12px13px15px17px
Tarix:19/03/13

“StartUp Azərbaycan” layihəsi fəaliyyətə başlayır

“StartUp Azərbaycan” layihəsinin Təşkilat Komitəsi bu gündən etibarən layihəyə start verir və milli “StartUp”-ların qeydiyyatına başlanır.

Təşkilat Komitəsindən verilən məlumata əsasən, layihənin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Təqdim edilən İnternet layihələrinin son məqsədi real İnternet biznesinin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətlənməlidir.

Mümkündür ki, hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif olunsun, belə halda təklif olunan yeni layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır. Layihələr elmi-tədqiqat, araşdırma tipli olmamalıdır.

Bu tip layihələr “StartUp Azərbaycan” çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir. Biznes layihələri bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər. “StartUp”-ların qeydiyyatı 19 Mart tarixdən başlanır və cari ilin may ayının birinci yarısında yekunlaşır. Yarışma 2 mərhələdə həyata keçirilir.

May ayının 2-ci yarısında yarımfinalçılar müəyyən olunur. Yarımfinalçılar 15 gün müddətində biznes-planları təqdim edirlər. Qaliblər Yekun təqdimat mərasimində elan olunur. Təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur. “StartUp Azərbaycan” çərçivəsində yarışmalarda iştirak edən “StartUp”-ların ekspert qiymətləndirilməsi təşkil olunur.

Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla “StartUp Azərbaycan” tərəfindən formalaşdırılıb.

Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə yarımfinalçılar müəyyən olunur və onların təqdim etdikləri biznes-planlar əsasında məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər investorlar qarşısında öz “StartUp”-larının təqdimatlarını edirlər.

Ekspertlər özlərinə aid olan “StartUp”-ların qiymətləndirilməsində iştirak etmirlər. “StartUp Azərbaycan” komandası layihənin yekununda uğurlu hesab edilən qalib “StartUp”-ları investorlara və digər fondlara təqdim edir. “StartUp Azərbaycan” yalnız yarışmadan ibarət deyildir.

Layihə çərçivəsində startupçular üçün təlimlər, “StartUp Kamp”-ları təşkil olunur, investorlarla görüşlər keçirilir. Yerli və xarici ekspertlərin dəstəyi ilə “StartUp”-lara təcrübə keçmələrinə yardım edir. “StartUp”-lara komanda formalaşdırmağa köməklik göstərilir.

“StartUp Azərbaycan” layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. “StartUp Azərbaycan”ın baş sponsoru “Bakcell” şirkətidir. “Microsoft”, “İnfi Pro” şirkətləri də “StartUp” Azərbaycanın sponsorlarıdır.



Baxış sayı: 1176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024