12px13px15px17px
Tarix:01/03/13

Dövlət qulluğuna qəbulda e-xidmətin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" platformasının "Dövlət idarəçiliyi sahəsində islahatlar" paneli çərçivəsində "E-qəbul sistemləri və digər e-hökumət alətləri" mövzusunda seminar təşkil edib.

"ICTnews" elektron xəbər xidmətinə komissiyadan verilən məlumata görə, seminarda Polşa, Rumıniya, Estoniya, Gürcüstan, Moldova, Ukrayna və Belarusun dövlət qulluğu sahəsində müvafiq qurumların, Avropa Şurasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Avropa İttifaqının Bakı nümayəndəliklərinin, Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının, Dövlət Neft Şirkətinin və komissiyanın əməkdaşları iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd dövlət qulluğuna qəbulda e-xidmətin tətbiqi sahəsində Azərbaycanın əldə etdiyi uğurları xarici dövlətlərin analoji qurumları ilə bölüşməkdən, eyni zamanda bu sahədə xarici təcrübəni öyrənməkdən ibarət olub.

Giriş sözündə seminar iştirakçılarını salamlayan Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanın gənc dövlət olmasına baxmayaraq, dövlət qulluğu sahəsində, o cümlədən də dövlət qulluğuna qəbul sahəsində İKT-nin tətbiq edilməsi istiqamətində əldə etdiyi uğurları qeyd edib. Komissiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin informasiya və kommunikasiya texnologiyalarının bütün sahələrdə tətbiqinə xüsusi önəm verdiyini xüsusi vurğulayaraq bu yöndə görülən işlərdən danışıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2013-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib, bu ilin fevral ayının əvvəlində Azərbaycanın ilk süni telekommunikasiya peyki kosmosa çıxarılıb, respublikamızda ən yeni texnologiya – "4G" tətbiq edilib, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzləri yaradılıb.

Sonra komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi N.Mirzəyeva "Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğu sistemi" mövzusunda, həmin şöbənin baş məsləhətçisi F.Mayılov isə "Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın e-xidmətləri" mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatlarda Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğu sistemi, dövlət qulluğu sahəsində İKT-nin tətbiqi və bu sahəni tənzimləyən normativ-hüquqi aktlar, komissiyanın əsas fəaliyyət istiqamətləri, o cümlədən dövlət qulluğuna qəbul, komissiyanın göstərdiyi e-xidmətlər, dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu, müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi, dövlət qulluqçularının Reyestrindən məlumatların verilməsi, dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi və s. e-xidmətlər barədə geniş məlumat verilib.

Bundan əlavə seminarda dövlət qulluğuna qəbulda İKT-nin tətbiqi sahəsində Gürcüstan və Rumıniya təcrübəsi dinlənilib. Belə ki, T.Tsotskhalaşvili (Gürcüstan Dövlət Qulluğu Bürosu) "Gürcüstanın dövlət qulluğunda e-idarəetmə sistemi" mövzusunda, S.G.Pietris (Rumıniyanın Dövlət Qulluqçularının Milli Agentliyi) isə "Rumıniyada dövlət qulluqçularının qəbulu üçün xidmətlər - e-test" mövzusunda təqdimatla çıxış ediblər.

Təqdimatların sonunda mövzular ətrafında müzakirələr keçirilib. Seminardan sonra qonaqlar komissiyanın test imtahanı zalında olub və dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanında İKT-nin tətbiqi ilə tanış olublar.

CAHANGİR



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024