12px13px15px17px
Tarix:24/04/13

Elektron tədris resurslarının tətbiqi genişləndiriləcək

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, 2020-ci ilədək Azərbaycan Respublikasının təhsil sistemində elektron dərslər və elektron dərsliklər tədris resurslarının əsasını təşkil edəcəkdir.

Tədris materiallarının rəqəmsal məzmunda verilməsi, həm dərslərin daha effektiv mənimsənilməsinə, həm də biliklərin səviyyəsinin interaktiv formatda yoxlanılmasına imkan yaradır. Təhsil Nazirliyi tərəfindən elektron dərslərin istifadəsinə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)" çərçivəsində başlanıb. Dövlət Proqramı çərçivəsində Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə elektron vəsait, kimya fənni üzrə 8 adda 15160 nüsxə elektron vəsait, biologiya fənni üzrə 12 adda 22740 nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsait hazırlanıb.

Elektron resursların yaradılması və tədris prosesinə tətbiqi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində daha da genişləndirilib. Dövlət Proqramı çərçivəsində hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə 122 elektron dərs mövcuddur. Bunlara fizika, kimya, biologiya, coğrafiya, ədəbiyyat, riyaziyyat, informatika və musiqi fənləri üçün hazırlanmış dərslər daxildir.

Eyni zamanda, portalda Azərbaycan epistolyar irsi, Üzeyir Hacıbəyovun "Virtual muzeyi", Azərbaycan tarixinin canlı səsləri, "Language learning inserts", "Learning English" kimi elektron resurslar da yerləşdirilmişdir. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış "İnfoko" resurslarını da misal göstərmək olar. Sadalanan elektron dərslər "www.edu.az" ünvanında yerləşdirilmişdir.

Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron tədris resurslarının qiymətləndirilməsi şurası yaradılıb.

Bununla yanaşı, Dövlət proqramı çərçivəsində "Intel SKOOOL" elektron dərs platforması Azərbaycan tədris sisteminə (400 elektron dərs, "www.skoool.edu.az" portalının adaptasiyası) uyğunlaşdırılıb. Onu da qeyd etmək lazımdır ki, Dövlət Proqramı çərçivəsində şəbəkə üzərindən videotexnologiyaların tətbiqini genişləndirmək məqsədi ilə "video.edu.az" portalı yaradılmışdır.

Portala müxtəlif fənlərə aid dərslər yerləşdirilmişdir və hazırda dərslərin yerləşdirilməsi davam etdirilməkdədir. Eyni zamanda, "Tehsil.tv" portalı yaradılmış, təhsil reportajları və təhsil verilişləri bu portalda yerləşdirilib. Elektron dərslərin tədris prosesinə tətbiqi bir çox imkanlar yaradır. Belə ki, dövrümüzdə məktəb laboratoriyalarında müəyyən təcrübələri aparmaq üçün lazımi şəraitin hər zaman olmadığını nəzərə alaraq, məhz laborator təcrübələri elektron dərslər vasitəsilə heç bir avadanlığa ehtiyac olmadan aparmaq mümkündür.

Eyni zamanda, aparılması çətin olan təcrübələr burada heç bir əlavə xərc tələb etmir və təhlükəsiz şəraitdə aparılır ki, bu da məktəb laboratoriyasında keçirilməsi çətin olan mürəkkəb fenomenlərin maraqlı və effektiv üsulla öyrənilməsinə şərait yaradır. Yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi kompüterlər və ya planşetlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında "bulud" texnologiyalarına keçidi tezləşdirəcəkdir. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni təhsil "bulud"undan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər.

Qeyd etmək lazımdır ki, Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin işlənilməsi genişlənmiş, elektron təhsil (e-learning) resursları bazasının əsası qoyulmuş, distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilmiş, vahid təhsil portalı yaradılmış və ölkədə interaktiv tədris imkanlarından daha geniş istifadə olunması dəstəklənib. Elektron dərslərin əsas üstünlüklərindən biri mövzu üzrə müxtəlif mənbələrdən, o cümlədən internet resurslarından istifadə olunmasıdır ki, bu da həmin mövzunun daha əhatəli öyrənilməsini təmin edir. Bu mövzular hər bir fənn və sinif üçün tədris planı üzrə təşkil olunur. Dərslər bir çox hallarda fənlərarası mövzular üzrə təşkil olunur ki, bu da şagirdlərə hər hansı bir mövzuya müxtəlif kontekstlərdən yanaşma imkanını verir.

Dərslərin strukturuna gəldikdə isə bir mövzu üzrə dərs bir-birinin davamı olan hissələrdən təşkil olunur ki, mövzunun həcmindən asılı olaraq bu hissələrin sayı da artır. Bu dərsləri xarakterizə edən daha bir xüsusiyyət onların 50% interaktiv olmasıdır. Şagirdə müəyyən bir mövzunu mənimsədikdən sonra həmin mövzunu möhkəmləndirmək üçün test, sual-cavab xarakterli müxtəlif vasitələr təqdim olunur.

Eyni zamanda, müəllimlər tərəfindən elektron resursların yaradılmasına və tədris prosesinə tətbiqinə həvəsləndirmək məqsədi ilə "Elektron Təhsil" Respublika müsabiqəsi elan olunmuşdur. 2010-2012-ci illərdə keçirilmiş "Elektron Təhsil" Respublika müsabiqəsində ümumilikdə 2000-dən artıq elektron resursun arxivi formalaşıb.

RƏVAN



Baxış sayı: 1165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024