12px13px15px17px
Tarix:18/04/13

Bakıda IDC-nin beynəlxalq illik konfarnsı keçirilir

Bu gün "JW Marriott Absheron Baku" otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə informasiya təhlükəsizliyi və verilənlərin saxlanılması məqsədilə istifadə olunan müasir texnologiyalarla bağlı problemlərin həllinə həsr olunmuş "IDC IT Security and Datacenters Transformation Roadshow 2013" illik beynəlxalq konfransı işə başlayıb.

Tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən "IDC IT Security and Datacenters Transformation Roadshow" silsilə konfransları sırasına daxildir. Konfrans artıq 2-ci dəfədir ki, Bakı şəhərində təşkil olunur. Konfransın əsas məqsədi problemlərin həlli üçün müasir metodların təqdim olunması, müəssisələrin İT infrastrukturlarının effektivliyinin yüksəldilməsi, müasir bazar şəraitində İT təhlükəsizliyinin və iş proseslərinin fasiləsizliyinin təmin olunmasıdır.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, "IDC" şirkəti ilə tərəfdaşlıq dünya tendensiyalarından xəbərdar olmağa imkan verməklə yanaşı, həm də Azərbaycanda İKT sahəsində görülən işlər haqda qarşı tərəfə məlumatı təqdim etmək imkanı da yaradır. "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu cür beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir, çünki bizim perspektiv planlarımız İKT sahəsində mövcud inkişafı daha yüksəltməkdir. Bu il Azərbaycanda "İKT ili" elan edilib və eyni zamanda bir sıra iri layihələr reallaşma dövrünə qədəm qoyub".

Nazir müavini bildirib ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri ölkədə ixrac yönümlü İT məhsullarının istehsalının artırılmasını, eləcə də beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsini nəzərdə tutan "Yüksək Texnologiyalar Parkı"nın yaradılması layihəsidir.

E.Vəlizadə bildirib ki, yaxın zamanlarda fəaliyyətə başlayacaq İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu prosesə dəstək verəcək. "Fondun yaradılması yerli İT şirkətlərinə beynəlxalq layihələrdə iştirak etmək və perspektivli ideyalar həyata keçirməyə imkan verəcək. Bugünkü konfransın mövzusu olan "Data mərkəzlər və məlumat təhlükəsizliyi" bizim üçün çox aktualdır.

Belə ki, Azərbaycan iki beynəlxalq informasiya magistralının yaradılmasında iştirak edir. Onlardan biri Trans Avrasiya Super informasiya Magistralı (TASİM) , digəri isə Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) layihəsidir. Bu layihələrin hər ikisi beynəlxalq səviyyədə yüksəkhəcmli məlumatların ötürülməsini nəzərdə tutur və bu kontekstdə data mərkəzlərin yaradılması və məlumat təhlukəsizliyinin təmin edilməsi çox aktualdır.

"IDC"-nin konsaltinq üzrə direktoru Timur Farukşin konfransın açılışı zamanı bildirib ki, informasiya təhlükəsizliyinə investisiya yatırılması hələ də İT şirkətlərinin rəhbərləri üçün əsas prioritet olaraq qalmaqdadır. Onun sözlərinə görə, bununla yanaşı, son zamanlar təhlükəsizlik strategiyalarında mühüm dəyişikliklər müşahidə olunur. "Təhlükəsizlik strategiyalarında əsaslı dəyişikliklərin baş verməsi ilk növbədə "bulud" hesablamaları və virtualizasiya ilə əlaqələndirilir. Bundan əlavə, mobil texnologiyalar və sosial şəbəkələr, istifadə vasitələrinin və müxtəlif əlavələrin kütləvi yayılması İT təhlükəsizliyi üzrə mütəxəssislər üçün yeni problemlər meydana çıxarıb."

Konfrans müəssisənin təhlükəsizliyi və biznes-strategiyası, İT bazarında dəyişikliklər çərçivəsində korporativ təhlükəsizlik, xidmət qismində təhlükəsizlik, korporativ mobillik və təhlükəsizlik, məlumatların idarə edilməsi mərkəzinin (MİM) inkişafına dair yeni yanaşmalar, infrastrukturun səmərəliliyinin artırılmasının əsas istiqamətləri və digər bu kimi mövzuları əhatə edib.

Konfransda "IDC" nümayəndələri, ixtisaslaşdırılmış həllərin tədarükçüsü hesab olunan Rusiya və beynəlxalq səviyyəli şirkətlər, müstəqil ekspertlər, Azərbaycanın korporativ və dövlət sektorlarından olan İT-direktor və menecerləri iştirak edib.

Qeyd edək ki, "IDC IT Security and Datacenters Transformation Roadshow 2013" konfransı İT mütəxəssisləri üçün ideal məkan hesab olunur.

Belə ki, bu konfrans sayəsində iştirakçılar onları maraqlandıran suallara cavab tapır və həmkarları ilə fikir mübadiləsi aparırlar. Konfransda İnformasiya Texnologiyaları Departamentindən olan 100-dən çox direktor, orta və ali səviyyə rəhbərləri, eləcə də ölkəmizdə informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

"IDC" konfransı çərçivəsində "HP", "Checkpoint", "Veeam" və "Kingston Technology" kimi qabaqcıl tədarükçü şirkət iştirakçıları İT bazarının yeni trendləri barədə məlumatlandırılıb və müasir tələblərə cavab verən informasiya sistemlərinin yaradılması təcrübələrindən söhbət açılıb.



Baxış sayı: 1156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024