12px13px15px17px
Tarix:04/05/13

Bu il Azərbaycanla Belarus arasında əlaqələr yeni müstəviyə qədəm qoyacaq

Belarus səfiri: "Azərbaycanla Belarus arasında İKT sektorunda əməkdaşlıq gələcək inkişafa zəmanət verən əsas faktorlardan biri olub"

"Rabitə dünyası" qəzetinin suallarını Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç cavablandırıb.

- Cənab səfir, ilk öncə sizi salamlayır, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bilmək istərdik, Azərbaycanda İKT sektorunun inkişafını necə qiymətləndirirsiz? Necə hesab edirsiniz, Azərbaycanın İT bazarı Belarus investorları üçün cəlbedicidirmi?

- Buyurun. Xoşdur. Biz çox şadıq ki, Azərbaycan, Belarus kimi inamla innovativ inkişaf yolu ilə gedir. Ölkə prezidenti İlham Əliyev iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafında prioritet istiqamət kimi innovativ elmtutumlu layihələri önə çəkir.

Buna sübut kimi 2013-cü ilin "İKT ili" elan edilməsi və ölkədə informasiya texnologiyalarının inkişafı üzrə böyük miqyaslı tədbirlər planının həyata keçirilməsini qeyd etmək istərdim. Biz Azərbaycanda sənaye istehsalının modernləşməsinin gedişatını müşahidə edirik, ən müasir texnoparklar yaradılır, və bu, təkcə Bakı, Sumqayıt, Gəncə kimi ənənəvi sənaye mərkəzləri ilə yanaşı, Mingəçevir kimi şəhərlərdə baş verir.

Azərbaycanda son illər telekommunikasiya sektorunun sürətli inkişafını müşahidə edirik. Bizdə olan məlumata görə, "Yüksək Texnologiyalar Parkı", Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb, İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu, İnformasiya Texnologiyaları Universiteti təsis edilib. Sektor üzrə həyata keçirilən işləri görməmək mümkün deyil. Günü-gündən elektron xidmətlərin sayının genişləndirilməsi, Rəqəmli TV yayımına keçidin təmin olunması sektorun inkişafından xəbər verir. Hesab edirəm ki, yüksək texnologiyalar bazarında sərmayə qoyuluşu üçün ölkənizdə ən əlverişli şərait yaradılıb.

Bu genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Azərbaycanda müasir texnologiyaların hərtərəfli inkişafı strateji mahiyyət daşımasının göstəricisidir. Qarşımızda duran əsas məqsəd – iqtisadiyyatın real sektorunda innovativ nailiyyətlərin maksimal istifadə edilməsidir.

- Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiyalaşma Nazirliyi arasında əməkdaşlıq münasibətləri haqda nə deyə bilərsiniz? Məlum olduğu kimi, 2011-ci ilin noyabrında Azərbaycanla Belarus arasında İKT sahəsində tədbirlər planı imzalanıb. Bu plan çərçivəsində hansı işlər görülüb?

- Fərəhlə qeyd etmək istərdim ki, Azərbaycanla Belarus arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq, dayanıqlı gələcək inkişafa zəmanət verən, ikitərəfli əməkdaşlığın əsas faktorlarından biri olub.

Buna əsas imkan yaradan amillər yüksək səviyyədə intensiv və səmərəli dialoq, bizim ölkə rəhbərlərinin qarşılıqlı etibarlı tərəfdaşlıq münasibətləridir. Bizim Azərbaycanla strateji tərəfdaşlığımızın yeni - innovativ, elmtutumlu hissəsini ifadə edən qarşılıqlı münasibət sahəsi açılıb. Belə ki, Belarusun və Azərbaycanın aidiyyəti nazirlikləri arasında rabitə və informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafını təmin edən layihələr, işlər, o cümlədən "Elektron hökumət"in formalaşdırılması üzrə məlumatların konstruktiv mübadiləsi təşkil edib.

Ölkələrimizdə təşkil edilən beynəlxalq sərgilərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil edilir. Belarus nümayəndə heyəti daimi olaraq Bakıda keçirilən "Bakutel" telekommunikasiya və informasiya texnologiyaları sərgi- konfransında iştirak edir, Azərbaycanın milli stendi isə Minskdə keçirilən xüsusiləşdirilmiş "TİBO" sərgisində iştirakçıların yüksək marağına səbəb olur.

Birgə biznes-forumların keçirilməsi təcrübəsi müntəzəm hala çevrilib. Bakıda 2010-cu ilin fevral ayında İKT sahəsində 1-ci Belarus-Azərbaycan biznes-forumu keçirilib. Bu yaxınlarda isə, aprelin 24-də Minskdə 2-ci biznes-forum uğurla işini yekunlaşdırıb. Biz, forumda Azərbaycandan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, yerli İT şirkətlərinin digər qurumların 60-dək əməkdaşından ibarət nümayəndə heyətinin iştirakından məmnunuq. Forumda bizim ölkələrin İT potensialı təqdir edilib, işgüzar görüşlər və danışıqlar keçirilib, İT məhsulların təchizatı ilə bağlı ikitərəfli sazişlər və müqavilələr imzalanıb, kosmos, nanotexnologiyalar və İKT sahəsində ikitərəfli əməkdaşlığın aktual istiqamətləri müəyyən edilib.

- Azərbaycan hökuməti ilə Belarus hökuməti arasında 2010-cu ilin iyun ayında İKT sahəsində əməkdaşlığın inkişafı haqda müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində həyata keçirilən təşəbbüslər haqda nə demək olar?

- Əməkdaşlıq haqda hökumətlərarası müqavilə 2010-cu ilin iyun ayında Belarus Respublikası prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı imzalanıb. Bu müqavilə çərçivəsində Belarus və Azərbaycan müvafiq nazirlikləri arasında aktiv əməkdaşlıq inkişaf edir.

Bizim ölkələrin alimləri arasında aktiv qarşılıqlı münasibətləri, böyük əməkdaşlıq potensialının mövcud olduğu kosmik sahəni misal gətirmək olar. Bildiyiniz kimi, hər iki ölkə bu yaxınlarda kosmik dövlətlər klubuna üzv olub və təbii haldır ki, bu mövzu Minskdə keçirilən İKT sahəsi üzrə 2-ci biznes-forumda maraqlı müzakirə mövzusu olub. Forumun əsas nəticələrindən biri, Belarus kosmik aparatından alınan məlumatların istifadəsi haqda, müvafiq razılaşmanın imzalanması olub. Sazişin layihəsi artıq hazırlanıb və Azərbaycan tərəfinin baxılması üçün təqdim edilib.

Bir daha qeyd etmək istərdim ki, Minsk forumunda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı bizi hədsiz sevindirdi. Bir məsələni də diqqətinizə çatdırım ki, Belarusda akademik Əli Abbasovu görkəmli alim, Belarus-Azərbaycan əməkdaşlığının inkişafının aktiv tərəfdaşı kimi yaxşı tanıyırlar. Biz görürük ki, şəxsən nazir Əli Abbasovun səyləri nəticəsində, Azərbaycan ölkə həyatına informasiya texnologiyalarını yüksək səviyyədə tətbiq edən ölkələr sırasına sürətlə daxil olur.

Minskdə keçirilən biznes-forum zamanı Ə. Abbasovun Belarusun baş naziri Mixail Myasnikoviçlə, Belarusun Rabitə və informasiyalaşdırma naziri Nikolay Panteley ilə görüşləri keçirilib, ikitərəfli qarşılıqlı münasibətlərin perspektivləri müzakirə olunub. Ümumilikdə biz hesab edirik ki, sahə rəhbərləri səviyyəsində əlaqələrə, ilk növbədə əhəmiyyət vermək lazımdır, ikitərəfli səfərlərin sıxlığı isə uğurun mütləq zəmanətidir.

- Azərbaycan telekommunikasiya şirkətləri Belarus İT bazarında təmsil olunublarmı? Belarusun hansı İT şirkətləri bu gün Azərbaycanda işləyirlər?

- Belarusun "Yüksək Texnologiyalar Parkı"nın rezidentləri və Azərbaycanın İT şirkətləri arasında aktiv təcrübə, müxtəlif sahələrdə perspektiv işləmələr, o cümlədən "Elektron hökumət", neft-qaz, bank, sığorta və iqtisadiyyatın digər sahələri üzrə təcrübə mübadiləsi həyata keçirilir. Bir tərəfdən bu əməkdaşlıq informasiya texnologiyaları sahəsində kadr hazırlığına imkan verir, digər tərəfdən isə - "Yüksək Texnologiyalar Parkları"nın fəaliyyəti ölkəyə ən qabaqcıl xarici təcrübəni gətirməyə imkan verir.

Bakıda 2010-cu ildə keçirilmiş birinci Belarus-Azərbaycan biznes forumu zamanı ixtisaslaşdırılmış ali təhsil ocaqları, İT şirkətləri ilə əməkdaşlıq haqda müqavilələr imzalanıb. Misal üçün, Azərbaycanın "Ultra" şirkəti ilə Belarusun "Sistemnıye texnologii" şirkəti arasında İKT və kadrların hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsi haqda razılaşma əldə edilib.

Belarus "Yüksək Texnologiyalar Parkı"nın bir sıra rezidentləri tərəfindən bu gün bir sıra Azərbaycan banklarında elektron bankçılıq sisteminin lokallaşdırılması həyata keçirilir.

Minskdə keçirilmiş ikinci biznes-forumda proqram təminatı tədqiqatçıları olan şirkətləri ("Sinam", "Ultra", "BestComp Group", "Microsoft" və s.) iştirak ediblər və onlar Belarus həmkarları ilə əməkdaşlığın konkret aspektlərini müzakirə ediblər.

Sözsüz ki, bizim şirkətlərin əməkdaşlıq potensialı sonadək açılmayıb. Mən əminəm ki, İT sektorun nümayəndələri arasında tərəfdaş münasibətlər gələcəkdə artan xətt ilə inkişaf edəcəklər.

- Bu gün Azərbaycanla əməkdaşlıqda Belarus hansı sahələrə üstünlük verir?

- Belarus-Azərbaycan ikitərəfli perspektiv əməkdaşlıqdan bəhs edərkən, ilk növbədə sadə mal mübadiləsi çərçivəsindən çıxan layihələrdən danışmaq lazımdır. Bura həm iqtisadiyyatın müxtəlif sahələrində yeni birgə istehsalın yaradılması, birgə innovativ layihələrin həyata keçirilməsi, elm, təhsil, səhiyyə, tikinti sahəsində əməkdaşlığın intensivləşdirilməsi, o cümlədən birgə təhsil ocaqlarının yaradılması, xidmətlərin ixracı və əlbəttə ki, informasiya texnologiyalarının inkişafı daxildir.

Perspektiv layihələrin çeşidi kifayət qədər genişdir. Bizim ölkə Azərbaycan tərəfdaşları ilə bütün qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığa açıqdır.

- Yaxın gələcəyə planlar nədən ibarətdir?

- Belarus və Azərbaycan 2013-cü ilin iyun ayında əlamətdar tarixi qeyd edəcəklər – diplomatik əlaqələrin qurulmasının 20 illiyini. Bu, təkcə keçmiş yolun nəticələrini yekunlaşdırmaq vaxtı deyil, bu, gələcək planların qurulması üçün həm də yeni bir başlanğıcdır.

Bu il Belarus prezidentinin Azərbaycana səfəri gözlənilir. Belarus və Azərbaycan prezidentləri arasında səfər mübadiləsinin üçüncü mərhələsini başa vuran, bu hadisə, sözsüz ki, gələcəkdə ikitərəfli ticarət-iqtisadi və humanitar əməkdaşlığa xidmət edəcək.

Eyni zamanda, səkkizinci iclası bu ilin ikinci yarısında Bakıda keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyanın işi pozitiv dinamika alacaq.

Biz əminik ki, keçirilən birgə işin nəticəsində əlaqələrin intensivliyinin artımı, biznes və humanitar səviyyədə qarşılıqlı münasibətlərin inkişafı, istehsal kooperasiyası sahəsində əməkdaşlığın genişlənməsinin, investisiya layihələrinin sayının artırılması və nəticə olaraq ticarət dövriyyəsinin artımı və bizim xalqlar arasında qardaşlıq bağlarının gücləndirilməsinə gətirib çıxaracaq.

Aynur Vəliyeva



Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024