12px13px15px17px
Tarix:07/05/13

May ayı ərzində 70-dən artıq görmə qabiliyyəti məhdud olan şagirdə mini-kompüterlər təqdim olunacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) həyata keçirdiyi "Heydər Əliyev-90" Tədbirlər Planı çərçivəsində may ayı ərzində 70-dən artıq görmə qabiliyyəti məhdud olan şagirdə mini-kompüterlər təqdim olunacaq.

RİTN-in təşkilatçılığı ilə mayın 6-da keçirilən "Heydər Əliyev-90" yubiley konfransında həmin şagirdlərdən artıq bir qrupuna - 5 saylı xüsusi internet məktəbinin görmə qabiliyyəti zəif olan şagirdlərinə səslə idarə olunan mini-kompüterlər təqdim edilib.

Məlum olduğu kimi, görmə qabiliyyəti zəif olan insanların həyatını asanlaşdırmaq, onların cəmiyyətlə ünsiyyətini qoruyub saxlamaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın "NeyroTex" şirkəti tərəfindən dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüterlər hazırlanıb.

Ötən il Heydər Əliyev Fondu ilə birgə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən 200-dək gözdən əlil şəxsə mini-kompüterlər təqdim edilib. Qeyd edək ki, görmə məhdudiyyəti olanlar üçün mini-kompüter – "Dilmanc D01" adi kompüterin bütün imkanlarına malikdir.

"Windows" əməliyyat sistemini və müxtəlif proqramları dəstəkləyir. Kompüterin fərqli cəhəti onun monitorunun və klaviaturasının olmamasıdır. Kompüter daxilindəki proqram kompüterdə baş verənləri istifadəçiyə səslə oxuyur.

Bu qurğu həmçinin nitqin tanınması proqramı ilə təchiz olunub və istifadəçinin şifahi əmrlərini başa düşərək yerinə yetirir. Mini-kompüter səsli əmrlər vasitəsilə onlayn rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1051

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024