12px13px15px17px
Tarix:15/03/13

«Elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması, işin səmərəli təşkilinə imkan verir»

Qəbələdə "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda tədbir keçirilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələnin sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Qəbələdə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirmiş, elektron xidmətlərin əhəmiyyətini vurğulayıb. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında Azərbaycan Respublikasının Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində iqtisadiyyatın digər sahələri kimi, informasiya texnologiyaları sahəsində də ciddi irəliləyişlər əldə olunduğunu, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini qeyd edib.

Diqqətə çatdırıb ki, elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir. İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi barədə geniş məlumat verən nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, nazirliyin "www.economy.gov.az" internet səhifəsində elektron xidmətlər bölməsinin yaradıldığını qeyd edib.

Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Ümumiyyətlə, nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.

Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir.

Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb. Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların onlayn rejimində qəbula yazılmaları, onların müraciətlərinin onlayn rejimdə qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı videoəlaqəsi, vətəndaşlarla onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), "www.icazeler.gov.az" icazələrin elektron informasiya portalı, "www.b2b.az" elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunub.

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək" layihəsi ilə birgə Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları, sahibkarların bu səhifədən istifadə edərək necə faydalana biləcəkləri və Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırıb.

Nazirliyin Elektron idarəetmə şöbəsinin müdiri Kamran Əliyev tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların onlayn qəbulu və s. xidmətlərdən onlayn rejimində istifadə prosedurunu nümayiş etdirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) nümayəndələri elektron xidmətlərin tətbiqinin bu sahədə səmərəliliyinin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına müsbət təsir göstərdiyini bildirmiş, qabaqcıl texnologiyaların tətbiqi ilə elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd ediblər.

SEYMUR



Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024