12px13px15px17px
Tarix:26/04/13

Bu gün “Beynəlxalq Əqli Mülkiyyət Günü”dür

Azərbaycan Müəllif Hüquqları Agentliyi Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü"nə və Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş simpozium keçirib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən "Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış" mövzusunda simpoziumda çıxış edən agentliyin sədri Kamran İmanov qeyd edib ki, Müəllif Hüquqları Agentliyi H.Əliyevin uzaqgörənliyi və proqnozlaşdırma bacarığı nəticəsində yaradılan bir qurumdur. "Azərbaycanda vaxtında yaradılmış Müəllif Hüquqları Agentliyinin fəaliyyəti nəticəsində hazırda ölkənin milli-mənəvi dəyərlərinin qorunması sahəsində lazımi tədbirlər görülüb, əqli mülkiyyət hüquqlarının qorunması, kreativ sənayenin inkişafı təmin edilib",- deyə o bildirib.

K. İmanov eyni zamanda bildirib ki, "Azərbaycan 2020" inkişaf konsepsiyası çərçivəsində agentliyə kreativ yaradıcılığın stimullaşdırılmasının inkişafında yaxından iştirak edəcək və bu sahədə müəllif hüquqlarını təmin edəcək. Gələcəkdə dünya üzrə kreativ sənayenin iqtisadiyyatın digər sahələrindən 7 dəfə daha artıq inkişaf edəcəyi proqnozlaşdırılır.

Simpoziumda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının kreativ sənaye şöbəsinin direktoru Dmitri Gançev bildirib ki, Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində görülən işləri, o cümlədən ölkədə kreativ sənayenin inkişafını yüksək qiymətləndirir və təşkilat gələcəkdə Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlığını genişləndirmək niyyətindədir.

"Dünyada əqli mülkiyyət məhsulunun istehsalına, kreativ sənaye sahəsinə və bu sahədə fəaliyyət göstərən şirkətlərə böyük investisiyalar qoyulur və artıq əqli mülkiyyət hüquqlarının qorunması daha böyük əhəmiyyət daşımağa başlayır. Dünya üzrə hər il əqli mülkiyyət məhsullarına orta hesabla 165 min yeni patent qeydə alınır, ötən il bu sahədə 6,6% artım müşahidə olunub, domen adlarının qeydiyyatı sahəsində həmçinin 4,5% artım müşahidə olunub, bu da onu göstərir ki, virtual aləmdə əqli mülkiyyətin qorunmasına tələbat getdikcə artır. Bunun üçün biz yeni bəyannamələr qəbul edirik. Ötən il qəbul edilən "Pekin bəyannaməsi" buna misal ola bilər. Yaxın zamanda Mərakeşdə keçiriləcək növbəti tədbirimizdə görmə imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş audiovizual məhsullarla bağlı yeni bəyannamə qəbul ediləcək", - deyə o bildirib.

Tədbir çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinın müraciəti oxunub. Müraciətdə bildirilir ki, dünya üzrə keçirilən təhlillər göstərib ki, informasiya texnologiyaları və kimyəvi sənaye sahəsində müşahidə olunan dəyişikliklər əqli mülkiyyət hüquqlarının əhəmiyyətini artırır. Artıq bu hüquqların rəqəmli mühitdə qorunmasını təmin etmək üçün müvafiq arxitektor yaradılmalıdır.

Aynur Vəliyeva



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024