edir, ümumiləşdirilmiş yekun rəy Gömrük Xidməti Rəhbərləri Şurasının Katibliyinə yönləndirilir. Komitədən bildirilib ki, portalın işinin təkmilləşdirilməsi ilə bağlı təlimdə iştirak edən üzv ölkələrin bir sıra təklifləri də səsləndirilib: "Həmin portalda müəyyən bölmələrə daxilolmalar məhdudlaşdırılıb. Ümumi hissədə sənədlərin yerləşdirilməsinə dair bölməyə isə bütün istifadəçilərin daxil olma imkanı var. Bu hissədə "word" formatında yerləşdirilmiş hər hansı sənəd faylı üzərində redaktə işləri aparmaq və ya onu silmək mümkündür.

Bununla bağlı Azərbaycan nümayəndəsi təklif edib ki, bölmədə hər hansı bir istifadəçi tərəfindən yerləşdirilmiş sənəd faylı redaktə edildikdən sonra yaddaşda saxlanıldıqda, qeyd olunan faylın orijinal nüsxəsi başqa bir faylda saxlanılsın, eyni zamanda, sənəddə edilmiş dəyişiklik və ya əlavələr fərqlənmə üçün qalın, kursiv və ya altından xətt çəkilməklə qeyd edilsin. Bütün təkliflər portalı hazırlayanlar tərəfindən nəzərə alınaraq, onlara bir daha baxılacağı qeyd edilib".

DGK-dən qeyd edilib ki, portalın fəaliyyəti ilə bağlı keçirilmiş bu təlimin nəticələri MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının ekspertlərinin iclasında bir daha müzakirə olunacaq.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024