12px13px15px17px
Tarix:29/04/13

“Azərkosmos”un nümayəndəsi kosmik sahə üzrə beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

"Azərkosmos" ASC Vyana şəhərində keçirilmiş BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi nəzdindəki (COPUOS) Hüquq Alt Komitəsinin 52-ci iclasında iştirak edib. "Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, iclasda çıxış edən "Azərkosmos" ASC-nin hüquqşünası Arzu Məmmədova Azərbaycanda kosmik sahənin inkişafı və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat verib, "Azərkosmos" ASC tərəfindən bu istiqamətdə aparılan işlərə diqqət çəkib.

Sahə üzrə müxtəlif qurum və təşkilatlardan, habelə 54 üzv ölkədən nümayəndələrin qatıldığı iclasda BMT-nin kosmik fəzaya dair mövcud beş sazişinin hazırkı tətbiqi vəziyyəti, beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının kosmik hüquqla bağlı fəaliyyəti və kosmik fəzada nüvə enerji mənbələrindən istifadə ilə bağlı qəbul olunmuş prinsiplər nəzərdən keçirilmiş, o cümlədən kosmik fəzanın hüdudlarının müəyyən edilməsi, geostasionar orbitin bərabərhüquqlu və məqsədyönlü şəkildə istismarı, üzv ölkələrdə kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair uyğun qanunvericilik bazasının yaradılması, kosmik hüquq sahəsi ilə kadr ehtiyatlarının inkişaf etdirilməsi kimi mövzulara dair geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular arasında kosmik tullantıların idarə edilməsi və kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması da olub.

Qeyd edək ki, "Azərkosmos" fəaliyyət göstərdiyi qısa müddət ərzində peyk layihələrinin həyata keçirilməsi ilə əlaqədar kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə əməkdaşlıq etməklə yanaşı, kosmik sahə üzrə inkişaf etmiş təcrübəyə malik ölkələr və şirkətlərlə təcrübə mübadiləsi edilməsi, kosmik sahə üzrə bir çox müstəvilərdə regional əməkdaşlıq aparılması və kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın yaradılması istiqamətində bir sıra işlər aparıb, bu məqsədlə "COPUOS" kimi beynəlxalq təşkilatlarla işləməyə başlayıb.

BMT-nin Baş Assambleyasının 1472 saylı qətnaməsi ilə1959-cu ildə təsis edilən "COPUOS"-un üzvlüyündə hazırda 74 ölkə vardır, komitənin nəzdində Hüquq Alt Komitəsi ilə yanaşı, Elmi-Texniki Alt Komitə də fəaliyyət göstərir.

Aynur Vəliyeva



Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024