12px13px15px17px
Tarix:26/04/13

DGK internet istifadəçilərinə müraciət edir

Dövlət Gömrük Komitəsi (DGK) vətəndaşları xarici iqtisadi fəaliyyətdə və gömrük prosedurları ilə bağlı problemlər yarandıqda onları müasir informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə daha tez və asan bir formada həll etməyə dəvət edir.

«ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı DGK-nın rəsmi internet səhifəsində (www.customs.gov.az/az ) vətəndaşların komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə birbaşa əlaqə yarada bilmələri üçün «Virtual qəbul» bölməsi yaradılıb. DGK bildirir ki, komitənin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.

Qurumun internet səhifəsi hər bir vətəndaşa məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır. Daha sonra vətəndaşlara müraciət edən DGK vurğulayır ki, Gömrük Komitəsinə elektron formada müraciət göndərməzdən əvvəl, bir sıra qaydalarla tanış olmaq lazımdır. Bildirilir ki, komitənin internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər aidiyyəti üzrə DGK-nın müvafiq struktur bölmələrinə daxil olur və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları"na uyğun olaraq qeydiyyata alınır və baxılır.

Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində geniş məlumatlar yerləşdirilib. İnternet səhifənin imkanlarını tam öyrəndiyiniz halda sizi maraqlandıran suallara özünüz cavab tapacaqsınız. Bu səbəbdən saytda öz əksini tapan suallara və bir neçə dəfə eyni müraciətlərə baxılmayacaqdır. Siz, ilk öncə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinin rəhbərlərinə problemləriniz haqqında müraciət etməlisiniz. Əgər bu halda problemlərinizi həll edə bilmirsinizsə, onda Dövlət Gömrük Komitəsinin sədrinə müraciət edə bilərsiniz.

Müraciət zamanı DGK-nın sədrindən öncə kimə müraciət etməyinizi və ondan aldığınız cavabı göndərin. Əks halda sizin suallara cavab verilməyəcəkdir və məsələnizə baxılmayacaqdır. Müraciət mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir. Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır. Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Dövlət Gömrük Komitəsinin e-poçt:chairman@customs.gov.az ünvanına göndərilməlidir».

SEYMUR



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024