12px13px15px17px
Tarix:24/04/13

Naxçıvanda Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üçün regional seminarı keçirilir

Aprelin 24-dən Naxçıvan Muxtar Respublikasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üçün "Beynəlxalq standartlara uyğun olaraq elektrorabitə/İKT indikatorlarının unifikasiyası" mövzusunda regional seminarı öz işinə başlayıb.

Tədbirdə Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə məlumat verən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, ölkə prezidentinin İKT-ni prioritet istiqamət élan etməsi bu sahənin hərtərəfli inkişafına münbit şərait yaradıb: "Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda dövlət səviyyəsində "İKT ili" élan edilib.

Bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının və regional Rabitə Birliyinin üzvü kimi, rabitə sahəsində bir çox nailiyyətlər əldə edib və beynəlxalq rabitənin inkişafına öz töhfəsini verib. Hər 3 ildə ölkənin İKT sektoru 2 dəfə genişlənir.

Sektorun orta illik inkişaf tempi 8-10 ildə 20-25 faiz təşkil edib. 2012-ci ildə əldə olunan gəlir 18 faiz artaraq, təxminən 2 milyard ABŞ dolları təşkil edib. Son 10 ildə İKT sektoruna 2,5 milyard dollar investisiya qoyulub. Bu sahədə özəl sektorun payı 80 faizdən çoxdur".

Bütün yaşayış məntəqələrinin telefonlaşdırıldığını, telefon şəbəkələrində NGN texnologiyalarının həcminin 40 faizə yaxın olduğunu da deyən R.Məmmədovun sözlərinə görə, hazırda 2013-2015-ci illərdə bütün ölkənin yüksəksürətli internetlə təmin edilməsi və müasir telefon xidmətlərinin çatdırılmasını nəzərdə tutan layihə hazırlanıb: "Layihənin həyata keçirilməsi hətta ən ucqar yaşayış məntəqələrinin əhalisinə 5 meqabit sürətində internetdən və NGN telefon stansiyasının xidmətlərindən istifadə etmək imkanı verəcək".

Poçt, telekommunikasiya, elektron xidmətlərin tətbiqi, peyk sənayesinin inkişafı, mobil xidmətlərin göstərilməsi, eləcə də digər sahələrdə xeyli işlərin görüldüyünü də vurğulayan nazir Muxtar Respublikada İKT-nin inkişaf səviyyəsindən də söz açıb:

"20 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokadada saxlanılır. Bu səbəbdən regionun əhalisinə telekommunikasiya xidmətlərinin inkişafı son dərəcə vacibdir. Sovetlər vaxtında Naxçıvanın bütün telekommunikasiya xətləri Ermənistan ərazisindən keçib. Hazırda isə bütün xətlər bu ölkənin hərbi qüvvələri tərəfindən tamamilə dağıdılıb. Ölkəmiz Naxçıvanı blokadadan çıxarmaq üçün bütün tədbirləri görür. Hazırda Muxtar Respublikanın bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Burada 4 mobil operator fəaliyyət göstərir. Bütün kənd mərkəzlərində universal poçt xidmətləri üçün şərait yaradılıb".

Bundan başqa, bütün yaşayış məntəqələrinin 60 faizində genişzolaqlı internet xidmətləri fəaliyyət göstərir: "Ötən ildən Naxçıvan şəhərində "Evlərə optika" layihəsinin həyata keçirilməsinə başlanılıb. Eyni zamanda bütün ərazilərdə pensiyaların ödənişləri bankomatlar vasitəsilə həyata keçirilir.

Ticarət şəbəkələrində POS-terminallardan geniş istifadə olunur. Statistik məlumatlara görə, Naxçıvan Muxtar Respublikasında hər min nəfərə 229 kompüter düşür. İnternet istifadəçilərinin sayı 344 mindən artıqdır ki, bu da əhalinin təxminən 80 faizi deməkdir. Bütün bunlar Muxtar Respublikada informasiya cəmiyyətinə keçidin əsas göstəriciləridir. Ümid edirik ki, Naxçıvanda keçirilən BTİ-nin seminarı və Regional Rabitə Birliyinin iclası statistikanın təkmilləşdirilməsi, beynəlxalq statistikaya uyğunlaşdırılması sahəsində müsbət təcrübənin yayılmasına, əlaqələrin daha da genişləndirilməsinə, gələcək fəaliyyətdə istiqamətlərin müəyyənləşdirilməsinə öz töhfəsini verəcək".


Azərbaycanda "İKT ili"nin élan edilməsini müsbət addım kimi dəyərləndirən Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin rabitə sahəsi üzrə baş direktorunun müavini Natalya Zorya MDB ölkələrində İnformasiya Cəmiyyətinin inkişafı və daha da genişləndirilməsi üçün qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyindən söz acıb: "İKT sahəsində göstəricilərin sistemləşdirilməsi, İKT-də keyfiyyətli metodoloji yanaşmalardan istifadə edilməsi ilə bağlı işlər gələcəkdə də davam etdiriləcək. Bununla bağlı təcrübə mübadiləsi ümumi göstəricilərin gücləndirilməsinə xidmət göstərəcək.

Hesab edirəm ki, bu tədbirlər Azərbaycanda, o cümlədən Naxçıvanda da ölkənin ümumi potensialının gücləndirilməsinə, həmçinin sözügedən sahədə peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət edəcək". BTİ-nin regional bölməsi üzrə MDB ölkələri üçün proqram rəhbəri Andrey Untila isə statistik məlumatların toplanmasının qlobal səviyyədə izlənildiyini deyib:

"Bu məlumatların toplanması ölkələrə öz tərəqqilərini izləmək imkanı verir. Eyni zamanda ölkələr bununla keyfiyyətli, müqayisəli təhlil aparmaq imkanı qazanırlar. Çünki İKT və onun inkişaf göstəriciləri bu gün bütün ölkələr üçün mühüm mövzulardan birinə çevrilib. Bu səbəbdən də MDB ölkələrinin mütəxəssisləri İKT üzrə statistik məlumatların doğru-düzgün toplanması metodlarını öyrənməlidirlər. İKT üzrə məlumatların dəqiq aparılması bu sahənin gələcək inkişafının istiqamətlərini müəyyən etməyə yardım edəcək".

Qeyd edək ki, seminar İKT-nin inkişafı səviyyəsinin ölçülməsi, İKT üzrə statistik məlumatların mənbələri, elektrorabitənin inkişaf indikatorları, ev təsərrüfatında İKT üzrə milli tədqiqatlar, milli səviyyədə İKT üzrə məlumatların koordinasiyası, statistik məlumatların İKT-nin inkişaf səviyyəsinə təsiri və s. istiqamətlər üzrə aprelin 26-na qədər davam edəcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024