12px13px15px17px
Tarix:02/05/13

Elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi üçün kampaniyaya başlanılıb

Mərkəzi Bank (MB) tərəfindən cari ildə nəzərdə tutulan fəaliyyət proqramı çərçivəsində "Nağdsız ödənişlər üzrə lider bank" və "Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyaları üzrə stimullaşdırıcı kampaniya keçirilir.

"ICTnews" elektron xəbər xidmətinə kampaniya barədə məlumat verən MB-dan bildirilib ki, son illər ərzində respublika prezidenti tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində bir sıra tapşırıqlar verilib: "Verilən tapşırıqların vaxtında icrası məqsədilə Mərkəzi Bank tərəfindən də aidiyyəti hökumət qurumları ilə birlikdə müxtəlif tədbirlər görülür.

Eyni zamanda ölkədə elektron bankçılığın inkişaf etdirilməsi üçün aparıcı bankların mütəxəssisləri və beynəlxalq kart təşkilatlarının nümayəndələri ilə mütəmadi müzakirələr aparılır.

Araşdırmalar göstərir ki, beynəlxalq təcrübədə ölkə miqyasında nağdsız hesablaşmaların həcminin artırılması, maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə bankların iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi və onların fəaliyyətinin qiymətləndirilməsi nəticəsində fərqlənmiş bankların mükafatlandırılması mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraq bankların nağdsız hesablaşmaların genişləndirilməsi, müasir bank texnologiyalarından istifadənin artırılması istiqamətində fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda fərqlənmiş bankların mükafatlandırılması planlaşdırılır". MB-dan "Elektron bankçılıq xidmətlərində lider bank"ın müəyyənləşdirilməsi üsulu barədə də məlumat verilib. Belə ki, bu zaman bank tərəfindən elektron şəbəkə və ya cihazlar vasitəsilə köçürmələrin sayına diqqət ediləcək. Bu məqsədlə mobil bankçılıq, internet bankçılıq və digər elektron vasitələrlə köçürmələr üzrə müvafiq göstəricilər müəyyənləşdirilib.

"Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyası üzrə I mərhələdə mükafatlandırma dövründə ölkədə cari hesablardan elektron şəbəkə və cihazlar vasitəsilə (İnternet bankçılıq, mobil bankçılıq və s. vasitəsilə) köçürmələrin ümumi sayı üzrə ilk 10 bank seçilir: "Seçilmiş hər bir bankın müştərilərinin cari hesabları ilə həyata keçirilən internet bankçılıq vasitəsilə, mobil bankçılıq vasitəsilə və digər elektron vasitələrlə nağdsız ödənişlərin ümumi sayı sıralanır. II mərhələdə isə hər üç göstərici üzrə bankların orta göstəriciləri tapılaraq ilk üç bank seçilir, nəticələrə uyğun olaraq ilk üç bank I, II, III yerlər üzrə qalib seçilir".

"Nağdsız ödənişlər üzrə lider bank" nominasiyasının müəyyənləşdirilməsi üsulu olaraq isə kartların sayı, POS-terminalda nağdsız ödənişlərin ümumi sayı, bankomatlarda nağdsız ödənişlərin ümumi sayı, eyni zamanda 1 kart üzrə orta göstərici olaraq, POS-terminalda nağdsız ödənişlərin sayı, bankomatlarda nağdsız ödənişlərin sayı nəzərə alınacaq. Nağdsız ödənişlər üzrə nominasiyalar və qalib bankın müəyyən edilməsi mərhələlərinə gəldikdə, "Nağdsız ödənişlər üzrə lider bank" nominasiyası üzrə I mərhələdə mükafatlandırma dövründə ödəniş kartları ilə bankomat və POS-terminal vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin ümumi sayı üzrə ilk 10 bank seçilir: "Seçilmiş hər bir bankın bir ödəniş kartı üzrə həyata keçirilən nağdsız ödənişlərin sayı (ölkədaxili POS-terminallar vasitəsilə) müəyyən edilir.

Eyni zamanda seçilmiş hər bir bankın bir ödəniş kartı üzrə həyata keçirilən nağdsız ödənişlərin sayı (ölkədaxili bankomatlar vasitəsilə) müəyyən edilir. II mərhələdə isə bu göstəricilər üzrə bankların nəticələri toplanılır və yüksək göstəricisi olan ilk 3 bank seçilir. Nəticələrə uyğun olaraq, ilk üç bank I, II III yerlər üzrə qalib seçilir". Seçim üzrə məlumat mənbəyinə gəlincə, nominasiyalar üzrə seçim banklar tərəfindən Mərkəzi Banka aylıq əsasda təqdim edilmiş statistik hesabat əsasında həyata keçiriləcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024