12px13px15px17px
Tarix:26/04/13

Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində "IV İKT" sammiti keçirilib. Tədbir Moldova Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunub.

Sammitdə dövlət orqanları nümayəndələri, 20-dən çox ölkəni təmsil edən beynəlxalq təşkilatlar, təhsil sahəsindəki mütəxəssislər, proqramlaşdırma və kompüter texnologiyaları ixtisası üzrə təhsil alan tələbələr, eləcə də, bu sahə üzrə elmi işçilər İKT sahəsində mövcud innovativ yanaşmaları, informasiya texnologiyaları və xidmətləri barədə müzakirə aparmaq üçün bir araya gəliblər. Cəmiyyət üçün İKT, Biznes üçün İKT, Mütəxəssislər üçün İKT, Təhsil üçün İKT və İKT üçün təhsil, İKT sahəsində rəqabət kimi mövzular sammitin müzakirə predmeti olub.

Sammitdə "Mədəd Azərbaycan" təşkilatını icraçı direktor Vüsal Xanlarov təmsil edərək, "Azərbaycanda XXI əsr elektron təhsil mühiti" mövzusunda təqdimatla çıxış edib.

Azərbaycanın təhsildə İKT-nin tətbiqi təcrübəsini əks etdirən təqdimat böyük marağa səbəb olub. Təqdimatda Azərbaycan Respublikasında XXI əsr təhsilinin aktuallığı, keçdiyi inkişaf yolu, elektron təhsilin qurulması prosesi, Azərbaycan təhsil şəbəkəsinin fəaliyyəti, pedaqoji heyətinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq qurumlarla əməkdaşlıqda atılan addımlar öz əksini tapıb.

Təqdimatdan sonra cənab Xanlarov Moldova təhsil naziri xanım Maria Sandu, informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini xanım Dona Skola, "Microsoft" korporasiyasının təhsil proqramları üzrə regional rəhbəri Teodor Milev, "İntel" korporasiyasının təhsil proqramları üzrə regional rəhbəri Tatyana Nanayeva və ABŞ Beynəlxalq inkişaf agentliyinin maliyyələşdirdiyi proqramların rəhbərləri ilə görüşlər keçirmişdir.

Görüşlər zamanı Azərbaycanda İKT-nin təhsildə tətbiqi və "Mədəd Azərbaycan" təşkilatının pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində təcrübəsi və Moldovada mümkün tətbiqi yolları geniş müzakirə olunub. Bir çox Şərqi Avropa və MDB ölkələrinin informasiya texnologiyaları nazirlərinin də qatıldığı builki sammitin tərəfdaşları sırasına "Intel", "Microsoft", "Endava", "IBM", "HP", "Fujitsu", "Kaspersky", "NetApp InfoWatch", "Cisco", "Hitachi", "Elo Digital Office" və sairə beynəlxalq şirkətlər daxil olmuşdur.

Sammitdə həmçinin ölkənin və vətəndaşların informasiya texnologiyaları sahəsində sistemli inkişafını təmin edəcək "Rəqəmsal Moldova 2020" strategiyasına start verilib.

Qeyd edək ki, Moldovada hər il keçirilən İKT sammiti 1000-dən çox iştirakçı cəlb edir. Növbəti sammitin keçirilməsi 2014-cü ildə planlaşdırılır.



Baxış sayı: 1538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024