12px13px15px17px
Tarix:08/05/13

Nazirlik kommersiya təşkilatlarını maliyyə hesabatlarını internetdə dərc etməyə çağırdı

Maliyyə Nazirliyi birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarına müraciət edib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, müraciətdə bildirilir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın 5.1-ci bəndinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından bir sıra addımların atılması tələb olunur.

Bu tələblərə aşağıdakılar daxildir: - qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc olunması;

- qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması.

Həmin Qaydaların 3.1-ci bəndinə uyğun olaraq kommersiya təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Bu Qaydaların 5.2-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim olunmuş məlumata əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etdirməli olan kommersiya təşkilatlarının siyahısı müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması ilə bağlı hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə müddəa təsbit olunub.

«Göstərilən qanunvericilik aktlarının tələblərini nəzərə alaraq, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə 2012-ci il üzrə illik maliyyə hesabatlarınızı təşkilatınızın internet səhifəsində, habelə mətbu orqanda dərc etdirməyinizi və bu barədə Maliyyə Nazirliyinə məlumat verməyinizi xahiş edirik».

SEYMUR



Baxış sayı: 1193

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024