12px13px15px17px
Tarix:07/03/13

Azərbaycanda Hökumət Ödəniş Portalının yaradılması yaxın zamanlarda başa çatacaq

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. “Hökumət Ödəniş Portalının Yaradılması” layihəsi Azərbaycan Mərkəzi Bankının sifarişilə “CMA Small System” və “SİNAM” şirkətləri tərəfindən həyata keçirilir.

Layihə 2012-ci ilin yanvar ayından reallaşdırılır və yaxın zamanlarda başa çatacaq. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin “elektron hökumət”in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır.

Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platformunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən “elektron hökumət” konsepsiyası çərçivəsində yeni funksional imkanlar yaradılır.

Hazırda “SİNAM” şirkətinin mütəxəssisləri layihə çərçivəsində veb-servis funksionalının tətbiqini başa vurub. Veb-servis funksionalı sistemə qoşulmuş təşkilatlara verilənlər bazasını real zaman rejimində yeniləşdirməyə imkan verir.

Veb-servis texnologiyasının tətbiqindən əvvəl ödəmələr haqqında məlumatlarda gecikmələr olurdu. Veb-servis texnologiyasının tətbiqindən sonra isə məlumatlar real zaman rejimində yenilənəcək. Daxili İşlər Nazirliyinin xətti ilə olan ödəmələr artıq veb-servis texnologiyası üzərində qurulmuşdur. Hazırda digər dövlət təşkilatlarının bu texnologiya vasitəsilə sistemə qoşulması istiqamətində iş gedir. Qeyd etmək lazımdır ki, KÖMİS sistemi 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir.

Dövlət Ödəniş Portalının tam tətbiqindən sonra digər təşkilatların da bu sistemə qoşulması başa çatdırılacaq. Mərkəzi Bankın klirinq sistemilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və “Azərpoçt” şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda də qəbul olunur.

Bundan əlavə, internetlə də, yəni “apus.az” saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur. Sistem həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar.

Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur. “Apus.az” saytındakı məlumata əsasən, bu günə kimi KÖMİS sisteminə 59 qurum qoşulmuşdur ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. 700-ə yaxın ödəniş məntəqəsində bu təşkilatların abonentlərinə borclar haqqında məlumatlar çatdırılır və xidmət haqları qəbul edilir. Hal-hazırda sistemdə gündəlik emal olunan sənəd sayı 35-50 min arasında dəyişir.

Həmçinin respublikada fəaliyyət göstərən “MilliKart” MMC və “AzəriCard” MMC kimi kart prosessinq mərkəzləri sistemə inteqrasiya olunmuş və bu mərkəzlərdə xidmət olunan bankların müştəriləri bankomat şəbəkəsindən və KÖMİS-in “www.apus.az” İnternet servis xidmətindən istifadə etməklə borcları haqqında məlumatları ala bilər, ödəniş kartları vasitəsilə ödənişlərini apara bilirlər.

Sistemə 4 milyondan çox abunəçi haqda məlumat yüklənmişdir. Statistikaya görə, 2012-ci ildə sistem vasitəsilə 481,2 milyon manat həcmində ödəniş həyata keçirilib. Gündəlik orta ödəmələrin həcmi 1,5 milyon manat olub.

HƏQİQƏT



Baxış sayı: 1059

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024