12px13px15px17px
Tarix:10/05/13

Heydər Əliyev ideayaları və ölməzlik

"...Rabitə sahəsində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm də ki insanların işləməsi, çalışması üçün böyük şərtdir, eyni zamanda ictimai-siyasi xarakter daşıyır. Biz bunlara çox diqqət, fikir veririk..."

Heydər ƏLİYEV

"...İnformasiya-kommunikasiya sektorunda uğurlarımız göz qabağındadır. Qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün MDB məkanında Azərbaycan İKT ilə bağlı ön sıralardadır. Gələcəkdə İKT sektorunda yanaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir...".

İlham ƏLİYEV

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş ümummilli liderin 2001-ci ilin noyabr ayında keçirilən Dünya azərbaycanlılarının I qurultayında söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı onun bütün ömrünü Azərbaycan xalqının inkişafına sərf etdiyinə və çağdaş Azərbaycan tarixinin ən görkəmli və uzaqgörən şəxsiyyəti olduğuna bariz nümunədir.

Respublikanın dinamik inkişafı üçün kompleks proqramların hazırlanıb həyata keçirilməsində yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə - 1970-80-ci illərə düşür. Həmin illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuş, ölkəmizin iqtisadiyyatı, sənaye və energetikası, kənd təsərrüfatı, elmi, mədəniyyəti və incəsənəti böyük yüksəliş dövrü yaşamışdır.

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişaf strategiyası da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hələ respublikamız Sovet İttifaqının tərkibində olanda ölkəmizin sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev bu məsələyə xüsusi diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoymuşdur.

Ulu öndər Heydər Əliyevin səyi nəticəsində 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirilmiş, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmişdir.

Dinamik inkişaf edən bu sahəni yüksəkixtisaslı kadrlarla təmin etmək üçün hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə ənənə halını almışdı.

İndiki Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına xidmət edən maddi-texniki bazalar yaradılmışdır.

Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya Telekommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və s. kimi mühüm elmi tədqiqat müəssisələri yaradılmış, "AZON", "NORD" elm istehsalat birlikləri, radio, elektron hesablama maşınları zavodları, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verilmişdir. Təqdirəlayiq haldır ki, ümumən 30-dan artıq belə müəssisə təkcə Bakıda deyil, Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, Tərtər rayonunda və Şirvanda da fəaliyyətə başlamışdır.

Ulu öndər Heydər Əliyevin köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını – "BESM-6" gətirilmiş və bu hadisə idarəetmədə ilk tətbiqlərdən olan respublika avtomatlaşdırılmış idarəetmə sistemi -"RASU Azərbaycan"ı yaratmağa və respublika iqtisadiyyatı üçün ciddi hesablamalar tələb edən müxtəlif məsələlərin avtomatlaşdırılmış həllinə imkan vermişdir. Daha sonra respublika kompüter şəbəkəsi, akademşəbəkə, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri yaradılmışdır.

Beləliklə, respublikada yeni və son dərəcə perspektivli bir sənaye sahəsi təşkil olunmuş və onun elmi potensialı formalaşdırılmışdır. Elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini sınaqdan keçirmək üçün elmi-tədqiqat institutları nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başlamışdır.

Əbədi lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkəmiz daha böyük inkişaf yolu keçərək Avropaya inteqrasiya yoluna qədəm qoymuşdur. 1993-2003-cü illərdə Heydər Əliyevin səyi sayəsində xalqımız vətəndaş qarşıdurmasından, məhv olmaq təhlükəsindən xilas olmuş, gənc Azərbaycan dövləti bütün dünyada tanınmış, ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, xalqımızın həyat şəraiti, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsini imzalayan Heydər Əliyev müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoymuşdur. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, "Böyük İpək yolu"nun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir.

Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın bütün sahələrində olduğu kimi, müasir rabitə sisteminin qurulmasında və inkişafında da, sözün həqiqi mənasında, inqilab baş vermişdir. Onun əvəzsiz xidmətləri, birbaşa köməyi və qayğısı sayəsində ölkəmiz müasir dünya rabitə sistemində layiqli yer tutmuşdur.

Müstəqilliyin bərpasının ilk illərində ölkəmizin düçar olduğu gərgin vəziyyətdə belə ümummilli lider Heydər Əliyev informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə inkişafa nail olmaq üçün daim səy göstərirdi. 1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk rabitə sisteminin açılışını etmişdir. Onun qayğısı sayəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar da məhz telekommunikasiya sahəsinə qoyulmuşdur.

1994-cü ildə "Bakcell" və 1996-cı ildə "Azercell" birgə müəssisələri yaradılmış və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyulmuşdur. 1996-cı ildən başlayaraq "AzEvroTel" və "UlTel" birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlamışdır. Hazırda informasiya texnologiyaları sənayesində aparıcı mövqelərə malik olan "AZEL", "Azerin", "Sinam", "R.İ.S.K.", "Ultra", "BestComp" və s. özəl şirkətlərin yaradılması da həmin dövrlərə təsadüf edir.

Azərbaycanda internetin tətbiqinin təşəkkül tapması da ulu öndərin bu sahəyə müstəsna əhəmiyyət verməsinin nəticəsidir. 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) internetin ilk qovşağı yaradılmış və "Türksat" süni peyki vasitəsilə Türkiyənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzi ilə əlaqə kanalı qurularaq Azərbaycanın internetə çıxışı təmin olunmuşdur. 1993-cü ilin avqustunda ".az" domeni rəsmi olaraq Azərbaycanın yüksək domen adı kimi "ICANN"-da (İnternetdə domen adların və ünvanların verilməsi üzrə təşkilat) qeydiyyata alınmış, 1995-ci ildə isə Azərbaycanda ilk veb-sayt - AEA-nın "www.ab.az" saytı yaradılmışdır.

1995-ci ildə Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı olmuşdur. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verilmiş, ilk elektron ATS-lər qurulmuşdur. Bu fəaliyyətin nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv qəbul edilmişdir.

Azərbaycanda radio-televiziya yayımının dünya standartları səviyyəsinə yüksəlməsi və bu sahədəki uğurlar da məhz ümummilli lider Heydər Əliyevin xidmətləridir. Müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqramlarını seyr edə bilməsini təmin etmək məqsədilə 1996-cı ildə "AzTV 1" milli televiziya proqramı "Türksat" süni peyki vasitəsilə yayımlanmağa başlamışdır. Əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan teleqüllənin tikilib başa çatdırılması da məhz onun səyləri nəticəsində reallaşmış və 1996-cı ildə teleqüllə istifadəyə verilmişdir. Azərbaycanda dünya standartları səviyyəsində teleradio yayımını təmin etmək üçün müvafiq qanunvericilik bazası yaradılmış və mühüm qərarlar qəbul edilmişdir.

Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" Azərbaycanda bu istiqamətdə dövlətin siyasəti, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olmuşdur. Bununla ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında, Cənubi Qafqazda isə birinci olmuşdur. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etmişdir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi yüksəlişində yeni dövrün başlanğıcı olmuşdur. Bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasındadır. Ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təmin edilməsi, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyaların dəfələrlə artırılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu Azərbaycanın inkişaf konsepsiyasının həyata keçirilməsinin parlaq təzahürləridir. Bir tərəfdən düşünülmüş siyasət və uğurlu sosial-iqtisadi strategiya, digər tərəfdən isə xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırmışdır.

Azərbaycanda gələcəyə istiqamətlənmiş, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə və zəngin təbii sərvətlərin insan kapitalına çevrilməsinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, qloballaşan dünyada sosial-iqtisadi inkişafın lokomotivi sayılan informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələdir. Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərinin şaxələndirmə və modernləşmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması və ölkəmizin dayanıqlı inkişafının təminatı ilə bağlı olduğunu vurğulayan Prezident İlham Əliyev demişdir: "...İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir..." Cənab Prezident 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən və bəşəriyyətin gələcək inkişafı baxımından mühüm hadisə olan İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu dünyaya bəyan etmiş və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə start vermişdir.

İKT üzrə güclü qanunvericilik bazasının formalaşdırılması və sahənin davamlı inkişafını təmin etmək məqsədilə qısa müddət ərzində "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "İnformasiya əldə etmək haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" və s. Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmışdır.

Azərbaycanın İKT sahəsində həm ikitərəfli, həm də regional və beynəlxalq əməkdaşlıqda rolu davamlı olaraq artır, ölkənin İKT sektoruna xarici investorların marağı çoxalır. Tanınmış beynəlxalq təşkilatlarla, şirkətlərlə birgə fəaliyyətimiz genişlənir. Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, UNESCO və digər nüfuzlu beynəlxalq təsisatlarla qurulmuş əməkdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələr ölkəmizin İKT üzrə beynəlxalq əməkdaşlıqda mövqelərini gücləndirir.

Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişdir. Ölkədə özəl İKT sektorunun inkişafının dəstəklənməsi istiqamətində aparılan siyasət sayəsində bu sektora yeni sabit və mobil şəbəkə operatorları, İKT məhsulları istehsalçıları və yayım şirkətləri daxil olmuş, inkişaf üçün sağlam rəqabət mühiti yaradılmışdır. Ölkəmiz telekommunikasiya və informasiya texnologiyaları sahəsində təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan mötəbər tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi, Azərbaycan hökumətinin, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi və digər mötəbər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən və Xəzəryanı və Qafqaz regionlarında ən iri İKT sərgilərindən biri olan "BakuTel" deyilənlərə əyani misaldır.

Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət ölkənin beynəlxalq və regional inteqrasiya layihələrində iştirakı üçün zəruri potensial formalaşdırmışdır.

Ölkəmizin "Trans-Avrasiya Super İnformasiya Magistralı" və "Avropa-Yaxın Şərq İnformasiya Magistralı"nn yaradılması kimi siyasi, iqtisadi və texniki baxımdan qlobal layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bu potensialın parlaq nümunəsidir. Bu layihələrin reallaşdırılmasına beynəlxalq dəstək əldə olunmuşdur və hazırda onların həyata keçirilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür.

Qeyd olunduğu kimi, region və digər xarici bazarlara çıxışın təmin edilməsi istiqamətində artıq bir neçə layihə həyata keçirilməkdədir. Kosmik sənayenin inkişafı üzrə nəzərdə tutulmuş ilk telekommunikasiya peyki bu ilin fevral ayında uğurla orbitə göndərildi, 2 aprel 2013-ci il tarixindən etibarən "Azerspace-1" telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən tamamilə "Azərkosmos" ASC-yə təhvil verilib. 2014-cü ildə yer səthinin müşahidə peykinin, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. Peyklərin idarə olunması mərkəzi bu ilin sonunda istifadəyə veriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramının nəticəsidir ki, bu gün Avropa Birliyi ölkələrində vətəndaşlara və biznes sektoruna göstərilən elektron xidmət növlərinin böyük əksəriyyəti, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların, dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların elektron şəkildə təqdim olunması, fərdi sahibkarların qeydiyyatı, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək, ünvanlı sosial yardım almaq üçün elektron ərizələrin qəbulu və s. uğurla tətbiq edilir. Qeyd etdiyim kimi, ölkəmizdə İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın davamlı yüksəlişində və ümumilikdə cəmiyyətin həyatında aparıcı sahəyə çevrilmişdir.

Bütün bunların nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və artıq bu sahədə müxtəlif istiqamətləri əhatə edən xüsusi tədbirlər planının icrasının həyata keçirilməsinə başlanılmışdır.

Qeyd etdiyim kimi, "İKT ili" ölkədə İnformasiya Texnologiyaları Universitetinin və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətə başlaması ilə də əlamətdar olacaqdır. 2013-2014-cü tədris ilindən etibarən İnformasiya Texnologiyaları Universitetində təhsil prosesinə başlanılacaq və bu universitetin fəaliyyət göstərməsi ölkədə, həmçinin regionda İKT üzrə yüksəkixtisaslı mütəxəssislərə olan ehtiyacın ödənilməsini təmin edəcək, ölkəmizin elm və təhsil potensialını zənginləşdirəcəkdir.

Qeyd edilənlərlə yanaşı, "İKT ili"ndə Azərbaycan Respublikasının təşəbbüskarı olduğu, BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmiş və region ölkələri arasında sosial-iqtisadi və texnoloji inteqrasiyaya yönəlmiş "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) və "Avropa-Yaxın Şərq İnformasiya Magistralı" (EPEG) layihələrinin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq.

Bütün bunlarla yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevim 90 illik yubileyi münasibəti ilə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müvafiq Tədbirlər Planının icrasını təmin edir. Belə ki, aprel ayı və may ayının ilk on günlüyü ərzində nazirliyin birlik və müəssisələri tərəfindən yeni rabitə obyektləri əhalinin istifadəsinə verilib, radio televiziya yayım keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni avdanlıqlar quraşdırılıb, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən təsvirlərin yer aldığı poçt markaları buraxılıb, mobil elektron imza sertifikatlaşdırma mərkəzi, mobil cihaz qeydiyyatı, sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sistemləri yaradılıb, "E-hökumət" portalı yeni platformada, yeni dizaynla istifadəyə verilib , respublikanın bütün ərazisində internet vasitəsilə rabitə və kommunal xidmət haqlarının ödənilməsinin təmin edilib.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT sahəsinə verdikləri önəm və diqqət İKT-nin cəmiyyətin bütün sahələrində tətbiqinə yönəlmiş məqsədyönlü, müdrik və uzaqgörən siyasətləri ölkədə böyük İKT potensialı yaratmışdır. İndi bizim vəzifə borcumuz bu potensialı möhkəmləndirmək və onu dünyada gedən ən qabaqcıl təcrübəni nəzərə almaqla yeni istiqamətlərin inkişafına yönəltməkdir.

Əli ABBASOV,

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri




Baxış sayı: 1596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024