12px13px15px17px
Tarix:11/04/13

Respublika üzrə 150 minə yaxın şəxsə “Tibbi müayinə kartı” verilib

İndiyə qədər respublika üzrə 150 minə yaxın şəxsə “Tibbi müayinə kartı” (TMKS) verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Mərkəz rəhbəri bu kartın obliqat qruplar üçün nəzərdə tutulduğunu qeyd edib: “TMKS nazirlik tərəfindən müəyyən edilən məlumatları özündə saxlayan elektron informasiya sistemidir. Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların, yəni obliqat qrupların vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarı ilə “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları” təsdiqlənib.
Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən “Tibbi müayinə kartı” sisteminin tətbiqinə başlanıb”.

C.Əsədzadənin sözlərinə görə, həyata keçirilən sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması və bununla da prosesdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, Gigiyena-Epidemiologiya Mərkəzləri (GEM) və poliklinikalar tərəfindən prosesə nəzarətin gücləndirilməsidir:

“Əhalinin sağlamlığının təmin olunması, infeksion və parazitar xəstəliklərin yayılmasına yol verilməməyi üçün obliqat qruplara aid edilən şəxslər mütləq həm işə daxil olanda, həm də sonralar dövri olaraq tibbi müayinələrdən keçməlidirlər. Bu işlərin, tibbi müayinələrdə iştirak edən ixtisaslı həkimlərin, işin növünə görə lazımi laborator və funksional-diaqnostik müayinələrin, həmin işə qəbul edilmək üçün tibbi əks-göstərişlərin siyahısı Səhiyyə Nazirliyinin 23 yanvar 1998-ci il tarixli əmri ilə təsdiqlənib. Obliqat qrupların müayinəsi prosesinin əsas iştirakçıları obliqat qrupa daxil olan şəxs, həmin şəxsin işlədiyi müəssisə, müəssisənin fəaliyyət rayonu üzrə müvafiq poliklinika və GEM-dir. Göstərilən tərəflərin hər birinin obliqat qrupların müayinəsi üzrə müəyyən funksiyaları və öhdəlikləri var”.

Obliqat qrupların müayinədən keçmələri barədə məlumatlar Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən, adi kitabça şəkilli tibbi müayinə kartlarında cəmləşdirilir. Tətbiq edilən həmin kartlar artıq mikroprosessorlu çip ilə təchiz olunmuş plastik kartlarla əvəzlənib. Yeni kartların üzərində və çiplərində vətəndaşa aid inzibati məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir. Səhiyyə Nazirliyinin daxili əmri ilə bu sistemə keçidlə əlaqədar təşkilati və digər məsələlərin həll edilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə həvalə olunub.

Sözügedən kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər. Tibbi Müayinə kartı sistemi Mərkəzi İnformasiya Bazasından və müvafiq tibb müəssisələrində qurulmuş proqram təminatlarından, müəssisələrin personal kompüterinə qoşulmuş xüsusi oxuyucu qurğulardan və elektron kartlardan ibarətdir.

Mərkəzin direktoru qeyd edib ki, dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin (şəkərli diabet, 1-ci qrup əlil, 2-ci qrup əlil və s.) qeydiyyatı və dərman vasitələrinin paylanması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemində “İmtiyazlı Aptek” altsistemi də yaradılıb.

Bu altsistemə Bakı şəhərində 24 imtiyazlı aptek və onlara nəzarət edən Bakı şəhəri Baş Səhiyyə İdarəsi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi qoşulub:

“Hal-hazırda Bakıda şəkərli diabet üzrə hər bir imtiyazlı qrup xəstəyə Elektron Kart hazırlanıb verilib. İnformasiya sisteminə və karta həmin xəstələrin şəxsi, dispanser qeydiyyatı və aldığı dərmanlar barədə məlumatlar qeyd edilir. Digər xəstəliklər üzrə isə hələlik bu kartların verilməsi nəzərdə tutulmur”.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 3368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024