12px13px15px17px
Tarix:09/03/13

Bu il Naxçıvanda “Elektron hökumət” sisteminə keçid başa çatdırılacaq

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infra­strukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir.

Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin fevral ayında respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nı təsdiq etmişdir.

Milli strategiyanın qəbulundan ötən müddət ərzində rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilib.

Rabitə və informasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür.

Son illər həyata keçirilən Dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, "elektron hökumət"in yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş, bu il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini əhatə edib. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar.

İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da rabitə və informasiya texnologiyaları yeni inkişaf mərhələsinə yüksəlib. Muxtar respublikada da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir.

Naxçıvanda rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırkı sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır.

Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr "elektron hökumət" və genişzolaqlı xidmətlərin həyata keçirilməsinə mühüm şərait yaradıb. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 87,3 faizi optik şəbəkəyə birləşdirilib.

Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində "Evədək optika" layihəsinin icrasına başlanıb. Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılmış, Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, son 9 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni obyektlərin istifadəyə verilməsi ilə 128 yeni iş yeri açılıb. 2004-2012-ci illər ərzində muxtar respublikada yeni elektron tipli avtomat telefon stansiyalarının və "Naxtel" simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının yaradılması ilə 27 min 652 yeni telefon nömrəsi istismara verilib. 1 yanvar 2013-cü il tarixə muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatdırılıb.

Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, Şərur və Sədərək rayonlarının bütün ərazisini əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları istifadəyə verilmiş, muxtar respublikanın telekommunikasiya şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilib.

Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılıb, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83 faizi internetə qoşulub, internet xidmətlərinin tarifləri aşağı salınıb.

Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 80 faizində simsiz internet, 58 faizində isə genişzolaqlı internet xidmətləri göstərilir. Bütün bunlarla yanaşı, 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılıb, eləcə də, fiber-optik kabellər çəkilib və yeni poçt şöbələri yaradılıb. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olub.

Bu gün muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və "elektron hökumət"in formalaşdırılması zəruri məsələlərdən birinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında" 2011-ci il 15 iyul tarixli Fərmanı bu istiqamətdə görülən işlərin əhatə dairəsini genişləndirib, təşkilati, texniki və digər məsələlərin həllinə ciddi təkan verib.

Fərmana uyğun olaraq, 76 dövlət orqanına internet səhifəsi hazırlanıb, onlara domen adları, elektron poçt ünvanları verilib və qlobal şəbəkədə yerləşdirilib. Həmçinin nazirlik tərəfindən 34 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilib, xidmətlərin reqlamentlərinin hazırlanmasına köməklik göstərilib.

Nazirlikdən verilən məlumata görə, Elektron İmza Sertifikat Mərkəzinin və "Elektron hökumət" portalının yaradılması üçün fəaliyyət planı hazırlanıb. Ötən il dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında "elektron hökumət" layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə "Elektron hökumət" informasiya sisteminin layihəsi təqdim edilib. Müşavirədə Ali Məclisin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında mühüm vəzifələr qoyularaq "Elektron hökumət"ə keçidin 2013-cü ildə başa çatdırılması barədə konkret tapşırıq verilib.

Muxtar respublikada rabitə və informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə edir. "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində muxtar respublikanın 82 poçt şöbə və bölməsində kompüter avadanlıqları quraşdırılmış, poçt xidmətinin səviyyəsi yüksəldilib.

Hazırda muxtar respublikada beynəlxalq poçtun daşınması üçün "Express Mail Servis" və DHL ekspress poçt xidmətləri də fəaliyyət göstərir. Ümumiyyətlə, yeni xidmətlərin istifadəyə verilməsi 2004-cü illə müqayisədə gəlirlərin 3,2 dəfə, pul baratlarının mübadiləsinin 8,5 dəfə, poçt bağlamalarının mübadiləsinin isə 6,9 dəfə artmasına səbəb olub.

Ötən müddətdə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımının təşkili də diqqət mərkəzində saxlanılmış, ötən ilin fevral ayından etibarən rəqəmsal televiziyanın yayımına başlanılıb. Ötən ilin dekabr ayında Ukrayna Respublikasının "Kvant-Efir" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Duzdağ Radio-Televiziya Verici Stansiyasında mövcud televiziya vericisi yenidən qurularaq daha bir rəqəmsal verici işə salınıb.

Məlum olduğu kimi, "Azərspace-1" peykinin orbitə buraxılması ilə muxtar respublikamızın ərazisində də keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli internet xidmətlərinin göstərilməsi təmin olunacaq, giriş-çıxış telekommunikasiya kanallarının üçüncü alternativi yaranacaq, məsafədən təhsil və elektron səhiyyə kimi proqramlar üçün platforma yaradılacaqdır.

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin peyklərin idarə olunması üçün ehtiyat idarəetmə mərkəzinin Naxçıvan ərazisində yaradılması bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsidir.



Baxış sayı: 2139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024