12px13px15px17px
Tarix:16/03/13

Klassik, yoxsa onlayn təhsil?

Davos Forumunda innovativ texnologiyalarla bağlı müzakirə olunan məsələlər Rusiya təhsil cəmiyyətinin də diqqətini cəlb edib. Forumda onlayn texnologiyaların təhsildə inqilabi dəyişikliklər yarada biləcəyi ilə bağlı mübahisələr qızışıb. Davosda müzakirə olunan Stenford Universitetinin professoru Dafna Kollerin onlayn təhsillə bağlı «RevolutiOnline.edu" layihəsinı rusiyalı ekspertlər birmənalı qarşılamayıb.

"Onlayn təhsil dünyanı dəyişir" şüarı ilə çalışan təhsil portalı dünyanın istənilən istifadəçisinin və ən nəhəng universitetlərinin bu kurslara daxil olmasına imkan verir.

Keçən ildən fəaliyyət göstərən portaldan dünyanın 196 ölkəsindən 2,3 milyon insan istifadə edir. Layihənin investorları nəhəng Amerika universitetləri və şirkətləridir. Dafna Koller öz layihəsini «Dünyadan kursa» adlandırıb. Onun fikrincə, bu layihə dünyanın ən yaxşı universitetlərinin qabaqcıl kurslarını birləşdirəcək. Kurslar içərisində ən məşhurları fəlsəfə, məntiq və dəqiq elmlərdir. Dafna Koller layihənin məqsədini dünyada innovasiyaların inkişafı ilə əlaqələndirib. Həmçinin müəllif əsaslandırır ki, keçən il Yohannesburq Universitetində baş verən faciəli hadisə onu bu layihəni həyata keçirməyə sövq edib.

Belə ki, qəbuldan sonra universitetə boş qalan yerlərə qəbul elan olunub. Həmin gecə universitetin darvazası ağzına yüzlərlə insanın növbəyə düzülüb. Səhər darvazanı açanda basabas başlayıb, 20 insan yaralanıb, bir qadın ayaqlar altında qalaraq vəfat edib. Qadının öz uşağının yaxşı həyata şans qazanmasından ötrü həyatını itirməsi Dafna Kolleri sarsıdıb və o, sözügedən layihə haqqında düşünüb.

Klassik, yoxsa onlayn?

Dafna Koller Moskva Dövlət Universitetinin və Bauman adına Texniki Universitetin müəllimləri qarşısında öz layihəsi ilə çıxış edib.

Ona ünvanlanan ilk sual belə olub: «Onlayn təhsil ənənəvi təhsili sıxışdırıb ortadan çıxaracaqmı?» Portalın yaradıcısı «Mən buna ümid edirəm» deyə cavab verib. «Tələbələrə müstəqil evdə oxumaq və auditoriyaya öyrəndiklərini müzakirə etmək, əlavə materiallar əldə etmək imkanının verilməsi zamanı çoxdan çatıb. Mənə elə gəlir ki, biz daha çox cəmiyyət qururuq, təkcə təhsil sistemi yox".

"Microsoft"un yaradıcısı Bill Qeyts hesab edir ki, məsafəli təhsil ümumi təhsilin inkişafında hərəkətverici qüvvədir. Massaçuset Texnologiya Universitetinin prezidenti Rafael Rayf onlayn təhsili müasir universitetlərdə "ciddi çağırış" adlandırıb. Harvard Universitetinin fəxri prezidenti Lari Sammers inandırır ki, onlayn təhsil yeni ideyaların reallaşması üçün güclü potensialdır. O qeyd edib ki, onlayn inkişaf etmiş ölkələrdə yeni dünya yaradıb. Bu, həmçinin 3-cü dünya ölkələri üçün də çox vacibdir.

Səslənən tezislərə Rusiya Pedaqoqlar Cəmiyyətinin münasibəti tənqididir: «Biznesmenlər təhsildə nə etmək lazım olduğunu diktə edirlər. Təhsil sisteminə bütün ölkələrdə müharibə elan olunub. Bacarıqlı marketinq gedişlərinə "minnətdar" olmaq lazımdır ki, əvvəlcə ənənəvi təhsil sistemini məhv edir və Amerika Ali Korporasiyasının diktəsini – onlayn təhsili həyata keçirməyə çalışırlar".

Artıq Rusiyada təhsilin iki növü – hamı üçün ucuz onlayn və çox baha – elita üçün ənənəvi təhsil sistemi ətrafında müzakirələr genişlənib. Onlayn təhsil Rusiyada məktəbləri və təhsil müəssisələrini birləşdirib müəllimlərin ixtisarına təkan vermək rolunu oynaya bilər. "Onlayn təhsil yarımçıq bakalavrların üçüncü həlqəsini yaratmağa qadirdir" – qorxulardan biri də budur.

Onlayn təhsil layihələrinin tərəfdarları olanlar da az deyil. Müəllifləri isə məsafəli təhsilin əyani təhsili əvəz edəcəyinə əmindirlər. Amma hələlik Rusiya universitetlərində bu layihəyə kimin rəhbərlik edəcəyinə və onun necə həyata keçiriləcəyinə tam qərar verilməyib.

Onlayn təhsil sürətlə yayılacaq

Bir sıra ölkələrdə isə müəllimlər onlayn təhsil oyununun yerli islahatçıların ümidlərini doğrultmamasından narahatdırlar. Maraqlıdır, bəs bizdə onlayn təhsilə münasibət necədir? Ümumilikdə, bu sistemə keçid üçün cəhdlər varmı? Əgər dünyada tərəqqi varsa və bu, dünyanın 34 ölkəsində davam edirsə, demək, yerdə qalan ölkələr də buna qoşulacaq. Azərbaycanda ilk dəfə qoşulan İqtisad Universiteti oldu.

Mütəxəssislər hesab edir ki, onlayn təhsili tam tətbiq etmək üçün vaxt lazımdır. Bu, o qədər də asan proses deyil. İlk öncə onun ədəbiyyat fondu, elektron kitabxanası yaradılmalıdır. Müəllimlər kompüterdən gənclər qədər sərbəst istifadə etməyi bacarmalıdırlar. Bu, vaxt tələb edəcək. Bu gün internetin hüdudsuzluğu bir çox əlavə imkanlar verib.

Bu sistem çərçivəsində tələbələrin auditoriyaya gəlmədən təhsil almaları mümkün olacaq. Onlar nəzəri bilikləri internet vasitəsilə alacaqlar. Amma laborator biliklər vərdişə çevrilməlidir. Tələbələr universitetin laboratoriyalarında bunu keçməlidirlər. Məsələn, nəzəri cəhətdən maşın sürməyi heç kimə öyrətmək olmaz. Bunun üçün maşının mexanizmi, yol hərəkəti qaydalarını mənimsəmək olar, ancaq avtomobili idarə etmək üçün sükan arxasında oturmaq lazımdır. Bunun üçün də laboratoriya mütləqdir.

Ekspertlərin fikrincə, onlayn təhsilin klassik təhsili tamamilə sıxışdırıb sıradan çıxarması mümkün deyil. Bununla belə, onlayn təhsil sürətlə yayılacaq. Onlayn təhsil çox böyük bir yükü öz üzərinə götürəcək. Nəzəri, fəlsəfi məsələləri bildirəcək.

Onlayn təhsil təhsilalmanın alternativ üsuludur. Bu, yaxşı üsuldur. Amma təhsil həm mühazirə, həm də laboratoriyalar vasitəsilə həyata keçirilir. Burada onlayn laboratoriya yaratmaq çətin olar. Tələbə real laboratoriyada oturmalıdır. Nəzəri olaraq tələbəyə virtual mühazirə oxumaq olar, amma virtual laboratoriya aparmaq çətindir. Gələcəkdə ola bilər ki, bunu da yavaş-yavaş kinolaşdırmaq mümkün olacaq.

Təhsilə kömək məqsədi

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı hesab edir ki, onlayn təhsil metodu sinifdə, auditoriyada keçirilən təhsilə kömək məqsədi daşıyır: "İlk dəfə onlayn sistemi – internet vasitəsilə təhsil çıxanda bu, çox böyük əks-səda doğurdu. Ümumiyyətlə, dünyada belə bir söhbət yarandı ki, üz-üzə təhsil aradan çıxacaq. Çünki bu, çox bahalıdır, insan öz yerindən qopub başqa bir şəhərə gəlir, ona müxtəlif təminat lazım olur. Əgər kompüterin qabağında oturub buna yiyələnmək olursa, elə bu metoda üstünlük verilsin. Ancaq çox şeylər var ki, üz-üzə təhsili qətiyyən əvəz edə bilmir. Hərçənd onlaynın özündə də üz-üzələr var. Məsələn, telekonfrans kimi. İstənilən halda bərabər çalışmaq çox mühümdür. Bu, bir növ gündəlik təhsilə kömək məqsədi güdür".

Bununla belə H.İsaxanlı hesab edir ki, onlayn təhsil müstəqil olaraq da mövcud ola bilər:

"Bununla məşğul olan institutlar da var. Ancaq bu, məhdud bir dairədədir. Bir var, tutaq ki, kimsə xaricdəki hansısa bir universitetdən hər hansı bir sahə üzrə istənilən məlumatları alsın. Onların onlayn kurslarına daxil olub daimi hazırlaşır, vaxt sərf edir, onların imtahanlarına daxil olur və s. Bu, az sayda insanlar olacaq. Bir də var, universitetin içində onlayn dərslərin verilməsi. Bunun üçün xüsusi sistem var. Yəni dərslər orada elektron versiyada qoyulur. Kimsə universitetdə deyilsə, məsələn, öz iş yerindədirsə, o, həmin dərsdən istifadə edə bilir. Hətta imtahanı onlayn verə bilir. Məsələn, sistem deyir ki, sənə 25 dəqiqə ərzində vaxt verilir, qaydalar budur. Sən bu vaxt müddətində oturub interaktiv suallara cavab verirsən. Vaxt tamam olanda sistem avtomatik sönür. Sistem özü sənin qiymətini verir. Biz bəzi fakültələrimizdə bu sistemdən istifadə edirik. Amma üz-üzə sistem də var və ondan da istifadə olunur". H.İsaxanlı bütünlüklə onlayn sistemə keçidi mümkünsüz sayır: "Düşünürəm ki, bu metod sinifdə keçirilən təhsilə kömək məqsədi rolunu saxlayacaq".

Zaman və tələblər

Bu yaxınlarda "Kaspi" Təhsil Mərkəzi tərəfindən təqdimatı keçirilən "oxu.tv" layihəsinin təşkilatçıları da layihənin ölkə məktəblilərinə, gənc müəllim kollektivlərinə, ailələrə, ümumiyyətlə, Azərbaycan cəmiyyətinə dəstək funksiyası daşıdığını bildirirlər. Belə ki, layihədə Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üçün nəzərdə tutduğu bütün proqramlar ardıcıl, sistemli, pedaqoji dərs metodikasına aid olan bütün üslub və nəzəriyyələri əhatə edərək verilib.

Mərkəzin direktoru Elnur Əliyev məqsədlərinin Azərbaycanda orta təhsil bazasını daha da möhkəmləndirmək, bütün məktəblilərə yüksəksəviyyəli dərslər almaq imkanları yaratmaq, müəllimlərin və xüsusilə gənc pedaqoji kadrlara alternativ dərslər görmək və bu sahədə təcrübə toplamaq imkanı yaratmaq olduğunu bildirib: "Ən böyük prinsipimiz ondan ibarətdir ki, "oxu.tv" bu və ya digər səbəbdən dərsə gedə bilməyən əlil balalar üçün dəstək olsun".

Göründüyü kimi, bizdə həyata keçirilən onlayn layihələr hələlik təhsilə kömək məqsədi daşıyır. Ümumilikdə onlayn təhsilə keçidə gəlincə, yəqin ki, bunu zaman və tələblər həll edəcək.

RƏVAN



Baxış sayı: 2758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024